Vüsal Quliyev

Siyasi Elmlər üzrə Doktorant

QARABAĞDA RƏQƏMSALLAŞMA PROSESI

17.10.2022 / Rəqəmsal Transformasiya. Dövlət Planı


Foto trend.az saytına götürülüb



Hazırda Qarabağın müxtəlif kəndlərində texnoloji həllərin tətbiqində Almaniya, Britaniya, Yaponiya, İtaliya, İsrail, Türkiyə və Çin kimi dövlətlərin transmilli korporasiyaları iştirak edir. Bu xarici şirkətlərin xidmət və məhsullarından istifadədə məqsəd, quruculuq işlərinin intensivləşdirilməsidir. Rəqəmsal hökumət, cəmiyyət və iqtisadiyyat quruculuğu, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması indi Azərbaycan üçün də əsas inkişaf istiqamətlərindən biri hesab olunur. Ölkədə bir çox sahənin elektronlaşdırılması və cəmiyyətin müxtəlif sferaların adaptasiya edilməsi yönündə iş gedir və texnoloji yeniliklərin inteqrasiya edildiyi yerlərdən biri də işğaldan azad edilmiş torpaqlardır. Yaşayış binalarının, sosial obyektlərin, sənaye müəssisələrinin, inzibati/ictimai iaşə binalarının və iş yerlərinin tikintisinə paralel olaraq, Qarabağın müxtəlif bölgələrinə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları da tətbiq edilməkdədir. “Böyük qayıdış” dövlət siyasəti çərçivəsində həyata keçirilən bu işlər qurulacaq infrastrukturanın rəqəmsallaşdırılması, təhlükəsiz yaşayış mühitinin yaradılması, təşkilati strukturların fəaliyyətinin optimallaşdırılması və idarəetmə mexanizmlərinin mərkəzləşdirilməsi məqsədi daşıyır.

Qarabağdakı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi 2021-ci ilin aprel ayında verilmiş prezident sərəncamına əsasən həyata keçirilir. Zəngilanın Ağalı kəndindən sonra Füzuli rayonunun Dövlətyarlı kəndində də “ağıllı kənd” konsepsiyanın icrası davam edir. Layihənin birinci mərhələsi üçün dağıdılmış ərazilərdə təhlükəsiz yaşayış mühitinin formalaşması əsas hədəflərdən biridir və ən əsası, qabaqcıl texnologiyaların effektiv tətbiqi yoluyla “ağıllı təhsil”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” kimi insan yaşayışı üçün zəruri olan sistemlərin qurulmasına diqqət yetirilir. Dövlət xidmətlərinin elektronlaşdırılaraq sadələşdirilməsi və əhalinin rəqəmsal bacarıqlarının artırılması da diqqət mərkəzindədir.

Texniki cəhətlər

“Ağıllı” yaşayış massivlərinin salınması zamanı süni intellekt, robotexnika, dronlar, yüksək sürətli və geniş bantlı internet bağlantısı, virtualizasiya, yüksək ötürücülüyə malik smart antenlər, müxtəliftəyinatlı paylayıcı qurğular və siqnal ötürücü sensorlar, video müşahidə və kamera nəzarət sistemləri, bulud (cloud) texnologiyası, rəqəmsal məlumatların toplanması və iritutumlu verilənlərin emal edilməsi (Big Data) və s. kimi mürəkkəb texnoloji qurğuların və alqoritmlərin imkanları analitik təhlillərin əsasında, kompleks şəkildə istifadə edilir, multifunksional ekosistem qurulur. Koordinasiyalı şəkildə idarə edilən vahid sistem hesabına nəqliyyat sisteminin optimal idarə edilməsi, sosial xidmətlərin daha əlçatan hala gəlməsi, təkmilləşdirilmiş meliorasiya və irriqasiya sistemlərinin qurulması və aqrar sahədə məhsuldarlığın artırılması, ictimai təhlükəsizliyin etibarlı şəkildə təşkil edilməsi, enerji mənbələrinin şaxələndirilməsi, keyfiyyətli distant təhsilin əlçatan edilməsi, sərhəd mühafizə xidmətinin gücləndirilməsi, xidmət sektorunda iş proseslərinin avtomatlaşdırılması, bərpa olunan enerjinin geniş istifadəsi, mənzil-kommunal xidmətlərinin mərkəzləşdirilməsi və mənzil təsərrüfatının istismarı sahəsində səmərəliliyin artırılması, strukturlararası davamlı əlaqənin təmin edilməsi, təbii resurslardan səmərəli istifadə edilməsi, emal və istehsal proseslərinin optimallaşdırılması, elektrik, istilik və suya qənaət edilməsi, istehsalat və məişət tullantılarının idarə edilməsinin sistemləşdirilməsi, o cümlədən ekologiya və ətraf mühitin effektiv mühafizəsi dayanıqlı və davamlı şəkildə mümkün olmalıdır.

Mürəkkəb Alqoritmlər

Yuxarıda sadalanan xidmətlərin təşkilinə, qısaca olaraq “OIC” (Intelligent Operation Center) adlandırılan və bir növ süni beyin funksiyasını yerinə yetirən mərkəzi idarəetmə sistemi nəzarət edir. Ümumilikdə 4 tənzimləmə mərkəzindən ibarət olan “IOC” mürəkkəb əməliyyatların stabil qaydada yerinə yetirilməsindən tutmuş, risklərin müəyyən edilməsi və potensial təhlükələrin aşkar edilməsi, monitorinqlər və analitik təhlillərin aparılması və real vəziyyətə uyğun proqnozların hazırlanması, dövlət agentlikləri və qurumlararası rabitənin tənzimlənməsi, proseslərin müntəzəm olaraq analiz edilməsi və məlumatların email edilməsi, statistik dataların toplanması və lazımı instansiyalara ötürülməsinə qədər bir çox nəzarət mexanizmlərini və məhdudlaşdırıcı-nizamlayıcı funksiyaları özündə birləşdirir. Fərdi “ağıllı” yaşayış evlərinin texniki parametrlərinə gəldikdə, tamamilə elektronlaşmış yaşayış evində/mənzildə gündəlik işlərin bir-biri ilə yüksək sürətli simsiz şəbəkə və sensorlarla əlaqələndirilmiş cihazlar vasitəsi ilə idarə edilməsi nəzərdə tutulur.

Azərbaycanda ilk dəfə Qarabağda tətbiq edilən “Qiqabit AirPON”

İlk dəfə Qarabağda tətbiq edilən və mürəkkkəb relyef quruluşları üçün sürətli internet xidmətinin əlçatımlılığını asanlaşdıran yeni nəsil “Qiqabit AirPON” şəbəkə texnologiyası da fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilir. Vaxta, xərcə, məsafəyə və materiala qənaət etməsi kimi üstünlükləri özündə ehtiva edən bu sistem dəqiq planlama əsasında Qarabağın dağlıq və dağətəyi zonalarının qısa zaman kəsiyində əhatəli şəkildə şəbəkələşdirilməsini sürətləndirməlidir. Onlayn tədrisə keçidin sürətləndiyi bir vaxtda bu yeniliyin Qarabağda istifadəsi distant təhsilin təşkilində xüsusi rol oynaya bilər.

5G müəmması—bu işi kim görəcək?

Azərbaycan İnnovasiyalar Agentliyinin əlaqələndiricisi Elman Kərimlinin yerli mətbuata verdiyi açıqlamalara əsasən, 5G yeni nəsil naqilsiz şəbəkə texnologiyasının geniş şəkildə tətbiq ediləcəyi yerlərdən biri də yeni salınmış “ağıllı” yaşayış massivləri olacaq. Əslində “ağıllı” yaşayış sahələrinin səmərəli şəkildə fəaliyyət göstərə bilmələri üçün 5G simsiz şəbəkəsinin tətbiqi mütləqdir. Lakin bu kimi yüksək kalibrli texnologiyanın geniş bir ərazini əhatə edəcək şəkildə tətbiqi olduqca böyük büdcə və ciddi texniki hazırlıq tələb edir. Hazırda dünyada bunun öhdəsindən gələ biləcək az ölkə mövcuddur. Digər məqam isə bu işi Azərbaycan hüdudlarında həyata keçirəcək xarici telekommunikasiya korporasiyası ilə bağlı məlumatın olmamasıdır. Ancaq Azərbaycananın İKT industriyasında fəaliyyət göstərən beynəlxalq şirkətlərə nəzər saldıqda, 5G əməkdaşlığının gələcəyi haqqında proqnoz vermək mümkündür. Məlum olduğu kimi, Qarabağda “ağıllı” şəhərləşmə və kəndləşmə prosesində iştirak edən əsas xarici texnologiya şirkətlərindən biri də Çin mənşəli transmilli telekommunikasiya şirkəti olan “Huawei”dir. Qarabağda həyata keçirilən irimiqyaslı restavrasiya prosesində şirkətin icra etdiyi layihələrin strateji əhəmiyyəti olduqca böyükdür və 5G texnologiyasını da burada tətbiq edə biləcək ən güclü namizədlərdən biridir. Bundan başqa, Azərbaycan İKT sektorunun əsas şəbəkə operatorları olan Azercell, Bakcell və Azerfon “Huawei” ilə uzun illərdən bəri əməkdaşlıq edirlər. Bu əməkdaşlıqların miqyası 3G/4G mobil rabitə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan baza stansiyalarının inşasından tutmuş, optik cihazların və şəbəkə kommutatorlarının quraşdırılması, transmissiya şəbəkələrinin modernizasiyası, simsiz və genişzolaqlı optik ötürmə şəbəkələri üçün kompleks həllərin və IP xidmətlərinin təklifinə qədər bir çox texniki sahəni əhatə edir. Ümumiyyətlə, “Huawei” Azərbaycanda genişzolaqlı rabitə infrastrukturunun qurulması ilə yanaşı sosial-iqtisadi və elmi-texniki sferalarda da öz fəaliyyətini genişləndirməyə davam edir. Bu fəaliyyətlər rəsmi dövlət qurumlarının elektronlaşdırılmasından tutmuş, yerli mütəxəssislərin hazırlanması, regionlarda rəqəmsal insfrastrukturanın qurulması, ali təhsil müəssisələrinin əməkdaşlığa cəlbi və s. kimi müxtəlif sahələri əhatə edir. Ölkədə 5G sənayesinin inkişafıyla bağlı ilk anlaşma memorandumu, hələ ki, “Azercell” və “Ericsson” şirkətləri arasında imzalanıb. İsveç şirkətiylə əldə olunmuş tərəfdaşlıq nəticəsində ilk dəfə olaraq, 2019-cu ilin dekabr ayında sınaq məqsədiylə Bakı şəhərində 5G şəbəkəsi istifadəyə verilib (kiçik ərazini əhatə edir). Yerli şəbəkə operatorları 5G infrastrukturasının quruculuğuna dair “Huawei” ilə rəsmi olaraq hər hansı saziş imzalamasa da, yaxın gələcəkdə bu sahədə də əməkdaşlıqların qurulması istisna edilmir.

Niyə “Huawei”?

Qlobal arenada telekommunikasiya sahəsində əsas rəqibləri ilə (“Ericsson” və “Nokia”) müqayisədə daha sürətli və ucuz məhsul təklif edən “Huawei” həm də bir çox sektorda innovativ həlləri rəqibləri ilə müqayisədə daha tez və sadə şərtlər altında tətbiq etməklə irəli çıxıb. Üstəlik, bu Çin əsilli şirkətlə müqavilə bağlayan inkişaf etməkdə olan ölkələr infrastruktur quruculuğu üçün Çinin dövlət banklarından sərfəli şərtlərlə kredit ala bilirlər ki, bu da “Huawei” ilə işləməyin cəlb ediciliyini artıran amillərdəndir.

Cənubi Qafqazın dünya geosiyasətindəki strateji mövqeyini nəzərə alaraq, Qərb ölkələrində casusluq və texnologiya oğurluğu ittihamları ilə sıxışdırılan “Huawei” şirkətinə aid 5G texnologiyasının ölkəmizdə tətbiq edilməsi milli təhlükəsizlik məsələlərini və geostrateji ziddiyətləri tədricən özüylə gətirə bilər. ABŞ-Çin arasında davam edən dominantlıq mübarizəsi konteksində “Huawei” şirkətinin regionda fəaliyyətini genişləndirməsiylə Çin mənşəli rəqəmsal infrastrukturanın qurulması yəqin ki, hələ uzun müddət müzakirə predmeti olacaq.

Genişmiqyaslı Adaptasiya

Azad edilmiş ərazilərdə insanyönlü müasir texnoloji xidmətlərin təşkilində əsas məqsəd yüksək standartlı həyat səviyyəsini təmin etməklə, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına nail olmaq və yeni köç dalğasıyla əhalinin sayını artırmaq, eyni zamanda regionda investisiya mühitini formalaşdırmaq və bölgəni ölkənin və hətta bütün Cənubi Qafqazın innovasiya və texnologiya mərkəzinə çevirməklə onun beynəlxalq müstəvidə iqtisadi-strateji çəkisini artırmaqdır. Lakin Qarabağ kimi böyük bir ərazidə genişmiqyaslı texnoloji həllərin tətbiqi və istismarı mürəkkəb prosesdir. Bölgənin inkişafı üçün zəruri hesab edilən texnoloji həllərin adaptiv tətbiqi ciddi planlama, böyük həcmdə kapital cəlbi və olduqca uzun müddət tələb edir. Bütün bu şərtlər yerinə yetirildikdən sonra qeyd edilən texnologiyaların insanların həyatının müxtəlif sahələrində praktiki olaraq effektiv şəkildə tətbiqinin mümkün olub-olmayacağını görəcəyik.

İqtisadi nöqteyi-nəzərdən yüksək kalibrli texnologiyaların geniş miqyasda və səmərəli istifadəsi ölkə iqtisadiyyatına müsbət təsirlərini göstərə bilər. Rəqəmsallaşma sahəsində nailiyyətlərin əldə olunması qurulacaq yerli emalat sənayesinin və aqrar sektorun inkişafına - istehsalın səmərəliliyinin artmasına, emal xərclərinin azalmasına, məhsulların keyfiyyətinin yüksəlməsinə, xidmətlərin qiymətinin aşağı salınmasına və ən əsası istehsalın miqyasının genişlənməsinə xidmət edə bilər. Digər tərəfdən, xarici texnologiyadan asılı dövlətlərdə, rəqəmsallaşma anlayışının ancaq xaricdə yaranan innovasiyaların tətbiqi ilə məhdudlaşdığı cəmiyyətlərdə, o cümlədən yerli startapların və gərəkli insan resurslarının inkişafı qaneedici səviyyədə olmayan ölkələrdə rəqəmsal transformasiyanın davamlılığını və kibertəhlükəsizliyin dayanıqlılığını təmin etmək mümkün olmaya bilər. Odur ki, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi ilə yanaşı, innovasiya yönlü və elmtutumlu milli texnologiya sənayesinin inkişafını və yüksəkixtisaslı kadr potensialının artırılmasını diqqətdə saxlayaraq, peşəkar planlama əsasında praktikliyi yüksək və rəqabətə davamlı layihələrin sayını artırmaq lazımdır.