Rashad Hasanov

Economic Expert

HƏMKARLAR ITTIFAQLARI MILYONLAR TOPLAYIR, AMMA IŞ GÖRMÜR

16.01.2023 / Azərbaycanda minimum əməkhaqqı aylıq xərclərdən 16% azdır

Sürətli bahalaşma ilə xarakterizə olunan ötən il və prosesin 2023-cü ildə də davam edəcəyi ehtimalının yüksək olduğu bu günlərdə hökumətləri ən çox məşğul edən məsələlərdən biri əhalinin yoxsullaşması üçün yaranan təzyiqləri zəiflətməkdi. Belə cəhdlər özünü daha çox növbəti ilin büdcə planlamasında, sosial siyasətin müxtəlif parametrlərinin yenidən dizayn edilməsində göstərdi. Məsələn, Türkiyədə hökumət bu günlərdə işçi sindikatları, biznes birlikləri ilə gərgin müzakirələrdən sonra minimum əməkhaqqının nominal məbləğini 54.5% artırdı. Bu sahədə ən liberal modellərdən hesab edilən və müvafiq məsələlərin bazarda həllinə üstünlük verməsi ilə tanınan ABŞ-da belə, bir neçə ştatda minimum əməkhaqqını qaldırdılar. Siyahını uzatmaq olar, lakin bu yazının məqsədi Sizləri rəqəmlərlə yormaq yox, qeyd edilən sahə üzrə mövcud institusional çatışmazlıqların hər birimizin həyatına necə təsir göstəridiyini göstərmək, həmçinin minimum əmək haqqına münasibətdə yeni yanaşmaların vacibliyini gündəmə gətirməkdir.

Çünki, bir neçə gün əvvəl hökumət minimum əmək haqqının 15% artırılması ilə əlaqədar qərar qəbul etsə də, ənənəyə uyğun olaraq yenə də işçi birliklərinin bu prosesdə heç bir iştirakçılığı müşahidə olunmadı. Hansı ki, ötən iki ay ərəzində ölkənin əsas maliyyə planlama sənədi olan büdcənin müzakirəsi dövründə minimum əməkhaqqı məsələsini gündəmə gətirən olmamışdı.

Nəticədə isə bu proses Şəkil 1-dən də göründüyü kimi adətən istehlak bazarında baş verən dəyişiklərdən çox hökumətin intuisiyasına bağlı olaraq baş verir. Ümumilikdə isə, təcrübə təhlilləri göstərir ki, hökumətlər bu məsələdən yan keçməyə çalışanda da işçi birlikləri problemi müzakirə masasında saxlayır, istədiklərinə nail olmaq üçün əllərindən gələni edirlər. Azərbaycanda isə 16 mindən çox həmkarlar təşkilatının daxil olduğu Həmkarlar İttifaqları Konfederasiyası var.

Həmkarlar İttifaqları nə işlə məşğuldur?

İqtisadçılar kollektiv sövdələşməni—çalışanların danışıqlar gücünün olmasını sosial təminatın yüksəlməsi baxımından vacib məqam hesab edirlər. Başqa sözlə, işçi birliklərinin (həmkarlar ittifaqlarının) güclü olduğu, proseslərdə iştirakçılığının hüquqi əsaslarının təsbit edildiyi ölkələrdə onlar öz üzvlərinin hüquqlarını, o cümlədən iş qarşılığı muzdlu ödənişlərinin minimum səviyyəsini daha yaxşı müdafiə edirlər.

Qeyd edək ki, sivil icmalarda kollektiv sövdələşmə platformalarının inkişafı yalnız işçilərin deyil, həm də hökumətin əsas gündəm mövzularındandır və sosial siyasətin bir aləti olaraq gözdən keçirilir. Misal üçün, 2022-ci ilin sentyabrında Avropa Parlementi ittifaqın bütün çalışanları üçün adekvat minimum əməkhaqqının təmin edilməsi ilə əlaqədar yeni qaydalar müəyyən edərkən iki əsas məqamı önə çıxarmışdı. Birinicisi, minimum əməkhaqqı layiqli yaşamı təmin edəcək səviyyəyə uyğunlaşdırılmalıdır və hökumətlər minumum əməkhaqqının müəyyən edilməsi hüququnu özlərində saxlasalar belə, bu məbləğin layiqli həyat sürmək üçün adekvat olduğunu sübut etməlidirlər. İkincisi (və ən vacibi), üzv ölkələr kollektiv sövdələşmələri təşviq etməlidirlər.

Əməkhaqqının minimum səviyyəsinin bazar qiymətlərinə qeyri-adekvatlığı bir milyona yaxın vətəndaşın yoxsullaşması deməkdir

2023-cü ilin yanvarından etibarən Azərbaycanda minimum əməkhaqqı 345 manat olsa da, qeyri-dövlət və qeyri-neft sektorunda xalis minimum əməkhaqqı (DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbati tibbi sığorta haqqı çıxıldıqdan sonra) 315.9 manat, dövlət və neft sektorunda isə daha aşağı—305.7 manatdır.

Dövlət Statistika Komitəsinin ev təsərüfatları arasında sorğularının nəticələrindən məlum olur ki, 2021-ci ildə ölkə vətəndaşlarının orta aylıq xərcləri 309 manat olub. 2022-ci il ərzində qeydə alınan bahalaşmanı nəzərə alsaq, indi vətəndaşın orta aylıq xərci 370 manata yaxındır. Belə çıxır ki, Azrbaycanda orta xərclər minimum əməkhaqqından təxminən 16% çoxdur.

2019-cu ildə səsləndirilən rəsmi bəyanatlardan məlum olur ki, həmin dövrdə 950 min nəfər (600 min nəfər dövlət sektoru, 350 min nəfər özəl sektor), yəni muzdla çalışanların təxminən 60%-i minimum əməkhaqqı səviyyəsində maaş alıb. Ötən müddət ərzində bu sahədə ciddi dəyişiklər ehtimalının aşağı olduğunu nəzərə alsaq, iddia edə bilərik, hazırki minimum əməkhaqqı məbləği hər beş nəfər məşğul şəxsdən birinin, hər beş nəfər muzdla çalışandan isə üçünün gəlir səviyyəsini müəyyənləşdirməkdən ötrü mühüm indikatordur. Yəni, bu gün minimum əməkhaqqının təbii səviyyəsindən (real xərclərdən) az olması əslində bir milyona yaxın insanın yoxsullaşmasına zəmin yaradır. Həmkarlar ittifaqları isə susur.

QEYD: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində 16 min 135 təşkilat (həmkarlar ittifaqı) var. Konfederasiyasının rəsmi səhifəsində qurumun 1 milyon 122 min üzvünün olduğu qeyd edilib.

Şəkil 1-dən göründüyü kimi, gücsüz korporativ sövdələşmə institutunun fəaliyyətsizliyi minimum əməkhaqqının səviyyəsinin müəyyənləşdirilməsində sosial və iqtisadi əsaslandırma məntiqinin itməsi ilə nəticələnib.


İnflyasiya ilə minimum əməkhaqqının artım dinamikasının müqayisəli təsviri
Infogram

Statistik müqayisə göstərir ki, qiymət səviyyəsinin yüksəlişinə baxmayaraq, minimum əməkhaqqı bəzən heç artırılmayıb, bəzənsə artım qərarları arasında uzun fasilələr (2013-2016-cı illər) olub.

Azərbaycanda işçilərin sövdələşmə-bazarlıq gücünün mövcud vəziyyəti

Minimum əməkhaqqı bütün maraq qruplarının, o cümlədən işçilərin (həmkarlar ittifaqları), işə götürənlərin (dövlət və özəl sektor daxil), dövlətin (sosial siyasətə cavabdeh tərəf olaraq) müzakirəsi ilə müəyyənləşdirilməlidir. Azərbaycan təcrübəsində bənzər məsələlər hüquqi baxımdan təsbit edilib. Məsələn, “Həmkarlar ittifaqları haqqında” qanunun 15-ci maddəsi həmkarlar ittifaqlarına aşağıdakı hüquqları verir:

- birliklər səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq, kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramlar hazırlama hüququ,

- qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq, əməkhaqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak hüququ.

Göründüyü kimi, ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqları qanunvericiliyin onlara verdiyi imkanlardan yola çıxaraq, əməkhaqlarının, o cümlədən minimum əməkhaqqının vaxtında və günün tələblərinə uyğun artırılması məsələsini gündəmə gətirməlidirlər. Lakin Azərbaycanda nə həmkarlar ittifaqları bu prosesdə aktiv iştiraka meyillidir, nə də mövcud qanunvericilik bu mühüm indikatorun müəyyənləşdirilməsi üçün müvafiq platformalar və reqlament müəyyən edir.

Konfederasiyaya daxil olan ittifaqlar ayda təxminən 18 milyon manat toplayır.

Nəticədə həmkarlar ittifaqları əməkçi hüquqlarının müdafiəsi, keyfiyyətli təmsilçiliyin təşkili və sosial haqlar uğrunda davamlı mübarizə əvəzinə iri məbləğlərdə üzvlük haqları toplamaqla məşğuldur. Günümüzdə bu ittifaqlar üzrə tutmalar əməkhaqqının 2%-ni təşkil edir. Orta aylıq əməkhaqqı səviyyəsini (827 manat) nəzərə alaraq hesablama aparsaq, konfederasiyaya daxil olan ittifaqların aylıq gəliri təxminən 18 milyon manat, illik gəlirsə 220 milyon manata yaxındır. Bu qədər vəsaitin müqabilində ittifaqlar nəinki əməkçilərin hüquqlarını müdafiə etmir, heç bu gəlirlərin hara xərclənməsi məsələlərinə aid maliyyə hesabatlarını açıqlamırlar. Bu səriştəsizliyin, qeyri-şəffalığın, məsuliyyətsizlik və hərəkətsizliyin əsas səbəbi odur ki, Azərbaycanda həmkarlar ittifaqları beynəlxalq təcrübədə olduğu kimi aşağıdan yuxarıya təşkilatlanma ilə, yəni işçilərin təşəbbüsü ilə deyil, yuxarıdan aşağıya doğru məcburetmə ilə yaranır. Belə qeyri-səmimi təmsilçilik və iştirakçılıq mexanizmləri çalışanların sövdələşmə gücünün artırılmasına yox, idarəedicilərin maraqlarının təmin olunmasına xidmət edir. Mövcud vəziyyətin təhlili bir neçə mühüm nəticəni ortaya çıxarır:

- İşçi birlikləri institutu inkişaf etməyib, mövcud olan nümunələr isə daha çox formal xarakter daşıyır,

- Korporativ sövdələşmə mexanizmlərinin yaranması və fəaliyyəti işçilərin (əmək qüvvəsi) iradəsinin xaricində baş verir,

- Azərbaycanda həmkarlar ittifaqlarının zərərləri (üzvlüyün yaratdığı maliyyə yükü) faydalarından çoxdur,

- Zəif təmsilçilik və işçilərin danışıq gücünün olmaması sosial rifahın artırılması siyasətlərinə mənfi təsir göstərir,

- Mövcud həmkarlar ittifaqları öz fəaliyyətini işçilərin tələblərinə uyğun deyil, qərarqəbuledicilərin sifarişi əsasında qurur.

Sənaye inqilabından sonra təşəkkül tapmaqla çalışanlarla işverənlər arasındaki güç bərabərsizliyinin aradan qaldırılmasına xidmət edən ilk işçi birliklərinin yaranmasından üç əsrlik vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bu institut hələ “fake” (süni) xarakter daşıyır.

İşçi birliklərinin gücünü formalaşdıran ənənəvi alətlərdən biri də tətil institudur. 1768-ci ildə Nyu Yorkda dərzilər maaşlarının azaldılmasına etiraz edərək işi dayandırmışdılar və bu, dünya tarixinin ilk tətili hesab edilir. Bəs azərbaycanlı çalışanlar həmkarlar ittifaqlarının tətil çağırışını sonuncu dəfə nə vaxt eşidiblər? Yəqin ki, hər kəs “eşitməmişik” cavabı verər.

Sadalanan bütün faktlar bir daha göstərir ki, sosial-iqtisadi institutların inkişafı ilə icmaların rifahı arasında sərt asılılıq var. Bu institutlar zəif olduqca, əhalinin ictimai proseslərdə təmsilçilik, iştirakçılıq və təsir etmə imkanları azalır, bu isə rifah göstəricilərini aşağı çəkir.

Digər bir nəticə odur ki, maraqlı tərəfin təşəbbüsü ilə yaranmayan istənilən institut həmin tərəfin maraqlarını özü kimi həssaslıqla müdafiə edə bilməz. Bu tezis özünü hətta ən ideal cəmiyyətlərdə doğruldub. Əks halda inkişaf etmiş cəmiyyətlərdə işçilərin birliklərinə ehtiyac olmazdı.

Minimum əməkhaqqı məbləğinin müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsi yolları

Kollektiv sövdələşmə gücünün zəifliyini, əhalinin sosial təminatının kimlərinsə qərarlarından asılılığını nəzərə alsaq, davamlı həllər təklif edən mexanizmlərə keçmək mövcud iqtisadi münasibətlər çərçivəsində mühüm çağırışlardandır. Bir neçə məqamın nəzərə alınması bu sahədə əhəmiyyətli dəyişiklərə və rasional planlamaların aparılmasına imkan verə bilər:

Birincisi, minimum əməkhaqqının qiymətlərin qalxması səviyyəsinə (istehlak qiymətləri indeksinə) uyğun olaraq indeksləşdirilməsi metoduna keçilə bilər. Bu halda minimum əməkhaqqı ilə çalışan işçilər gələcək illik gəlirlərini əvvəlcədən proqnozlaşdıra və istehlak xərclərini buna uyğunlaşdıra bilərlər.

İkincisi, dəyişən iqtisadi mühit, həmçinin tələbin strukturunda baş verən yeniliklər, əmək məhsuldarlığının artımı, orta aylıq gəlirlərlə yaranan fərq kimi məqamlar nəzərə alınmalı, həmkarlar ittifaqı minimum əməkhaqqının real səviyyəsinin artırılması məsələlərini ildə azı bir dəfə hökumətin gündəminə gətirməli və bu dəyişiklərin lobbiçiliyini təşkil etməlidir. Məsələn, zaman keçdikcə turizm xidmətləri sivil cəmiyyətlər üçün “olmazsa-olmaz” xarakterli istehlak kateqoriyasına daxil olur. Bu isə öz növbəsində yeni xərc istiqaməti deməkdir, minimum əməkhaqqının real ifadədə artması zərurətini yaradır.

Üçüncü mühüm məqam, differensial minimum əməkhaqqına keçid olmalıdır. Regionlar arasında minimum əməkhaqqının fərqli məbləğlərinin tətbiqi məsələsi pulun alıcılıq gücü, qiymətlər indeksi kimi məqamlar nəzərə alınmaqla həll edilməlidir. Əslində iddia oluna bilər ki, tələb və təklifdən asılı olaraq bu problem özülyündə bazarın həll etdiyi məsələdir. Amma zəif rəqabət, tələb qıtlığı, geniş miqyaslı inhisarçılıq, təmsilçilik institutlarının inkişaf etmədiyi bazarlar yuxarıya doğru zəif elastikliyi ilə xarakterizə olunur ki, bu da maaşların səviyyəsinin dəyişən sosial-iqtisadi konyuktura uyğunlaşmasını gecikdirir, yaxud sonsuz uyğunsuzluq müşahidə olunur. Təklif edilən differensial mexanizm belə konfrantasiyanın sosial təsirlərini azalda bilər.