Open Azerbaijan

Analytic Portal

BÖHRAN: DEVALVASIYA, YOXSA MÜHARIBƏ XƏRCLƏRI?

15.12.2020 / Yanvar-noyabr aylarında Azərbaycanda ÜDM 4,3 faiz azalıb

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Məlumata əsasən , ərzaq malları cəmi 5% bahalaşıb. Digər tərəfdən DSK Azərbaycan iqtisadiyyatının 4,3% kiçildiyini açıqlayıb: “Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 709,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9%, neft-qaz sektorunda isə 6,5% azalıb”.

İqtisadiyyat Nazirliyi isə Qarabağın bərpasının sosial-iqtisadi konsepsiyasını hazırlayıb. Konsepsiyada işğaldan azad olunan ərazilərdə şəhərsalma və ərazi qurulmasına dair zəruri hüquqi-iqtisadi-maliyyə güzəştləri və təşviqlər sistemi nəzərdə tutulur. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 12-də jurnalistlərə deyib. Nazirin sözlərinə görə, sənəd müzakirə edilir və hökümətə təqdim ediləcək. M. Cabbarov qeyd edib ki, azad edilmiş torpaqlarda təxirəsalınmaz layihələr artıq reallaşdırılmaqdadır: “Xüsusən dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.

Müharibədən əvvəlki və sonrakı vəziyyət

Müharibə zamanı dövlət orduya dair ehtiyaclarını ödəmək üçün büdcəsindən xeyli vəsait xərcləyir. Silah və texnikadan başqa, qeyri müharibə zonası olan şəhərlərdə infrastrukturun itkisi, işləyən əhalinin azalması və normal iqtisadi fəaliyyətin pozulması da müharibə xərclərini artırır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 44 günlük müharibə ərzində Ermənistan silahlı qüvvələrinin həmlələri nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib. Azərbaycan höküməti müharibə dövrünün xərcləri barədə hələ hər hansı açıqlama verməyib.

Digər tərəfdən, əksər ölkələrdə ilin sonu büdcə müzakirələrinin bitdiyi dövrdür. Ancaq Azərbaycanda bu müzakirələr hələ başlamayıb.

İlkin proqnozlar

Bir neçə ay əvvəl M.Cabbarov, “COVID-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir,” demişdi. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə ilin əvvəlində Azərbaycanla bağlı proqnozunda ölkənin beynəlxalq ehtiyatlarının təqribən 10 milyard dollar azalacağını bildirmişdi.

Müharibədən əvvəl dövlət büdcəsinin 2021-ci il üçün gəlirləri 24 milyard 327 milyon manat (14 milyard 617 milyon dollar), xərcləri isə 25 milyard 847,5 milyon manat (15 milyard 212 milyon dollar) məbləğində proqnozlaşdırılmışdı. Gələn ilin müdafiə xərcləriylə bağlı proqnoz 2 milyard 327 milyon dollar idi.

Mərkəzi Bank nikbindir

“Pandemiya və Vətən müharibəsinə baxmayaraq, ölkənin maliyyə sektoru cari ili yaxşı göstəricilərlə başa vuracaq. İşğaldan azad edilmiş ərazilərə investisiyalar iqtisadiyyata təkan verəcək.” Bunu, Mərkəzi Bankın sədri Elman Rüstəmov dekabrın 10-da, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. E. Rüstəmov bildirib ki, hazırda Azərbaycanın maliyyə bazarının qarşısında böyük tapşırıqlar dayanıb və bu işlərin reallaşdırılması, eləcə də erməni işğalından azad edilmiş ərazilərdə investisiya proqramları ölkənin iqtisadi potensialını artıracaq.

Xatırladaq ki, Azərbaycan üzən məzənnə siyasətinə keçidi elan etsə də, Mərkəzi Bank keçidi reallaşdırmayıb və devalvasiya ilə bağlı mövqe açıqlanmayıb.

Hökümətin proqnozları inandırıcı deyil

İqtisadçı ekspert Qubad İbadoğlu Elman Rüstəmov qədər optimist deyil. O, hesab edir ki, pandemiya dövrünün tənəzzülündən sonra müharibə və post-müharibə dövrününün xərcləri iqtisadi durumu çətinləşdirib. Ekspert bildirir ki, Azərbaycanın gələn ilki büdcə layihəsinin müzakirəyə çıxarılmamasının səbəbi, devalvasiya ilə bağlı fikir ayrılıqlarıdır:“Azərbaycan 2015-ci ildəki mövcud devalvasiyadan sonra növbəti çətin dönəmini yaşayır. Pandemiya tənəzzülü qlobal xarakterlidir və onu dünya iqtisadiyyatındakı mövcud tənəzzüllə eyniləşdirmək mümkündür. Pandemiya səbəbiylə iqtisadiyyatın məhdudlaşdırılması, əsas fəaliyət sektorlarının əvvəlki həcmdə işləməməsi, dünya xammal bazarında qiymət konyukturasına təsiri iqtisadiyyatda əhəmiyyətli rol oynayır. Azərbaycan istehsalçı kimi xammal bazarında qiymətlərin aşağı enməsindən əhəmiyyətli dərəcədə itirib. Müharibə xərcləri və post-müharibə dövrünün gərəkli xərcləri situasiyanı bir az da ağırlaşdırıb”.

Q.İbadoğlu Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qadağasının da iqtisadiyya ciddi təsir göstərəcəyini vurğulayır: “Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tuturdu. Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,4 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib. Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir. Pimodor və almadan əldə etdiyimiz gəlir ümumi qaz satışından əldə olunan gəlirin 70 %-idir və sözügən qadağanın təsiri ciddi şəkildə hiss olunacaq. Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikaların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan saldı. Düşünürəm ki, mövcud problemləri dəyərləndirməli və gözləntiləri buna uyğun qiymətləndirməliyik”.

Qarabağ xərcləri durumu çətinləşdirir

44 günlük müharibədən çıxmış və pandemiya dönəmindən keçən ölkə kimi Azərbaycan iqtisadiyyatının hazırki vəziyyəti barədə açıqlama verilməsə də, dövlətin Qarabağın bərpasına kifayət qədər investisiya ayıracağı məlumdur. Q. İbadoğlu indi investisiya vəsaitlərinin diversifikasiyasının vacib olduğunu vurğulayır: “Büdcədən ayrılacaq investisiya xərclərini, müdafiə xərclərini görmədən hər hansı məlumatı dəyərləndirmək mümkün deyil. İlkin olaraq Qarabağa yönləndirilən investisiya vəsaitlərinin diversifikasiyası olmalıdır. İndiki məqamda--korrupsiya, hesabatsızlıq və dövlət büdcə xərclərinə sosial auditin olmadığı, dövlət maliyyə nəzarətinin zəif olduğu dövrdə Qarabağa külli investisiyanın yönləndirilməsi büdcə vəsaitlərinin mənimsənilməsi ilə nəticələnəcək”.

Q.İbadoğlu iqtisadiyyatın mövcud böhrandan çıxış yolunu maliyyə mənbələrinin şaxələndirilməsində görür: “Beynəlxalq maliyyə kredit təşkilatlarından və kommersiya banklarından vəsaitlər cəlb olunmalıdır, dövlət və özəl biznes əməkdaşlığı ciddi maliyyə nəzarəti ilə həyata keçirilməlidir. Bu olmasa, qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olmayacaq və dövlət proqramlarının icrası ciddi vəsait itkiləri ilə nəticələnəcək”.

Ekspert dövlət proqramlarının həyata keçirilməsi üçün bir neçə illik planların, konsepsiyaların hazırlanmasını da zəruri hesab edir: “Nəzərə almaq lazımdır ki, ayrılan vəsaitlər hamısı eyni zamanda xərclənə bilməz… Bir ildə maksimum 5 milyard dollar investisiya vəsaiti xərcləyə bilərik. İnsan resursları, material və texniki resurslar uyğun olmayacağı təqdirdə vəsaitlər oğurlanacaq".