Togrul Valiyev

Economist

GƏRGINLIYƏ BAXMAYARAQ İRANLA TICARƏT ARTIR

07.12.2022 / Statistika iqtisadi münasibətlərin inkişaf etdiyini göstərir

İranın daxilində baş verənlər ölkənin Azərbaycanla da münasibətlərinə təsir etməyə başlayıb. Son bir ayda yerli mətbuatın, rəsmilərin İran əleyhinə çıxışları səngimir. Problem hətta prezident səviyyəsində qeyd olunub. Noyabrn 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri təsvir edərkən belə deyib: “Mən İranın əvvəlki üç prezidenti ilə - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb”.

Bəs Azərbaycanla İranın iqtisadi münasibətləri necədir? Son 3 il ərzində (2019-2022), xüsusilə, torpaqların işağldan azad olunmasından sonra bu ölkələr arasında iqtisadi münasibətlər hansı yöndə inkişaf edib?

Dövlət Gömrük Komitəsi, eləcə də Dövlət Statistika Komitəsinin (DSK) xarici ticarət münasibətlərinə dair sonuncu detallı məlumatları 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edir. Müqayisə üçün 2018-2022-ci illərin məhz yanvar-sentyabr aylarının məlumatlarını təhlil edək

İran əsasən ixrac edir

Cədvəl 1-dən göründüyü kimi, 2019-cu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət münasibətlərinin həcmi 390,7 milyon dollar təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 363,3 milyon dollara bərabər olub. Yəni, ticarətin həcmi 3 ilə 7% azalıb. Amma bir məqamı nəzərə almaq vacibdir: 2019-cu ildə iki ölkə arasında ticarətin həcmi 2018-ci illə müqayisədə 45,3% artmışdı. Bu isə əvvəlki illərlə müqayisədə kəskin artım deməkdi. Sonrakı azalma, yəqin ki, pandemiya və karantinə görədir. Məsələn, 2020-ci ildə Azərbaycanın İrana ixracı 8,4% artdığı halda, İranın Azərbaycana ixracı 42% azalıb.

Eyni zamanda, cədvəl 1-dən göründüyü kimi, Azərbaycanla İran arasında xarici ticarətin strukturu da mühüm məsələdir. Cədvəldəki rəqəmlərdən aydın olur ki, iki ölkənin iqtisadi münasibətlərində əsas ixracatçı qismində İran çıxış edir. Azərbaycanın İrana ixracatı 2018-2022-ci illərin yanvar-sentyabr ayları ərzində 30 milyon dolları bir dəfə də keçməyib (DSK-nin məlumatlarında yalnız illik göstəricinin maksimumunun 2021-ci ildə qeydə alındığı görünür: 43,3 milyon dollar). Beləliklə, iki ölkə arasında ticarətdə əsas rol İrana aiddir. Ona görə də bu ticarətin strukturunu araşdırmaqçün əvvəl İranın ixracatından başlayaq.

İrandan ən çox idxal olunan məhsul təbii qazdır, amma...

2019 və 2022-ci illərin eyni dövrlərini müqayisə edəndə görünür ki, ilk 20-likdə (cədvəl 2) yalnız 8 eyni məhsul var. Yəni, çox qısa müddət keçməsinə baxmayaraq, əsas məhsulların tərkibi ciddi sürətdə dəyişib, yalnız 8 adda məhsul öz yerini qorumağı bacarıb.

2019-cu ilin yanvar-sentyabr aylarında İrandan idxal olunan məhsullar arasında ilk yeri təbii qaz tutub. Azərbaycan İrandan 9 ay ərzində 150,5 miyon dollar dəyərində, 1,1 milyard kubmetr qaz idxal edib. Eyni dövrdə 178 milyon kubmetr qaz İrana ixrac olunub.

Azərbaycanla İran arasında qaz ticarəti müxtəlif müqavilələr çərçivəsində həyata keçirilir. İlk istiqamət Naxçıvan Muxtar Respublikasının qaz təchizatıdır. 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirir. Bu müqavilə 2025-ci ilə qədər qüvvədədir.


İkinci istiqamət isə Türkmənistan qazının satışı ilə bağlıdır. 2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın Türkmənistan qazını İrandan svop əməliyyatı çərçivəsində alacağı barədə razılığa gəliblər. Eyni tipli müqavilə üç ölkə arasında 2021-ci ilin noyabrında da imzalanıb. Bu müqavilələr çərçivəsində Türkmənistan öz qazını İrana ixrac edir, İran da öz qazının eyni həcmli hissəsini Azərbaycana çatdırır. Sadəcə Dövlət Gömrük Komitəsinin 2019-cu ildə təqdim etdiyi statistikada bütün təbii qazın İrandan idxal olunduğu göstərilirdisə, 2022-ci ildən Türkmənistan ayrıca qeyd edilir. Bu o deməkdir ki, 2019-cu ildə Azərbaycan İrandan cəmi 353,4 milyon kubmetr qaz idxal edib. Qalan qaz (800 milyon kubmetr) Türkmənistandan alınandır. Belə çıxır ki, 2019-cu ildə Azərbaycanın İrandan birbaşa idxalatı daha az olub, çünki idxalın 41%-ni təbii qaz təşkil edib, onun da real göstəricisi 4 dəfə azdır.

2022-ci ilin 9 ayı ərzində İrandan birbaşa qaz idxalının 66 milyon kubmetr olduğu göstərilir. Bu isə hətta Azərbaycanın İrana ixrac etdiyi təbii qazın həcmindən (169 milyon kubmetr) azdır. Böyük ehtimal, bunun əsas səbəbi Naxçıvanın qaz təchizatının əsasən ilin son 3 ayı ərzində həyata keçirilməsidir.

Naxçıvana qazın İran vasitəsiylə ötürülməsiylə bağlı müqavilənin vaxtının bitməsinə 3 il qalır və onun yenilənib-yenilənməyəcəyi barədə, hələ ki, məlumat yoxdur. 2020-ci ilin dekabrında Azərbaycanla Türkiyə Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalayıblar. O zaman Azərbaycanın energetika naziri qeyd edib ki ki, “Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək”. Yəni, İran istiqamətindən imtina haqda bir söz deyilməyib.

QEYD: Naxçıvan MR Qaz İstismar Xidmətinin məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində muxtar respublika 157,3 milyon kubmetr təbii qaz istehlak edib. 2022-ci ilin 9 ayı ərzində bu göstərici 196,3 milyon kubmetr olub. Yəni tələbat 3 il ərzində 25% artıb.

Azərbaycanın idxal etdiyi kartofun 1/3-i İranın payına düşür

Təbii qaza dair idxal statistikasını nəzərə almasaq, son dövrdə, daha doğrusu, 2018 və 2022-ci illərdə İrandan Azərbaycana ixracatın artdığını görərik. 2019-cu ildə göstərilmiş böyük rəqəmin əsas hissəsini Türkmənistan qazı təşkil etdiyindən, İran ixracatının həcmini 2019-cu ilin 9 ayı üçün 225 milyon dollar təxmin edə bilərik. Digər tərəfdən, İran ixracatının həcminin artımı onun strukturunu ciddi şəkildə dəyişdirib. Son illərdə İrandan idxal olunan məhsullar arasında öz yerini qoruyan məhsullar aşağıdakılardır:

Təzə və ya soyudulmuş kartof

2019-cu ilin 9 ayında 38,2 min ton idxal olunmuşdusa, 2022-ci ildə bu göstərici 36,1 min ton təşkil edib. Azərbaycanın idxal etdiyi kartofun 1/3-i İranın payına düşür. Bu idxal əsasən daxili bazarla bağlıdır. Azərbaycan daha baha yerli kartofu Rusiyaya satır və onun əvəzində daha ucuz kartofu İran, Türkiyə və Pakistandan əldə edir. Misal üçün, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 78,2 min ton kartof ixrac etdiyi halda, 108 min ton kartof idxal edib. İxrac olunan kartofun 1 kq-nın qiyməti 0,44 dollar, idxal olunan kartofun 1 kq-ı 0,26 dollardır.

Təzə və ya qurudulmuş xurma

2019-cu ilin 9 ayında Azərbaycan İrandan 3 min ton, 2022-ci ilin eyni dövründə 4,5 min ton xurma idxal edib. Azərbaycanın əsas xurma təchizatçısı İrandır.

Polietilen

Polietilen, əslinə qalsa, kimya sənayesinin məhsuludur və onu Azərbaycan özü də istehsal edir. DSK-nin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 94,5 min ton “xususi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen” istehsal edib, 97,91 min ton polietileni satışa göndərib, bunun 59,5 min tonu ixrac olunub (yəni 38,4 min tonu daxili bazarda qalıb). 8,3 min ton polietilen isə idxal edilib. Ehtimal ki, bu məsələdə də Azərbaycan əsasən daxili tələbi təmin etmək üçün İrandan idxalı seçir və öz məhsulunu xarici bazarlara çıxarır.

Döşəmə üçün üzlük plitələr, qranitdən abidə və ya tikinti daşları da ən çox idxal olunan İran məhsullarındandır.

2022-ci ilin yanvar-sentyabr aylarında İrandan idxal olunan qida məhsulları sırasına kərə yağı, portağal, peçenye, şirin bibər, qənnadı məhsulları və badımcan daxil olub. Daha doğrusu, onların idxalı keçən illərlə müqayisədə kəskin sürətdə artıb. 2022-ci ildə siyahıya metallurgiya sənayesi məhsulları da əlavə olundu və İrandan idxal olunan məhsullar arasında birinci yerdə “emal olunmamış aşqarlanmamış alüminium” yerləşdi. Qeyd edək ki, bu məhsulu da Azərbaycan həm idxal, həm də ixrac edir. DSK-nin məlumatına görə, Azərbaycan 32 min ton alüminium idxal edirsə, 20 min ton da ixrac edir.

Bəs Azərbaycan İrana hansı məhsulları göndərir?

Qeyd etdiyimiz kimi, Azərbaycanın İrana ixracatının həcmi çox böyük deyil, İranla müqayisədə 10 dəfə azdır. Təbii qazı çıxmaq şərti ilə (yuxarıda deyilib, İrana ixrac olunan təbii qaz svop müqaviləsi çərçivəsində Naxçıvan MR-a ötürülür), birinci yerdə pambıq lifi qərarlaşıb, onun da ixracı 3 ilə 2 dəfə azalıb. İxrac olunan digər məhsulların dəyəri 500 min dolları keçmir.

Nəticə

İran-Azərbaycan ticarət münasibətlərinə baxarkən bir neçə nəticəyə gələ bilərik:

– ölkələrarası münasibətlərin Azərbaycan üçün vacib hissəsi Naxçıvan MR-nın qaz və elektrik enerjisi ilə təminatıdır. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın İrana ixracatının 50%-i məhz Naxçıvan MR-na dair svop müqavilələrin payına düşüb;

– İrandan idxal olunan məhsullar Azərbaycanın ixrac potensialını genişləndirir. Məsələn, kartof, polietilen, alüminium kimi məhsullar üzrə ixrac son illər artıb. Eyni məhsullar üzrə İrandan idxal da artmaqdadır. Yəqin ki, İranda istehsal olunan daha ucuz məhsullar daxili tələbi ödəməyə kömək edir, yerli, daha bahalı məhsullar digər ölkələrə ixrac olunur;

– Bir sıra məhsullar üzrə (qurudulmuş xurma, döşəmə və s.) Azərbaycan İrandan müəyyən qədər asılıdır. Bu asılılıq əsasən İrandakı ucuz istehsalla bağlıdır;

– Azərbaycan (yəni sahibkarlar və şirkətlər) İran bazarı ilə bir o qədər maraqlanmır. Əlbəttə, bunu İrana qarşı sanksiyalar və s. ilə izah etmək olar. Bir ehtimal da odur ki, Azərbaycanın İrana ixrac edəcəyi xüsusi məhsul yoxdur.

Yuxarıdaki qeydlərin hamısı birbaşa İran-Azərbaycan ticarətinə aiddir və bu qeydlər göstərir ki, ölkələrarası siyasi problemlərin periodik olaraq qalxması ticarətə ciddi təsir eləmir. Əksinə, İranın Azərbaycana ixracatı bir az da diversifikasiya olunub. Əgər 2019-cu ilin 9 ayında 50 məhsul üzrə idxalın dəyəri 1 milyondan çox idisə, 2022-ci ilin eyni dövründə bu məbləğ 69 məhsulu əhatə edib.

Digər tərəfdən, Azərbaycanla İran bir-biri ilə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyə çalışırlar. Bu, hər şeydən əvvəl, yanacaq məhsulları ilə bağlı razılaşmalarda müşahidə olunur. (2021-ci ilin noyabrında Türkmənistan qazının Azərbaycana çatdırılması ilə bağlı müqavilənin imzalandığını qeyd etdik).

Daha bir istiqamət Azərbaycanın İran üçün tranzit ölkə kimi çıxış etməsidir. ADY Express MMC-nin məlumatına görə, 2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycan ərazisi vasitəsilə İrandan Rusiyaya 59 min ton müxtəlif növ məhsul ixrac olunub. 2021-ci ildə bu məhsulların həcmi 350,7 min tona çatıb. Eyni yol vasitəsilə ildə təxminən 400 min ton yük keçirilir.

Beləliklə, Azərbaycanla İran arasında iqtisadi münasibətlər siyasi münasibətlərdən fərqli olaraq, son 3 il ərzində nəinki sabit qalıb, bəzi istiqamətlərdə hətta inkişaf edib.