Vüsal Quliyev

Siyasi Elmlər üzrə Doktorant

AZƏRBAYCANIN ÇINƏ YATIRIMLARI, ÇINLƏ TICARƏT

21.10.2022 / Çinlə əməkdaşlıq niyə lazımdır? Hansı işlər görülməlidir?


Foto Mia.az saytından götürülüb



Böyük dövlətlər artıq Çindən nəyi və necə almağı yox, Çinin yerli bazarında nəyi və necə satmağı öyrənir(ib)lər. Əslində dünyanın ən böyük istehlak bazarlarından biri olan Çinə ixracatın artırılması üçün (məsələn, qida və kənd təsərrüfatı sahəsində) Azərbaycan olduqca böyük potensiala malikdir.

Müstəqilliyinin ilk illərində Azərbaycanın xarici siyasi kursu qərbyönlü olduğundan Asiya, xüsusən Çinlə bağlı siyasət arxa planda qalmışdı, Çin Azərbaycan üçün böyük maraq kəsb etmirdi. Ancaq son illər iki ölkə arasında ictimai-mədəni, sosial-iqtisadi, hərbi-strateji sahələrdə əməkdaşlıq güclənib. Ələlxüsus, Pekinin 2013-cü ildə elan etdiyi “Kəmər və Yol” strategiyası çərçivəsində iqtisadi əlaqələr yeni mərhələyə daxil olub. 2015 və 2019-cu illərdə bu layihə əsasında imzalanmış dövlətlərarası anlaşma memorandumları kommersiya əlaqələrini daha da möhkəmləndirib.

Azərbaycanda Çin mənşəli 119 şirkət var

Qarşılıqlı investisiya əlaqələrinin inkişafı fonunda iki ölkə təkcə enerji sektorunda deyil, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, tranzit, logistika, yüksək texnologiya, maşınqayırma və s. ilə bağlı iqtisadi layihələrdə əməkdaşlıq edir. Ancaq son statistikaya görə, Çin kimi nəhəng iqtisadiyyata malik ölkəni Azərbaycanda cəmi 119 şirkət təmsil edir, Pekin ölkəyə ümumilikdə 800 milyon ABŞ dolları sərmayə yatırıb. Bakı isə Çinə bu günədək 1,7 milyard ABŞ dolları həcmində vəsait qoyub.

Sabiq İqtisadiyyat naziri, eyni zamanda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev (2016 - 2019) pandemiyaya qədər Çinə mütəmadi işgüzar səfərlər təşkil edirdi. 2017-ci ildə Azərbaycanın Çindəki səfirliyi nəzdində Ticarət Nümayəndəliyi qurulmuşdu. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılan mərkəz Azərbaycanın xaricdə ikinci Ticarət Nümayəndəliyi idi (birincisi Rusiyada olmuşdu). Nümayəndəliyin qurulmasında məqsəd, Çinə ixracatı təşviq və təşkil etməkdi.

İki ölkə arasındakı sərmayə qoyuluşlarının sayı və həcmi son dekadada artım göstərib. Dünyanın bir sıra yerlərində daşınmaz əmlak bazarına vəsait yönləndirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Çində bir qədər fərqli məcradə hərəkət edərək, ölkənin qiymətli kağızlar bazarına investisiya qoymağa üstünlük verib. 2014-cü ildə Çinin fond bazarına daxil olan Neft Fondu uzun illərdən bəri tətbiq etdiyi büdcə vəsaitlərinin diversifikasiyası siyasəti çərçivəsində Çin Mərkəzi Bankından 3 milyard Çin yuanı (cari məzənnə ilə 700 milyon AZN-dən çox) həcmində investisiya üçün lisenziya almağa müvəffəq olub. 2015-ci ildən başlayaraq, bu istiqamətdə ilk yatırımlar həyata keçirilib. Çin yuanında olan istiqrazlara bu günədək qoyulmuş kapitalın cari həcmi yarım milyard ABŞ dolları təşkil edir. Neft Fondunun nümayəndələri 2013-cü ildə daşınmaz əmlaka investisiya qoyulması imkanlarını öyrənməkdən ötrü Çinə səfər təşkil etsələr də, heç bir əmlak alınmayıb.

Azərbaycan Çində şərab, spirtli içki biznesində fəal olmağa çalışır

Azərbaycan tərəfinin dünyanın ən böyük istehlak bazarlarından biri olan Çinə təklif etdiyi məhsullar əsasən xam neft və neft-kimya sənayesi məhsulları olsa da, son illərdə qida sənayesinə aid məhsulların da ixracında artım müşahidə olunur. Bura meyvə şirələri, kompot, mürəbbə, spirtli içki, turşu, qənnadı məmulatları, çay, şərab çeşidləri, badımcan kürüsü və s. kimi 50 növə yaxın yerli məhsul daxildir. Azərbaycan həm də Çində şərab və spirtli içki biznesində fəal olmağa çalışır. Çində Azərbaycana aid 2 şərab evi fəaliyyət göstərir (Azərbaycanın xaricdə şərab evi açdığı ilk ölkə məhz Çindir). Şərab evlərindən biri ölkənin ən böyük meqapolisi və kommersiya paytaxtı olan Şanxay şəhərində, digəri isə Sincan Uyğur Muxtar Əyalətinin Urumçı şəhərində açılıb. Çinin “BHG” marketlər şəbəkəsində 2019-cu ilin birinci rübündən Azərbaycan şərablarının satışına başlanılıb. Azərbaycan istehsalı olan bir sıra qida məhsullarının satışına bundan əvvəl Çinin “DİG” marketlər şəbəkəsində start verilib. Bundan başqa, Azərbaycan Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə Çinin Sıçuan əyalətinin Lucou şəhərində (2018), Şaansi əyalətinin Veynan şəhərində (2019), Şandon əyalətinin Çindao şəhərində (2021) və Hunan əyalətinin əsas turizm mərkəzi olan Ganciacie şəhərində (2021) “Azərbaycan Ticarət Evləri” açılıb. “Made in Azerbaijan” brendi altında təqdim edilən Azərbaycan istehsalı qida məhsulları yerli istehlakçılara bu evlər sayəsində çatdırılır. Yaxında daha iki şəhərdə—Sıçuan əyalətinin inzibati mərkəzi olan Çındu şəhərində və paytaxt Pekində yeni ticarət evlərinin açılışı nəzərdə tutulub. Bu ticarət və şərab evlərinin Çinin müxtəlif regionlarında açılmasının əsas məqsədi ölkənin iqtisadi və turistik regionları ilə əlaqələrin genişləndirilməsidir. Yerli iqtisadçılara görə, bu mərkəzlər Azərbaycanın ticarət potensialının qeyri-neft sektorunun inkişafı konteksində artırılmasına, birgə əməkdaşlığın gücləndirilməsinə və ölkəyə xarici investisiyanın cəlbinə xidmət edə bilər.

Azərbaycan məhsullarını Çinə çıxaran razılaşmalar

2019-cu ilin ilk ixrac missiyası Çinin paytaxtı Pekinə təşkil olunub (İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilib). Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxil edilib. İxrac missiyası çərçivəsində Çinin Pekin, Şanxay, Hong-Kong, Quangou və Urumçı kimi əsas ticarət şəhərləri ziyarət edilib. Ölkənin müxtəlif şəhərlərində vaxtaşırı təşkil edilən beynəlxalq sərgi və forumlarda (Şanxayda Birinci Çin Beynəlxalq İdxal Sərgisi, Pekində Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisi, Sianda İpək Yolu Beynəlxalq İnvestisiya və Ticarət Forumu, Çindaoda 2021 Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Forum və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi, İvu şəhərində Azərbaycan-Çin Biznes Forumu, Pekin şəhərində Azərbaycan-Çin investisiya-ticarət imkanları forumu və s.) onlarla Azərbaycan şirkətinə məxsus yüzlərlə yerli məhsul təqdim edilib.

2018-ci ildə AZPROMO və Çinin “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Eyni şirkət, “Azersun Holdinq” şirkəti ilə 2 milyon ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti ilə 1 milyon ABŞ dolları dəyərində məhsulun Çinə ixracına dair razılığa gəlib. Həmçinin, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair müqavilə imzalanıb. Qarşılıqlı əməkdaşlığın davamı olaraq, Şandon əyalətinin inzibati mərkəzi olan Cinan şəhərindəki “G-Hub” ticarət mərkəzində Azərbaycan məhsullarının təqdimatını və satışını reallaşdıracaq ticarət bölməsinin açılması üçün danışıqlar aparılıb.

Çinli müştərilərə yuxarıda sadalanan məhsullarla yanaşı Azərbaycan istehsalı olan xalçalar da təqdim edilir. Çində İran və Türkiyə xalçalarının daha çox tanınmasına və bəyənilməsinə baxmayaraq, Pekinin əsas ticarət mərkəzlərindən olan "SKP Mall"da Azərbaycan mənşəli xalçaların da satıldığını görmək mümkündür.

Azərbaycanın Çin bazarında fəallaşmasına mane olan nədir?

Pekin tərəfdən həyata keçirilən idxala dəstək dövlət siyasəti Azərbaycan mənşəli məhsulların Çin bazarına rahat şəkildə daxil olmasına əlverişli şərait yaratsa da, bir sıra faktorlar rəqabətə davamlı məhsul ixracatının qarşısını alır. Misal üçün, Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan Azərbaycan kimi ölkələrdən idxal olunan əmtəələrə qarşı güzəştli ticarət tarif dərəcəsini tətbiq etmir, bu da vəziyyəti əlavə rüsum maneələri ilə üzləşən azərbaycanlı sahibkarların əleyhinə dəyişərək, onların ixrac etdikləri malların rəqabət qabiliyyətinə zərbə vurur. Hazırda Çinə ixrac edilə biləcək yüksək potensiallı Azərbaycan malları əlverişsiz vəziyyətdədir, çünki onlara ÜTT-nin bütün üzvlərinə tətbiq olunan MFN (most-favored nation) tarifi deyil, Ümumi Ticarət Tarif dərəcəsi tətbiq olunur. Ancaq, məsələn, həm ÜTT-nin üzvü olan, həm son 5 ildə Çinlə Azad Ticarət Müqaviləsi çərçivəsində geniş əməkdaşlıq imkanlarına sahib Gürcüstan Azərbaycanla müqayisədə qat-qat üstün mövqedədir. Bu yerdə Çin bazarına Azərbaycanla təxminən eyni dövrdə daxil olmuş gürcü şərablarının əldə etdiyi uğuru qeyd etmək kifayətdir.

Çin bazarına daxil olmağın yolları

Azərbaycan-Çin iqtisadi əlaqələrinin və qarşılıqlı ticarətin davamlı şəkildə inkişaf etdirilməsi, eyni zamanda idxal-ixrac əməliyyatlarında ikincinin xeyrinə olan cari müsbət saldonu dəyişə bilmək üçün Çinə ixracatın artırılması zəruridir. Yerli sahibkarların Çin bazarına daxil olmasına yaxından köməklik göstərilməli, bu istiqamətdə xüsusi fəaliyyət planı hazırlanmalıdır. Pekindəki Azərbaycan Səfirliyi və Ticarət Nümayəndəliyi bu istiqamətdə aktiv şəkildə çalışsalar da, Azərbaycam bu baxımdan digər ölkələrlə müqayisədə geridədir.

Rusiyaya ixrac edilən kənd təsərrüfatı mallarının bir hissəsini Çin bazarlarına yönətməklə, şimal qonşusundan asılılığı azaltmaq da Azərbaycanın xeyrinə olar. Çin Azərbaycandan xeyli uzaqdadırsa da, qida məhsullarının daşınması təkmilləşdirilmiş texnologiya və qitələrarası tranzit-logistika şəbəkələri hesabına artıq əlçatan proses hesab edilir. Xüsusilə, Rus-Ukrayna müharibəsinin başlamasıyla geoiqtisadi önəmi artan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz” də adlandırılır) potensialından tam faydalanaraq, iki ölkə arasındakı yükdaşımaları artırmaq və kommersiya əlaqələrini gücləndirmək mümkündür.

Satış həcminə görə dünyanın ən böyük e-ticarət bazarına sahib olan Çində həmçinin, geniş vüsət almış elektron ticarət platformaları vasitəsi ilə həm topdan, həm də pərakəndə şəkildə məhsul ixracatını birbaşa həyata keçirtmək olar. Çində onlayn satışın fiziki mağazaların yerini sürətlə almağa davam etdiyini nəzərə alan bir çox ixrac yönümlü ölkə və xarici şirkət bu istiqamətdə fəaliyyətlərini genişləndirir.

Bir sözlə, Azərbaycan ÜTT-yə üzv olmaqla Çinə ixracatını, o cümlədən, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində ticari əməkdaşlığı artıra bilər. Paralel olaraq, Çin investorlarının yerli layihələrə cəlb edilməsi istiqamətində işlərin aparılması labüddür. Təəssüf ki, çinlilərin əksəriyyəti Azərbaycanla ümumiyyətlə tanış deyil, region haqqında beynəlxalq KİV-lərdən aldıqları məlumat isə heç bir kommersiya layihələrinə sərmayə qoymağa sövq etmir. Bundan ötrü bürokratik və maliyyə ilə bağlı əngəllərin həlli, ölkədə əlverişli investisiya mühitinin yaradılmasına dair kampaniyanın aparılması, investorlar üçün güzəştli vergi şərtlərinin tətbiqi və onların həmçinin region ölkələrinin bazarlarına çıxması yolunda bütün imkanları səfərbər etmək lazımdır.