Togrul Valiyev

Economist

ARGENTINA AZƏRBAYCANIN ƏSAS SOYA TƏMINATÇISIDIR

26.12.2022 / Azərbaycan-Argentina iqtisadi münasibətlərinə baxış


Foto Argentinanın Azərbaycandakı səfirliyinin facebook hesabından götürülüb



Futbol üzrə XXII dünya çempionatı dekabrın 18-də bitdi və bu çempionatın qalibi Argentina oldu. Argentina yığması bununla üçüncü dəfədir, dünya kubokuna sahib olub, dütün dünyanın diqqətini ölkəsinə çəkə bilir (futbol üzrə dünya çempionatı dünyada ən çox baxılan idman yarışıdır). İndi dünyanın, demək olar ki, hər yerində camaat Argentinanı və onun komandasının qəbələsini müzakirə edir. Doğrudur, müzakirə mövzusu daha çox idmandır, ancaq dünyanı maraqlandıran həm də iqtisadiyyatdır (əslində elə futbolda da statistik təhlildən geniş istifadə edilir). Bu dəfə Qətərdə keçirilən Dünya Çempionatının iqtisadiyyatı artıq neçə aydır müzakirə olunur, maraqlı rəqəmlər səsləndirilir... Bizim üçün maraqlı olan həm də Azərbaycanın Argentina ilə münasibətləridir, daha detallı desək, iqtisadi və ticari münasibətlərin vəziyyətidir.

Diplomatik münasibətlərin tarixi

Azərbaycanla Argentina arasında ilk diplomatik münasibətlər 1993-cü il, noyabrın 8-də qurulub. 2010-cu ildə Azərbaycan Argentinaya ilk səfirini göndərib (baxmayaraq ki, Argentinada səfirliyin yaradılması haqqında qanun 2005-ci ildə qəbul olunmuşdu), 2012-ci ildə isə Argentina Azərbaycanda səfirlik təsis edib.

İki ölkə parlamentlər səviyyəsində dostluq edir. Milli Məclisin Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Xarici İşlər Nazirliyinin məlumatına görə iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb, onlardan biri də “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq haqqında Saziş”dir. Bu saziş 2012-ci ildə təsdiq edilib. Digər sənədlər mədəniyyət və turizmdən tutmuş, kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə qədər—müxtəlif sahələrdə əməkdaşlıqları əhatə edir.

Ölkələr arasında yüksək səviyyəli səfərlərin sayı çox deyil. 2013-cü il, noyabrın 1-də Argentina Milli Konqresinin Deputatlar Palatası və Senatının nümayəndə heyəti Azərbaycana gəlib. Müvafiq görüşə həsr olunan material Milli Məclisin saytında “Azərbaycan və Argentina əlaqələri inkişaf edir” adlandırılıb. Halbuki, elə həmin il iki ölkə arasında ticarət mübadiləsi 2012-ci il ilə müqayisədə 2 dəfə azalmışdı.

Azərbaycanın Argentinaya neft ixrac edib, amma Argentina nefti aldığını demir

Dövlət Statistika Komitəsinin məlumatlarına müraciət etsək, görərik ki, Azərbaycanla Argentina arasındakı iqtisadi münasibətlər, əsasən də Azərbaycan ixracatında, epizodik xarakter daşıyır. Bəlkə də buna görədir ki, səfirliklərin açılması məsələsi bu haqda qanunun qəbulundan illər sonra həll olundu. 90-ci illərə aid dövrün yarısında ölkələr arasında, ümumiyyətlə, heç bir ticarət qeydə alınmayıb. Yalnız 1999-cu ildən başlayaraq, Azərbaycan sahibkarları Argentinaya neft ixrac etməyə başlayıblar. Ancaq bu fakt Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunur, Argentina tərəfindən təsdiq yoxdur.

Bütün hallarda 2001-ci ildə Azərbaycan Argentinaya 15 milyon dollar həcmində müxtəlif məhsullar ixrac edib, onun da əsası neft olub. Müqayisə üçün 2001-ci ildə Azərbaycanın ABŞ-a ixracatına baxırıq: 13,6 milyon dollardır. Gömrük qurumlarının qeydə aldığı rəqəmlər 2001-ci ili Azərbaycanın Argentinaya ixracatının pik dövrü hesab etməyə əsas verir. Çünki 2002-ci ilki ixracat 2 milyon dollar təşkil edib, 2003-cü ildə sıfra düşüb. 2004-2010-cu illərdə Azərbaycanın Argentinaya ixracatı 115 min dolları keçməyib. Ancaq 2011-ci ildə ixracat qəfildən 13,4 milyon dollar təşkil edib və ixrac olunan əsas məhsul xam neft olub. Lakin Argentina Statistika İnstitutu bu faktı da təsdiqləmir. Argentinanın Statistika İnstitutu ökənin Latviya, Fransa, İsrail, Danimarka, Almaniya və s. tipli neft istehsal etməyən ölkələrdən neft idxal etdiyini göstərir. Əslində Azərbaycan nefti dünyaya əsasən İtaliya və ya Türkiyə vasitəsilə ixrac olunur. Amma Argentina idxalında bu ölkələrin də payı 2011-ci ildə 354 min dolları keçməyib. Yəni Azərbaycan gömrüyündə Argentinaya ixrac olunduğu göstərilən neftin məhz bu ölkəyə çatıb-çatmadığını aydınlaşdırmaq çətindir. Və bu tarixdən sonra Azərbaycanın Argentinaya ixracatında yenə durğunluq müşahidə olunur.

2020-ci ildə durğunluq birdən-birə pozulur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin il Azərbaycan Argentinaya 5,5 milyon dollar həcmində metanol ixrac edir. Və yenə də bu fakt Argentinanın rəsmi mənbələrində təsdiqini tapmır. Səbəbi müəyyən etmək bu dəfə asandır. Məsələ burasındadır ki, Azərbaycan metanolunun satıcısı qismində Gürcüstan şirkəti çıxış edir (bunun səbəbləri barədə nəsə demək çətindir). Ona görə də Argentina Statistika İnstitutu (onların uçotu məhz satıcı əsasında aparılır) metanolun Gürcüstandan idxal olunduğunu göstərir.

Göründüyü kimi, Azərbaycanın Argentinaya ixracatı 1993-cü ildən bəri epizodik xarakter daşıyıb. Yəni, əsasən heç nə ixrac olunmayıb, bəzi illərdə gah neft, gah metanol (2020), gah da karbamid (2022-ci ildə) ixrac edilib. Yəni, Argentina bu və ya digər Azərbaycan məhsulu üçün daimi istiqamət seçilməyib. Bəs Argentinanın Azərbaycana ixracatı?

Azərbaycanın Argentinadan soya idxalı iki ildə iki dəfə artıb

Argentinanın Azərbaycana ixracatı nisbətən sabit olub. 2005-ci ildən bəri bu göstərici ildə 1 milyon dolları keçməyə başlayıb və dayanmadan artıb (2012 və 2013-cü illər istisnadır, o illərdə Argentinadan idxal az olub). 2021-ci ildə Argentinadan idxal 49,6 milyon dollara çatıb. İdxal olunan nədir?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Argentinadan gətirilən əsas məhsul “soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar”dır. Soya cecələri adətən heyvandarlıqda, yem üçün istifadə olunur. Azərbaycan keçən il 94 min ton soya cecəsi idxal edib, bunun 41 min tonu Argentinanın payına düşür və bu sahədə ölkənin Argentinadan asılılığı artmaqdadır. 2020-ci ildə Azərbaycan Argentinadan 23 min ton cecə idxal etmişdisə, 2021-ci ildə 41 min ton cecə alıb. 2022-ci ilin ilk 10 ayı ərzində bu göstərici 40 min tonu keçib. Düzdür, son illər daxili istehsal da başlayıb, amma bu istehsal yerli istehlakı təmin etmək ixtiyarında deyil.

Nəticə

Azərbaycan-Argentina iqtisadi münasibətlərində Azərbaycanın ixracatı epizodik rol oynayır, onun mövcudluğu müxtəlif faktlardan asılıdır. Yəni, 2020-ci ildə Argentina istehsalçıları metanolu niyəsə Azərbaycandan almaq qərarına gəliblər. Ondan əvvəlki dövrlərdə Azərbaycan Argentinaya ixrac etmək adı ilə dünya bazarına xam neft çıxardıb (bu məhsulun hansı ölkəyə getdiyi bəlli deyil). 2022-ci ildə, karbamidin dünya bazarında bahalaşanda Argentina onu Azərbaycandan alıb. Amma Azərbaycanın Argentinadan asılılığı epizodik xarakter daşımır. Azərbaycan özü öz tələbatına uyğun soya istehsal edə bilmir. Nəticədə idxal etməli olur. Üstəlik, Rusiyanın Ukraynaya hücumu bu idxalatı bir az da zəruri edib. Azərbaycan Ukraynadan idxal olunan soyanı da Argentinadan gətirilən məhsulla əvəz etməli olub.

Azərbaycan və Argentina arasında ticarət