“Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilmiş jurnalist Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb.
O, Azərbaycan həbsxanalarındakı vəziyyətlə bağlı hazırladığı yazılara görə “Yerli jurnalist” kateqoriyasında ikinci yerin sahibi olub və 5 min ABŞ dolları məbləğində mükafat qazanıb.
Bu barədə oktyabrın 27-də Kurt Şork Xatirə Fondu məlumat yayıb.
Mükafatın münsiflər heyəti Elnarə Qasımovanın həbsxanadan hazırladığı yazıları yüksək qiymətləndirib.
Münsiflər bildiriblər ki, jurnalist öz yazılarında həbsxanalardakı korrupsiya, rüşvətxorluq, təhlükəli əmək şəraiti və məhbusların üzləşdiyi digər ciddi problemləri işıqlandırıb.
“Elnarə Qasımovanın Azərbaycan həbsxanasından hazırladığı yazılar böyük cəsarət nümayiş etdirir və həbsxana həyatının son dərəcə narahatedici tərəflərinə işıq salır”, – deyə münsiflər heyətinin rəyində bildirilib.
Münsiflər jurnalistin yığcam, faktlara əsaslanan və emosional mühakimələrdən uzaq yazı üslubunu da yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, Elnarə Qasımova özünün həbsxanada yaşadığı təcrübəyə əsaslanaraq qadın məhbusların gündəlik üzləşdiyi ayrı-seçkiliyi və alçaldıcı rəftarı sənədləşdirib.
“Abzas Media”nın mühacirətdə olan direktor əvəzi və baş redaktoru Günel Səfərova jurnalistin beynəlxalq mükafata layiq görülməsini yüksək qiymətləndirib:
“Onun yazılarının sizə çatdığını və münsiflər heyətində belə güclü təəssürat yaratdığını bilmək həqiqətən çox təsirlidir. Azərbaycanda təxminən 30 jurnalist və media işçisi həbsdədir. Belə bir beynəlxalq tanınma yalnız Elnarə üçün deyil, onların hamısı üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Bu, onlara unudulmadıqlarını, gördükləri jurnalist işinin əhəmiyyətli olduğunu xatırladır”.
“Yerli jurnalist” kateqoriyasında əsas mükafata Nigeriyadan olan jurnalist Abdullah Tijani layiq görülüb. O, ölkənin Zamfara ştatında qanunsuz qızıl mədənlərində məcburi əməyə cəlb edilən insanların vəziyyətini araşdırıb.
“Sərbəst jurnalist” kateqoriyasında əsas mükafatı fransalı jurnalist və fotoqraflar Pyer Terra və Pol Boyer, “News Fixer” kateqoriyasında isə ukraynalı Alla Didur qazanıblar.
Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatı 2000-ci ildə Syerra-Leonedə reportaj hazırlayarkən öldürülən amerikalı jurnalist Kurt Şorkun xatirəsinə təsis edilib.
Mükafat hər il münaqişələr, korrupsiya, ədalətsizlik və insan hüquqları pozuntuları barədə təhlükəli şəraitdə çalışan jurnalistlərə verilir.
Xatırladaq ki, Elnarə Qasımova həmçinin 2021-2023-cü illərdə "Açıq Azərbaycan"ın video reportyoru olub.