Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

AZƏRBAYCANDA ŞƏFFAFLIĞIN İMİTASİYASI DA BİTDİ?

13.09.2020 / Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ləğvindən sonra bu sektorda şəffaflıq məsələsi sual altındadır


1 fevral 2017-ci il tarixində MSŞT sədri Fredrik Reinfeldtin prezident İlham Əliyevlə görüşü. Foto qlobal MSŞT-nin rəsmi saytından götürülüb.

"Azərbaycanda hasilat sənayesində şəffaflığın imitasiyası da başa çatdı.” Bunu, ekspertlər, prezidentin qərarından sonra deyiblər. Azərbaycan prezidenti İlham Əliyev “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. http://e-qanun.az/framework/45507 2020-ci il, iyulun 28-də verilən fərmana görə, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya ləğv edillir, şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə olunur.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşbəbbüsündən (MSŞT) çıxanda (2017, 10 mart) şəffaflıqla bağlı beynəlxalq standartlara əməl edəcəyini bildirmişdi. Prezidentin elə həmin il verdiyi fərmanda (“Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” http://e-qanun.az/framework/35174) deyilirdi ki, bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir. Prezidentin son qərarı ilə bu fərman da ləğv edildi…

“Bu, bir addım geriləmək deməkdir”

Hökumətin yeni qərarı--hesabatlılığın təmin edilməsinin DSK-ya həvalə olunması vədləri yerinə yetirməyə imkan verəcəkmi? Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru, professor İnqilab Əhmədov deyir ki, hökumətin müvafiq qərarla bağlı açıqlamasına, hələ ki, rast gəlməyib: “Aldığım ilkin izaha görə, hökumət bu addımı MSŞ-nin yeni fazaya--sistematik açıqlama (mainstreaming) fazasına daxil olması ilə əlaqədar atıb və bu, məntiqlidir. Sistematik açıqlama fazası məlumatların daha çox onlayn portalda toplanması və onların vaxtaşırı yenilənməsi deməkdir”. Ancaq hətta belə olduğu halda, ekspertin fikrincə, MSŞT-nin sırf texniki işə çevrilməsi perspektivi yaxşı heç nə vəd etmir: “Bu təşəbbüslə başlanğıcdan yaxından tanış olan bir adam kimi onu deyə bilərəm ki, MSŞT heç vaxt yalnız texniki data yığımı və dərci prosesi olmayıb. Onun fəlsəfəsi məhz hökumətin (hasilat sənayesini) idarəetməsinin keyfiyyətini qiymətləndirməyə hədəflənmişdi və yeni fazaya keçməklə bu missiya heç də tarixə qovuşmur. Əksinə bir qədər də aktuallaşır. Fikrimcə, bu, bir addım geriləmək deməkdir”.

İ.Əhmədov DSK-nın bu işi görməyə hazır olmadığını düşünür: “Dövlət Neft Fondu digər qurumlarla müqayisədə bu işə daha hazırlıqlı idi və belə demək mümkünsə, müəyyən ənənə toplamışdı. Statistika Komitəsinin vətəndaş cəmiyyəti ilə əməkdaşlıq perspektivi bu baxımdan məndə xeyli şübhə doğurur. Vətəndaş cəmiyyəti təşəbbüsün ən vacib tərəfdaşıdır”.

İ.Əhmədov bu addımın yenidən MSŞT üzvü olmaq üçün atıldığına inanmır: “Azərbaycan MSŞT-ni tərk etdikdən sonra beynəlxalq qurumlar bu sahə ilə bağlı ölkəmizə, demək olar ki, maraq göstərmir. Amma söhbətlərində həmişə bildiriblər ki, Azərbaycanın bu beynəlxalq təşəbbüsə qayıtmasını çox istərdilər. İndi bu, ümumiyyətlə, mümkünsüz görünür. Ona görə yox ki, aparıcı qurum dəyişib (MSŞT praktikasında hökumətin aparıcı qurumunun dəyişməsi baş verib, məsələn, Qazaxıstanda qurum 2 dəfə dəyişib), ilk növbədə ona görə ki, Neft Fondundan fərqli olaraq Statistika Komitəsinə belə bir missiyanıyerinə yetirə biləcəyinə inanmıram”.

Beynəlxalq İdarə Heyətinin fikri nədir?

MSŞT Beynəlxalq İdarə Heyətinin üzvü Oleksiy Orlovski Açıq Azərbaycana müsahibəsində bildirdi ki, Azərbaycanın yeni hesabat üsullarını tətbiq edərək, mədən sektorunun şəffaflığını bundan sonra da təmin etməyə hazır olmasını alqışlayır. Ancaq Azərbaycan prezidentinin yeni fərmanı onda da suallar yaradıb. O.Orlovski hasilat sənayesində şəffaflıqla bağlı bəzi müddəalardan danışdı: “Məsələn, DSK-ya tapşırıq verilir--hesabatların davamlı toplanması və toplanmış hesabatlara əsasən ictimaiyyətə ümumiləşdirilmiş rəsmi statistik məlumatların verilməsi tapşırılır. MSŞT-nin qlobal səviyyədə əsas tendensiyalarından biri də hesabatların maksimum bölüşdürülməsidir. Ona görə də yalnız ümumiləşdirilmiş informasiyanın yerləşdirilməsi yetərli sayıla bilməz. Fərmanda həmçinin Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən xarici şirkətlərə DSK-ya lazımi məlumatları vermək tövsiyəsi verilir. Təssəvür edək ki, hansısa bir və ya bir neçə şirkət bu tövsiyəyə əməl etmir. Bu halda informasiya yarımçıq hesab olunur. Məlumatların toplanması və açıqlanmasını maksimum dərəcədə təmin etmək üçün Azərbaycanın milli qanunvericiliyinə bu məsələ ilə bağlı müəyyən məcburi hüquq normaları əlavə etmək daha məntiqli olardı”.

A.Orloviski məlumatların açıqlanması üçün elektron metodların tətbiqinin müsbət tərəfini də qeyd etdi, bunun bütün maraqlı tərəflərə (hakimiyyət orqanlarına, mədən şirkətlərinə və ictimayyətə) bu məlumatlardan fəal şəkildə yararlanmaq, müzakirələrə qatılıb, fikir bildirmək imkanı verə biləcəyini dedi.

MSŞT Beynəlxalq İdarə Heyətinin üzvü Azərbaycanı yenidən təşəbbüsə üzv olmağa dəvət etdi: “MSŞT-ni öz qərarları əsasında tərk etmiş digər ölkələr kimi bəlkə Azərbaycan da artıq bu təşkilata qarşı mövqeyinə təkrar baxmalı və bu qlobal təşəbbüsə yenidən qoşulmaq imkanını nəzərdən keçirməlidir. İdarə Heyəti və Beynəlxalq Katibliyin MSŞT Standartının tələblərinə tam uyğun olaraq, bu mövzuda danışıqlara hazır olacağına şübhə etmirəm”.

Hökumət MSŞT-nin yeni tələblərindən çəkinir

Ekspertlərin fikrincə, hökumət MSŞT-nin yeni tələblərindən yayınmaq üçün bu addımı atıb. Təşəbbüsün ilk təsis Konfransında 3 hesabat forması qəbul edilmişdi: (1) Hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərdən hökumətin əldə etdiyi ödənişlərlə bağlı hesabat; (2) Hasilat sənayesi ilə məşğul olan xarici şirkətlərin fəaliyyət göstərdiyi ölkədə hökumətə ödənişləri ilə bağlı hesabat; (3) Hasilat sənayesi ilə məşğul olan yerli şirkətlərin öz ölkəsinin hökumətinə ödənişləri ilə bağlı hesabat.

Zamanla MSŞT-nin standartlarına yeni tələblər əlavə edildi. Bunlardan daha çox şəffaflıq tələb edəni benefisiar sahibliyin açıqlanmasıdır. Benefisiar sahiblik bir şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolaylı faydalanan fiziki şəxsə aid edilir. Tələblərə əsasən, onu 2017-ci ilin yanvarına qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması tədbirlərindən ibarət yol xəritəsi hazırlayıb, dərc etməli idilər. Standartı 2020-ci ilin yanvarından tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatları açıqlamaq tələb olunur. Azərbaycan benefisiar sahibliklə bağlı öhdəliyi MSŞT çərçivəsində götürmüşdü. Ləğv olunan Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası benefisiar sahibliklə bağlı bir neçə layihə həyata keçirsə də, konkret nəticə olmadı. Bununla bağlı işlərin nə yerdə olduğunu öyrənmək istədik, Dövlət Neft Fonduna sorğumuz cavabsız qaldı.

Ekspertlər hesab edir ki, Azərbaycan beynəlxalq miqyasda tətbiq olunan yeni təşəbbüslərdən – mülkiyyət sahibliyinin açıqlanması, xammal ticarətində şəffaflıq və hesabatllııq, hasilatın pay bölgüsü sazişlərinin açıqlanması, şirkətlərin ekoloji xərcləmələrinə dair informasiyaların dərc edilməsi və gender əsaslı açıqlamaların verilməsi təşəbbüslərindən qaçmaq üçün belə qərar qəbul edib.

“Şəffaf keçmiş”

Azərbaycan MSŞT-yə qoşulan ilk ölkələrdəndir. 2003-cü il, iyunun 17-də Londonda keçirilmiş I Beynəlxalq Konfransda prezident İ.Əliyev də iştirak edirdi. O, çıxışında Azərbaycan hökumətinin MSŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etdi. Azərbaycan MSŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq, öz üzərinə götürdü.

2004-cü il, iyunun 1-4-də Bakıda keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004" XI beynəlxalq sərgi və konfransında etdiyi açılış nitqində də İ.Əliyev Azərbaycanın MSŞT-yə qoşulmasından danışdı: "Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaq. Bilirsiniz ki, Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Artıq bir ildən çoxdur ki, bu məsələ ilə ciddi məşğuluq və Böyük Britaniya Baş nazirinin təşəbbüsünü dəstəkləyirik. Deyə bilərəm ki, bölgədə Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, bu təşəbbüsdə çox fəal iştirak edir. Bu, bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında hiss etsin." http://files.preslib.az/site/oil/gl3.pdf

2004-cü ilin noyabrında Azərbaycanda MSŞT-nin tətbiqi məqsədi ilə əhəmiyyətli addım atıldı. MSŞT üzrə Komissiya, yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MSŞT-nin Azərbaycanda tətbiqi mexanizminin həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. http://eiti.az/index.php/az/senedler/memorandum Azərbaycan bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə oldu, mütəmadi hesabatlar dərc edildi. Hətta 2009-cu ildə Azərbaycan BMT-nin Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü Mükafatına layiq görüldü.

Bununla belə, Azərbaycanın MSŞT hesabatları uzun illər ümumiləşdirilmiş olub və texniki xarakter daşıyıb. Bundan başqa, vətəndaş cəmiyyətinin cəhdlərinə baxmayaraq hökumət bu təşəbbüsün qanunvericilik bazasını yaratmaqda maraqlı olmayıb.

2015-ci ilin aprelində -- vətəndaş cəmiyyətinə basqılardan sonra isə Azərbaycanın qurumda üzvlüyü namizəd səviyyəsinə endirildi. 2016-cı ilin oktyabrında isə təşkilat Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt verdi, nəticə olmadı. Martın 8-9-da MSŞT-nin Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycan "islah tədbirlərini tam yerinə yetirməmiş kimi" qiymətləndirildi və Azərbaycanın təşəbbüsdəki üzvlüyü dayandırıldı. 2017-ci il, martın 10-da Azərbaycan hökuməti təşəbbüsdən çıxdığını bəyan etdi.