Hafiz Babalı

Araşdırmaçı jurnalist

ZAUR ƏLİYEV DÖVLƏT AGENTLİYİNDƏ SƏDR, LONDONDA İSƏ ŞİRKƏT DİREKTORU İMİŞ

20.08.2020 / Qanunla bu, korrupsiya riski deməkdir

Söhbət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə heyətinin sədri Zaur Əliyevdən gedir. İnternetdə yerləşdirdiyi məlumatlar onun dövlət agentliyində sədr olduğu zaman həm də Britaniya paytaxtında “Akmu Ltd” adlı şirkətin direktoru vəzifəsini icra etdiyini göstərir.

Zaur Əliyev kimdir?

Z. Əliyevin 39 yaşı var. 2000-2003-cü illərdə “East Anglia” universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələrdə işləyib. Azərbaycan prezidentinin sərəncamıyla 2015-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə, 2017-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Məlumat Vikipediyadandır və burada Z.Əliyevin agentliyə təyinatdan əvvəl--2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə çalışdığı deyilir, “Akmu Ltd” şirkətinin adı çəkilmir. Halbuki Linkedin sosial şəbəkə hesabında Z.Əliyev “Ernst & Young” auditor şirkətində işini 2008-ci ilin iyun ayında Londonda başa vurduğunu, sonra “Akmu Ltd” şirkətində çalışdığını göstərib, ancaq növbəti illərdə peşəkar karyerasında baş verənlər haqda məlumatları bura daxil etməyib.

“Akmu Ltd”nin tarixçəsi

“Akmu Ltd” şirkəti 2008-ci ilin aprelində Londonda təsis edilib, əsas fəaliyyəti maliyyə menecmentindən başqa digər sahələrdə idarəetmə üzrə məsləhət xidmətlərinin göstərilməsi olub. Z.Əliyev şirkətin kapitalına 1000 funt qoyub. İyulda o, şirkətə rəhbərlik edən bir hüquq şirkətini kənarlaşdırıb və direktor səlahiyyətini özü icra etməyə başlayıb. 2009-cu ilin sonunda Z. Əliyev Böyük Britaniyada yaşayış izni alıb. 2010-cu ildə onun direktoru olduğu “AkmuLtd” Londonda müasir tərzdə inşa olunmuş St Corc Vorf (St George Wharf) yaşayış kompleksində 540 nömrəli mənzildə qeydiyyatda imiş.

Temza çayının sahilində, layihəsinə görə “Port Baku” yaşayış kompleksini xatırladan “Hamilton House”da yerləşən iki yataq otaqlı mənzil 2013-cü ilin sentyabrında 915 min funta satılıb. 2014-cü ildə şirkətin qeydiyyat ünvanı dəyişib və ləğv olunanadək yeni məkanda – bu dəfə Temzanın sol sahilində, Londonun mərkəzindəki “Grove Hall Court” çoxmənzilli apartamentdə yerləşib. Bu mənzili vasitəçi şirkətlər hazırda təxminən 780 min funt dəyərində qiymətləndirirlər.

İlk dövrlər maliyyə sıxıntısı olsa da, 2009-2010-cu illərdə “Akmu Ltd” mənfəətlə işləyib. 2009-cu ildə Z.Əliyev 7,5 min funt mənfəət əldə edib. Həmin ilin sonuna şirkətin bank hesabında 18 min funtdan çox vəsait olub.

“Akmu Ltd” şirkətinin son maliyyə hesabatını Z.Əliyev 2018-ci ilin avqustunda imzalayıb. 2019-cu ilin iyununda isə o, şirkətin ləğvi haqda müraciətə imza atıb. Sentyabrın 24-də “Akmu Ltd”-nin ləğvi prosesi başa çatıb.

Qanun yol verməsə də…

“Z.Əliyev “Akmu Ltd” şirkətini 2008-ci ildə Böyük Britaniyada işləyərkən yaradıb. Yalnız həmin il şirkətin maliyyə əməliyyatı olub. 2009-2019-cu illər ərzində şirkət fəaliyyət göstərməyib. 2019-cu ildə şirkəti rəsmi qaydada bağlayıb. Şirkətin təsisçisi olaraq heç bir maaşı olmayıb. Z.Əliyevin Britaniyada işlədiyi müddətdə iş və oturum izni olub. 2010-cu ildən Azərbaycana qayıdıb”. Bunları İTSDA-nın İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Aynurə Əhmədova “Açıq Azərbaycan”ın sorğusuna cavabında deyib. Lakin Böyük Britaniyada dövlət qeydiyyatından keçmiş şirkətlər haqda məlumatların toplandığı “Companies House” saytında axtarışa verəndə “Akmu Ltd”nin Z.Əliyevin dövlət agentliyinə təyinatından sonrakı dövrdə -- 2016-2018-ci illərdə də maliyyə balansları tərtib etdiyini görürük. Saytda şirkətin maliyyə öhdəlikləri barədə məlumatlar yer alıb.

Bundan başqa, 2016-cı ilin iyununda “Companies House”a verilən məlumatda Z.Əliyevin “adətən yaşadığı ölkə”nin İngiltərə olduğu qeyd edilir.

Z.Əliyev Nazirlər Kabineti yanında İTSDA-nın direktoru vəzifəsinə 2015-ci ilin oktyabr ayında təyin edilib. 2016-cı ili fevralında təsdiq edilmiş əsasnaməyə görə, qurum icra hakimiyyəti orqanı idi. Həmin ilin noyabr ayında agentlik statusunu dəyişərək, publik hüquqi şəxsə çevrilib. Hər iki halda onun rəhbəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda göstərilən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərindən biri sayılıb. Qanunun 9-cu maddəsinin 3.1-ci bəndinə əsasən, vəzifəli şəxsin “xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli vəzifə tutması və ya fəaliyyət növü ilə məşğul olması” korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir.

İcbari tibbi sığorta (İTS) sistemi hazırda Azərbaycanın bəzi ərazilərində (Naxçıvan Muxtar Respubikasının paytaxtı və bütün rayonlarında, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında) tətbiq olunur. Koronavirus pandemiyası ilə əlaqədar hökumət İTS-nin bütün ölkədə tətbiqini 2020-ci ildən növbəti ilə ertələyib.

2018-ci ildə İTSDA dövlət büdcəsindən 16 milyon 51,2 min, 2019-cu ildə 89 milyon 576,2 min manat vəsait istifadə edib. Bu il quruma 239,5 milyon manat ayrılıb.