Roza Məmmədova

Müstəqil jurnalist

44 GÜNLÜK MÜHARİBƏ NEÇƏYƏ BAŞA GƏLDİ?

16.01.2021 / Azərbaycan yalnız İsrail və Rusiyadan azı 10 milyard dollarlıq silah alıb


Türkiyənin istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatı

İkinci Qarabağ müharibəsində 2841 Azərbaycan hərbçisi həlak olub, 64 döyüşçü itkin düşüb. Bu Müdafiə Naziriliyinin son məlumatıdır.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun apardığı monitorinqə görə, Azərbaycan Silahlı Qüvələrinin (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və başqa hərbi birləşmələr) ümumilikdə 150-180 minlik şəxsi heyətindən təxminən 20%-i (30-36 min) döyüşlərə cəlb edilib. Onların təxminən 10%-i həlak olub. Beləliklə, ümumilikdə, 44 günlük müharibənin gedişində Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ümumi şəxsi heyətinin təxminən 1,8-2%-ni itirib (rəsmi rəqəmlər Ermənistanın döyüş heyətinin 5%-ni itirdiyini göstərir). Yaralıların, xəsarət alanların ümumi sayı, qeyri-rəsmi məlumatlara görə, 4 min nəfərdən artıqdır. Beləliklə, ölənlər və yaralıların ümumi sayı (təxminən 7 min) SQ və digər hərbi birləşmələrdə təmsil olunan şəxsi heyətin ümumi sayının təxminən 3,8-4%-ni, aktiv döyüşlərə cəlb olunan heyətin təxminən 20-22%-ni təşkil edir. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələrinin döyüşən hər 5 əsgərindən 1-i ya şəhid olub, ya da yaralanıb. Sentyabrın 27-dən noyabrın 9-a qədər davam edən əməliyyatlar nəticəsində ordu Azərbaycanın 5 şəhərini, 4 qəsəbəni, 240 kəndi işğaldan azad edib, Azərbaycan-İran sərhədini bütünlüklə nəzarətə götürüb.

Neft gəlirlərindən bahalı müharibəyə

2006-cı ildən---Bakı-Tiflis-Ceyhan neft kəmərinin ilk böyük gəlirlərindən sonra Azərbaycan öz hərbi xərclərini kəskin şəkildə artırdı. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIRPI) 2016-cı ilki hesabatında Azərbaycanın silah idxalını 217% artırdığını (2006–10 və 2011–15 arasında), dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında 21-ci yeri tutduğunu, Ermənistandan 20 dəfə artıq silah aldığını qeyd edirdi.

Müharibə zamanı Türkiyə mətbuatı Azərbaycanın 2 milyard 805 milyon dollarlıq büdcə ilə dünyada müdafiəyə ən çox pul ayıran 60 ölkədən biri olduğunu yazdı. 2020-ci ilin büdcə layihəsində Azərbaycan hökuməti müdafiə və milli təhlükəsizlik üçün 2 milyard 267 milyon dollar (3 milyard 853 milyon manat) ayırmağı planladığını açıqlamışdı. Bu isə 2019-cu ilki məbləğdən 20,9% çoxdur.

Nazirlər Kabinetinin 2019-cu ilki hesabatına görə, 2019-cu ildə müdafiə sifarişi üzrə ixrac əməliyyatların xüsusi çəkisi 2018-ci illə müqayisədə 5,5% artıb. Müdafiə təminatlarının istehsalı, təmiri və utilizasiyası üçün 84 735,3 min manat civarında pul xərclənib. Təkcə pilotsuz uçuş aparatlarına 52,3 milyon manat vəsait ayrılıb. Ümumilikdə, 137 milyon manat dəyərində məhsul Müdafiə Nazirliyinə və digər güc skturukturlarına təhvil verilib.

Azərbaycan silahlarını kimlərdən alır?

Azərbaycan Ordusunda “Osa-1T”, S-125 TM, “Buk-MB”, “İldırım” zenit-raket kompleksləri, “S-300 Favorit” sistemləri, həmçinin qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” – “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar – “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları mövcuddur.

Həmçinin, özüyeriyən haubitsa və artilleriya qurğuları – 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “Msta-S”, 203 millimetrlik “Pion”, eləcə də 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tank əleyhinə “Xrizantema-S” kompleksləri, DANA özüyeriyən top-haubitsaları, “Qrad”, “RM-70/85”, “BM-21”, “Smerç” yaylım atəşli reaktiv sistemləri, “TR-300 Qasırğa”, “Ekstra” taktiki, “Polonez” və LORA əməliyyat-taktiki raket sistemləri də siyahıya daxildir.

Dekabrın 10-da qələbə münasibəti ilə keçirilən hərbi paradda isə Mi-17 helikopterləri, MiQ-29 çoxməqsədli qırıcı təyyarələr və Su-25 hücum və havadan dəstək təyyarələri nümayiş olundu.

Rusiya

1991-ci ildən (SSRİ dağılandan) 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb. Sonrakı illərdə Azərbaycan Rusiyadan helikopterlər, tanklar, zirehli təmir-təxliyə maşınları, zirehli transportyorlar, tank əleyhinə komplekslər, artilleriya sistemləri və s. mallar alıb. Rəsmi məlumata görə, 2006-2016-cı illərdə Azərbaycanın idxal etdiyi müdafiə məhsullarının ümumi həcmində Rusiya silahlarının payı təqribən 22% olub. 2006-2015-ci illərdə Rusiya Azərbaycana 1 milyard 29.6 milyon dollar dəyərində silah-sursat satdığını BMT-nin statistika bölməsi vasitəsilə açıqlayıb. Bunun 975.5 milyonu 2011-2013-cü illərin payına düşür.

2015-ci ildə “Eurasianet” SIPRI-yə əsaslanaraq, Azərbaycanın silah idxalının 85 %-nin Rusiyanın payına düşdüyünü yazırdı. “TASS” agentliyinin məlumatına görə, 2010-2014-cü illərdə Bakı ilə Moskva arasında başğlanmış hərbi sazişlərin ümumi dəyəri 4 milyard dollar olub.

2018-ci il, sentyabrın 1-də isə prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekununda Azərbaycanın Rusiyadan dəyəri 5 milyard dollardan çox olan hərbi məhsullar aldığını və bu rəqəmin artacağını bəyan etmişdi.

Ancaq son beş ildə Azərbaycanın Rusiyadan silah idxalı azalaraq, 31%-ə enib.

İsrail

Hazırda Azərbaycan Ordusunun silah ehtiyacının 60%-ni İsrail qarşılayır. SIRPI-nin hesabatında deyilir ki, Azərbaycan İsraildən hərbi avadanlıqlar tədarük edən ölkələr sırasında ikinci yerdədir.

Azərbaycan prezidenti İlham Əliyev və İsrail baş naziri Benjamin Netanyahu

Qarabağda istifadə olunan “Harop” silahları, eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsraildən gətirilib. Azərbaycan hələ 2010-2014-cü illərdə ən çox pilotsuz uçuş aparatı idxal edən ölkələrdən idi, dünyada 4-cü yeri tutmuşdu.

2012-ci ildə Azərbaycan İsraildən pilotsuz təyyarələr (PUA), zenit və raketdən müdafiə sistemləri tədarükü üçün 1.6 milyard dollarlıq hərbi razılaşmaya imza atıb. Bu müqavilə Azərbaycanın tək silahlanmaya ayırdığı ən bahalı anlaşma hesab edilir, çünki ölkənin 2012-ci ilki müdafiə büdcəsinə (1,7 milyard dollarlıq) az qala bərabərdir.

İsrail Müdafiə Nazirliyi satışların təfərrüatlarını dərc etməsə də, İ. Əliyev 2016-cı ildə İsraildən 4.85 milyard dollarlıq müdafiə avadanlığı alındığını bəyan etmişdi. Son beş ildə isə İsrail 740 milyon dollarlıq məhsulla Rusiyanı keçərək, Azərbaycana silah tədarükünü artırıb.

İsraillə Azərbaycan arasında əlaqələr birtərəfli deyil; Azərbaycanın İsrailə 2018-ci ildə ixrac etdiyi məhsulların (əsasən neft) dəyəri 1,3 milyard dollar olub. Bu, Azərbaycanın ümumi ixracatının təxminən 7%-i deməkdir.

Yerusəlim Srategiya Və Təhlükəsizlik Universitetinin prezidenti Efraim Inbar Qarabağda hərbi əməliyyatlar gedərkən verdiyi müsahibələrdən birində Azərbaycanın İsrail üçün əhəmiyyətli ölkə olduğunu və İsrailin ikitərəfli müqavilələrə sadiqlik nümayiş etdirməsinin vacibliyini vurğulamışdı.

Türkiyə

Azərbaycan 2019-cu ildə Türkiyədən 20,7 milyonluq hərbi məhsul idxal edib. 2020-ci ildə bu rəqəm 6 dəfə artaraq 123 milyon dollara çatıb. Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir ki, müharibədən qabaq, yalnız sentyabr ayında Türkiyənin Azərbaycana silah ixracatı 77,1 milyon dollara qədər yüksəlib.

2020-ci ilin fevralında Azərbaycan və Türkiyə “Hərbi Maliyyə əməkdaşlığı haqqında razılaşma” imzalayıblar. Bu razılaşma Türkiyənin Azərbaycana 200 milyon türk lirəsi dəyərində maliyyə krediti verməsini nəzərdə tutub, Azərbaycanın Türkiyədən silah almasına yol açıb.

Sənəd imzalananda mütəxəssislər Azərbaycanın daha çox PUA-lara üstünlük verəcəyini bildirirdi. Qarabağda effektiv tətbiq edilən Bayraktar dronları proqnozların doğru olduğunu göstərdi.

Sentyabrda--hərbi əməliyyatlar başlayanda Türkiyə Azərbaycanın yanında olduğunu, bölgə işğaldan azad edilənə qədər Azərbaycanın hər cür tələbini qarşılayacağını bəyan etmişdi.

Belarusun istehsalı olan BUK ZRK

Ümumiyyətlə, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan hərbi xərclərini çeşitli istiqamətlərdə aparmağa başlayıb. Yerli silah sənayesini inkişaf etdirmək məqsədi ilə İsrail və Türkiyə ilə yanaşı, Cənubi Afrika Respublikası, Pakistan, Belarus ilə əhəmiyyətli lisenziyalı istehsal razılaşmaları və müqavilələr bağlanıb. BMT-nin statistika bölməsinin beynəlxalq ticarətə dair hesabatlarına görə, hələ 2010-2016-cı illərdə Azərbaycan, əsasən, Cənubi Afrika Respublikasından olmaqla, 5.6 milyon dollarlıq tank və digər özüyeriyən zirehli texnika və onların ehtiyat hissələrini satın alıb.

Hərbi Təlimlər

Müdafiə Nazirliyinin saytında və KİV-lərdə yer alan məlumata görə, müharibədən öncəki ildən başlayaraq, Azərbaycanda çox geniş miqyaslı hərbi təlimlər keçirilib. 2019-cu il, martın 11-dən 15-nə qədər baş tutan təlimlərdə 10 min nəfərə yaxın heyət, 500-ə qədər tank, zirehli texnika və digər nəqliyyat vasitələri, 300-ə qədər raket-artilleriya sistemi və 20 hərbi təyyarə iştirak edib.

2019-cu il, sentyabrın 16-dan 20-nə qədər yenə 10 min nəfərə yaxın heyətin, 100-dən çox tank və zirehli maşının, 120 raket-artilleriya sisteminin və 20 hərbi təyyarə və dronun iştirakı ilə geniş miqyaslı təlimlər olub.

2019-cu il, iyunun 7-dən 11-nə qədər Naxçıvanda Türkiyə SQ ilə birgə “Sarsılmaz qardaşlıq – 2019” təlimləri keçirlib. Təlimləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da izləyib. Müdafiə nazirliyinin yaydığı məlumata görə, təlimlərdə 5000 hərbi qulluqçu, 200 tank və digər zirehli texnika, 180-ə qədər minaatan və raket artilleriya sistemi və 21 hərbi təyyarə və helikopter iştirak edib.

2020-ci il, fevralın 25-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkiyədən modern silah almağa davam edəcəyini açıqlayanda bildirmişdi ki, təkcə 2019-cu il ərzində ölkədə Türkiyə ilə 13 ortaq hərbi təlim keçirilib, 2020-də isə daha çox təlim olacaq. Daha geniş miqyaslı birgə hərbi təlimlər elə 2020-ci ildə baş tutdu. Müharibədən az öncə--iyulun 29-dan avqustun 10-dək hərbi aviasiya vasitələrinin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda təlimlər oldu.

Hərbi əməliyyatların iqtisadiyyata təsiri

Azərbaycan hökuməti müharibə dövrünün xərcləri barədə hələ hər hansı açıqlama verməyib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin həmlələri nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib, 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs həlak olub, 400-dən artıq insan yaralanıb.

İqtisadçı ekspert Natiq Cəfərli 2021-ci ildə sosial xərclərin əvvəlki illə müqayisədə təxminən 500 milyona yaxın artacağını deyir: “Büdcədə müharibə iştirakçılarına, şəhid ailələrinə və müharibə əlillərinə kompensasiyaların verilməsi nəzərdə tutulub”.

İqtisadçı, 44 günlük savaşda hərbi sursatların çoxunun istifadə edildiyini, onların yerinin doldurulmasına ehtiyac olduğunu xatırladır: “Həmçinin, sərhədlərin möhkəmləndirilməsi, yenidən qurulması, istehkamların yaradılması və digər təhlükəsizlik tədbirləri də müdafiə xərclərinin artmasına gətirib çıxaracaq.”

N.Cəfərlinin fikrincə 2021-ci ilin dövlət büdcəsi müvəqqəti hazırlanıb və çox ciddi müzakirələrdən keçmədiyindən ilin may-iyun aylarında büdcəyə əlavə və dəyişikliklər gözlənir.

“2020-ci il xroniki xəstəlik kimi, 2021-ci ilə transfer olunur”

İqtisadçı 2021-ci ilin əvvəlki ilin davamı kimi yadda qalacağını, müharibə və pandemiyanın gətirdiyi problemlərin növbəti ilə transfer olunduğunu deyir: “Əvvəlki illərdən qalan kiçik və orta sahibkarlıq, işsizliklə bağlı problemlər də var. Bu ilin mart ayı üçün açıqlanan rəsmi işsiz sayı 90700 nəfər göstərilmişdi, amma indi 600000 insana işsizliklə bağlı müavinət verildi. On minlərlə insan sayım məhdudiyyəti olduğundan siyahıdan kənarda qaldı… Bütün bu səbəblərdən 2021-ci ildə xərclərin artması gözlənilir. Gəlirlərin isə ona müvafiq olaraq, artmasının şahidi olmaya bilərik. Ümumi büdcədə gəlir və xərc arasında kəsir 3 mlrd-dan artıqdır. İcmal büdcənin kəsiri isə 7,5 mlrd-a yaxındır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə nikbindir. O, BBC-yə müsahibəsində deyib ki, "indi Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil, daha dayanıqlı iqtisadiyyata malikdir". V.Əhmədovun sözlərinə görə, 2016-cı ildən fərqli olaraq, bu dəfə cəbhə bölgəsinə dövlət tərəfindən böyük dəstək paketi olacaq, yeni binalar tikiləcək, istehsal sahələri, mədəni obyektlərdə bərpa işləri aparılacaq".

Millət vəkilinin fikrincə, Azərbaycan müharibənin zərərlərini Avropa dövlətlərinə neft-qaz ixrac etməklə kompensasiya edə biləcək.