Togrul Mashalli

Economist

400 MILYON DOLLARLIQ “BAŞDANSOVDU” LAYIHƏ

06.01.2020 / Dəmiryolunun inkişafına ayrılan pul necə xərclənməlidir, necə xərclənir?


Foto Asiya İnkişaf Bankının saytından götürülüb.

400 milyon dollarlıq kredit müqaviləsi 2017-ci il, dekabrın 19-da Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında bağlanıb. Məbləğ 3 tərəf arasında bölünüb: AİB-nin payı 250 milyon ABŞ dolları, Fransa İnkişaf Agentliyininki 75 milyon ABŞ dolları, Azərbaycan hökumətinin payı da 75 milyon ABŞ dollarıdır.

Layihənin əsas məqsədi Sumqayıt-Yalama dəmiryolunun (paralel xətlərin uzunluğu 166,5km-dir) bərpasıdır. (Məhz bu yol Şimal-Cənub dəhlizində əsas xətt hesab olunur.) Bundan başqa, layihə dəmiryolları şəbəkəsinin xidmət səviyyəsinin artırılmasını, dəmiryolu sektorunda islahatların aparılmasını nəzərdə tutur.

Dəmiryolları həm Azərbaycanın bölgələriylə paytaxtı arasında əlaqədə, həm də ölkənin qida təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanda bu sektoru “Azərbaycan Dəmir Yolları” (ADY) QSC idarə edir. ADY 2009-cu ildə dövlət dəmiryolları idarəsinin bazası əsasında yaradılıb, hazırda ölkənin dəmiryolları şəbəkəsinin (ümumi uzunuluğu 2133 кm-dir) yeganə operatorudur. ADY əsasən iki növ xidmət göstərir; (1) yük və (2) sərnişin daşımaqla məşğuldur.

Perspektiv və reallıq

Dəmiryolu dəhlizinin modernləşdirilməsi layihəsinin yaxşı perspektivləri var. Çünki Azərbaycan vacib ticarət yolarının—Şərq-Qərb və Şimal-Cənub xətlərinin kəsişməsində yerləşir. Düzdür, neft bumuna görə ölkə bu mövqeyindən lazımınca yararlanmayıb. Halbuki nefti ixrac eləməkdən ötrü Şərq-Qərb dəmiryolu infrastrukturu zəruridirsə, qeyri-neft sektoru üçün Şimal-Cənub dəhlizi gərəklidir. Amma bu iki mühüm marşruta yanaşmada hələ də böyük fərq var.

Azərbaycanın Rusiya və İranla əlaqələrinin sıxlığına baxmayaraq, rəsmi məlumata görə, 2015-ci ildə Şimal-Cənub xətti ilə 6,3 milyon ton yük daşınıb və bu yükün 4 milyon tonu Rusiya-İran, 2,3 milyon tonu İran-Qara Dəniz istiqamətində yola salınıb. İranla Rusiya öz aralarında başqa alternativ yollardan istifadə edirlər. Və ümumi daşımalarda konteyner yüklərinin payı Rusiya-İran üzrə 16%, İran-Qara Dəniz üzrə 2%-dir. Hökumətin verdiyi məlumatlar göstərir ki, infrastruktura qoyulan əhəmiyyətli sərmayələrdən sonra—2020-ci ilə bu sahədə tranzit 40% və 25%-ə çata bilər. Bu da ki, Azərbaycanı, o cümlədən Bakını nəqliyyat mərkəzi kimi formalaşdıran digər tədbirlərlə birlikdə ÜDM-in əhəmiyyətli dərəcədə artmasına səbəb olar.

Ancaq Şimal-Cənub dəhliziylə bağlı danışıqlar 1999-cu ildən gedir və indiyədək bu sahədə heç bir əhəmiyyətli iş görülməyib. Yalnız 2018-ci ildə iki ölkənin dəmiryollarını birləşdirməli olan Astara (Azərbaycan)-Astara (İran) xəttinə ilk sınaq qatarı çıxarılıb. Sumqayıt-Yalama xəttinin bərpası və yenilənməsi də hadisədir, daşınmaların sürətini artırmaqla yanaşı, bütövlükdə dəmiryollarının inkişafına təkan verməlidir. Amma...

Layihə və xərclər haqda ətraflı məlumat verilmir

AİB və ADY-nın rəsmi saytlarında layihə çərçivəsində aşağıdakı sənədlər nəşr olunub (sıralama nəşr tarixlərinə uyğundur):

1. Layihəyə texniki dəstək haqda hazırlıq hesabatı;

2. «Initial poverty and Social Analysis» hesabatı;

3. Koçürmə planının qaralaması;

4. Ətraf mühit və kriteriyaların qiymətləndirilməsiylə bağlı hesabat;

5. AİB prezidentinin hesabat və tövsiyyələri;

6. AİB və Azərbaycan hökuməti arasında kredit müqaviləsi;

7. AİB ilə ADY arasında layihə müqavilələri;

8. Layihənin idarəsi üzrə təlimat;

9. Köçürmə planı;

10. Ətraf mühitin monitorinqi planı;

11. Layihənin idarəsi üzrə yenilənmiş təlimat;

12. 2018-ci ilin nəticələri üzrə yoxlanmış maliyyə göstəriciləri;

13. Köçürmələr və torpaqların birləşdirilməsinin başa çatması haqda hesabat;

14. Satınalmalar planı.

ADY-nin rəsmi saytında bu sənədlərdən cəmi ikisi nəşr edilib (4-cü və 9-cu bənd).

Yəni, AİB-nın saytında 14 sənəd yerləşdirilir, ancaq yerli əhalini layihə haqda azərbaycanca məlumatlandırmalı olan ADY-nin saytı problemlə doludur. Peşəkar bir komanda bu sənədlərə əsaslanaraq, layihənin monitorinqini aparmağa başlayıb.

Monitorinqin üzə çıxardığı problemlər

Monitorinq obyekti kimi daha çox yerli əhalinin haqlarına toxunan plan--köçürmə planı götürülüb. Monitorinq çərçivəsində müəyyən regionlara səfərlər təşkil olunub, əldə edilməsi mümkün olan bütün informasiyalar analiz edilib və bəzi problemlər aşkar edilib:

– Torpaqların alınması və köçürmələrin aparılmasıyla bağlı planın hazırlanması və reallaşdırlmasında çatışmazlıqlar var;

– Şəffaflığın və şikayətlərə baxılması mexanizminin olmaması üzündən 10 ailə çətin vəziyyətə düşüb;

– Cəmiyyətin məlumatlılıq səviyyəsi aşağıdır, eyni zamanda layihənin reallaşmasında və hazırlanmasında ictimaiyyətin iştirakı yox səviyyəsindədir;

– Məsələyə aidiyyatı olan icmaların müəyyən edilməsi və dəstəklənməsi ilə bağlı yarana biləcək yeni problemlərin öyrənilməsi və qarşısının alınması mexanizmi yoxdur;

– Layihə sənədləri yerli reallıqları əks etdirmir, yerli xüsusiyyətlər, ehtiyac və şərtlər qiymətləndirilməyib;

– Ölkədə, eləcə də ADY-də korrupsiyanın yüksək səviyyədə olması layihənin reallaşmasını təhlükədə qoyur;

– ADY-nin ən problemli dövlət idarələrindən olduğunu nəzərə almaq lazım gəldiyi halda şirkətdə idarəçiliyin yaxşılaşdırılmasıyla bağlı layihə komponentləri şəffaflıqdan uzaqdır.

ADY-nin adı əvvəllər bir sıra korrupsiya qalmaqallarında hallandığından daha diqqətli hərəkət etmək, məsələn, saytda işin bütün mərhələlərinin nəticələri haqda məlumat vermək, beləliklə şəffaflığı təmin etmək olardı. Lakin ADY-nin saytında layihənin ümumi durumu haqda məlumatlardan və iki sənəddən savayı nəyəsə rast gəlmək mümkün deyil. Misal üçün, hansısa elan, təlimat, qarşılıqlı əlaqə vasitələri, şikayətlərin göndərilməsi yolları göstərilmir. Halbuki, layihənin gerçəkləşdirilməsi zamanı narazılıqlar olmasın deyə, şikayət mexanizmləri, tərəflərin haqlarının qorunması vasitələri yaratmaq gərəklidir. Həm də cəmiyyətin layihəyə cəlb edilməsinə, iştirakına imkan yaranar.

Həmçinin saytda işin gedişi, əsas bəndlər, siyasət, köçürmə şərtləri və s haqda məlumat verən yol xəritəsi olmalıdır. Ancaq nə hazırlıq dövrü, nə də təyinatdan (2018-ci ilin yanvarı) sonrakı vaxtda əhatəli və detallı informasiyanın ötürülməsi əlamətini görürük.

Kompensasiya almalı şəxslərin layihədən xəbəri yoxdur

ADY-nin saytında yerli əhali ilə görüşləri əks etdirən fotolar hər hansı təsəvvür formalaşdırmır (görüş yerləri, vaxt kimi detallar yoxdur). Monitorinq zamanı məlum olub ki, hazırlıq mərhələsində Sumqayıtda əhaliylə görüş, ümumiyyətlə, keçirilməyib. Aidiyyatı olan vətəndaşları sorğu-sual edəndə onlar layihədən xəbərsiz olduqlarını, onlarla məsləhətləşmə-filan aparılmadığını bildiriblər.

Layihə sənədlərində də vətəndaş cəmiyyətinin iştirakı, ekspert rəyi haqda nə isə yoxdur. Ona görə də, məsələn, ərazilərin hansı kriteriyalara əsasən seçildiyini müəyyən etmək olmur. Bəzi məlumatlar təzadlıdır. Misal üçün, ilkin sənəddə ərazidə 10 ağacın olduğu deyilirsə, hesabatda həmin ərazidəki 17 ağacın pulunun ödənildiyi bildirilir. Monitorinq zamanı belə ağacların sayının qat-qat artıq olduğu müəyyən edilib. Qanuna görə, torpaq rəsmən ona baxan şəxsə aid olmasa belə, şəxsin əkdiyi ağacların hamısına görə kompensasiya ödənməlidir. Üstəlik, qanuna və Avropa İnsan Haqları Məhkəməsinə görə, kompensasiya zamanı özəlləşdirmə şərti qoyulursa, vətəndaşa həmin əraziləri özəlləşdirmək fürsəti verilməlidir.

Digər tərəfdən, AİB-nın təhlükəsizlik siyasəti vətəndaşların mülklərinin (torpaq mülkiyyətinə sahib olmaq haqqının mövcudluğundan asılı olmayaraq) bazara uyğun qiymətləndirilməsini tələb edir.

Layihə yolu bağlayır

Monitorinq aparan qrup aşkar edib ki, məsələn, Xudatda kazarmada tənha yaşayan, xəstə qadın personalın diqqətindən yayınıb. Ümumiyyətlə, Xudat-Qusarçay rayonunda məskunlaşmış yaşlıların çoxu dəmiryolu xidmətinin keçmiş, ya da indiki işçiləridir və bu yaşlıların hərəsi bir xəstəlikdən əziyyət çəkir. Layihə reallaşandan sonra bu adamların yaşadıqları yerlərə yol kəsiləcək, təcili yardım maşının gəlişi mümkün olmayacaq. Bu adamların mülkiyyətləri haqda sənədləri olmadığından onların tələbatları ümumiyyətlə nəzərə alınmayıb. ADY-nin saytında vətəndaşlarla bağlı sosial məsələlər haqda standart ifadələr işlədərək, donorların tələblərinin yerinə yetirildiyi bildirilir.

Layihənin mərhələləri haqda informasiyanı yalnız AİB-nın saytında görmək olur. Burda da qarşılıqlı əlaqə imkanı yoxdur. Layihənin reallaşdırılmasına cəlb olunan tərəflər (icmalar və ya QHT-lər) haqda informasiya verilmir. Konsultant, ya da hansısa işçi axtarışı haqda elan var, amma axtarışın nəticəsi haqda məlumat yoxdur. Layihə çərçivəsində tenderlər, satınalmalar haqda da məlumat əlçatan deyil.

Bütün bunlar o deməkdir ki, AİB da, hökumət də yoxlanmamış, qeyri-dəqiq məlumatlara əsaslanaraq, bu sahədəki təcrübələri nəzərə almayaraq, hədsiz formalizmə yol verib, bir sözlə, məsələyə başdansovdu yanaşıblar.