Open Azerbaijan

Analytic Portal

QALAN 18-LƏR NƏ VAXT BƏRAƏT ALACAQ?

02.06.2020 / Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarlarının icrasını yubadır

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 70 illik fəaliyyəti dövründə çıxarılmış minlərlə qərardan təxminən 20-sində 18-ci maddənin pozuntusu tanınıb. Bunun 12-si Azərbaycanın payına düşüb...

İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 18-ci maddəsi dövlətlərin məhdudiyyətlərdən istifadəsinə hədd qoyur, vətəndaşların hüquqlarının siyasi məqsədlə məhdudlaşdırılmasını qadağan edir. “Konvensiyada hüquq və azadlıqlarla bağlı yol verilən məhdudiyyətlər nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.” 18-ci maddənin izahında belə deyiir.

Azərbaycan Avropa Şurasına (AŞ) ən son daxil olan beş ölkədən biri olsa da (dövlət bu təşkilata üzv olandan sonra vətəndaşları AİHM-ə şikayət etmək hüququ qazanır), qısa müddətdə 18-ci maddə üzrə “liderlik” qazanıb. Bu siyahıdakı digər ölkələr Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və Moldovadır. Onların hərəsinə qarşı cəmi bir və ya iki işdə bu pozuntu tanınıb ( “Navalnı Rusiyaya qarşı”, “Timoşenko Ukraynaya qarşı” və s. ).

“8 nəfərin işi”

Azərbaycanla bağlı 18-ci maddə qərarları isə bu şəxslərin şikayətləri əsasında çıxarılıb: Respublikaçı Alternativ (ReAL) partiyasının sədri İlqar Məmmədov, partiyanın icraçı katibi Natiq Cəfərli, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, jurnalist Xədicə İsmayılova, keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan bir gün sonra narkotik satışında ittiham olunan Qiyas İbrahimov və Bayram Məmmədov, NİDA Vətəndaş Hərəkatının dörd fəalı, 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasının təşkilindən sonra həbs olunan Rəşadət Axundov, Rəşad Həsənov, Zaur Qurbanlı və Üzeyir Məmmədli.

AİHM belə nəticəyə gəlib ki, adları çəkilən ictimai-siyasi fəallar cinayət törətdiklərinə görə yox, siyasi motivlərlə həbs olunublar.

N.Cəfərli, X.İsmayılova, Q.İbrahimov və B.Məmmədov haqqında qərarlar ötən ilin noyabr və bu ilin fevral ayında verilib. Qalan 8 nəfərin işi üzrə qərarlar isə əvvəlki illərdə çıxarılıb. Amma...

Avropa Şurası Nazirlər Komitəsi ilk dəfədir, belə addım atır

AİHM-nin qərarlarının icrasına nəzarət edən qurum - Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətinə dəfələrlə çağırış edib, həmin 8 nəfərin işinə yenidən baxılmasını, onların hüquqi statusunun həbsdən əvvəlki duruma qaytarılmasını, yəni məhkumluqları səbəbindən məhdudiyyətlə üzləşməsinə imkan verilməməsini istəyib.

Ancaq Azərbaycan hökuməti bu çağırışa reaksiya vermədi və nəticədə İ.Məmmədov, R.Cəfərov, Z.Qurbanlı və digərləri fevralın 9-da keçirilən parlament seçkilərinə qatıla bilmədilər. Daha dəqiq desək, məhkumluqları götürülmədiyindən namizədlikləri qeydə alınmadı.

Bundan sonra Nazirlər Komitəsi ilk dəfə olaraq, Avropa Konvensiyasının 46-cı maddəsinin 5-ci bəndinə uyğun addım atdı: Azərbaycanla bağlı aralıq qətnamə qəbul etdi. “Komitə Azərbaycanın bu qrupdan olan ərizəçilərin hüquqlarını bərpa etməməsindən dərin təəssüf hissi keçirir. Azərbaycan hakimiyyətini bütün səkkiz ərizəçinin barəsindəki ittiham hökmünü təxirə salınmaz şəkildə ləğv etməyə, onların mülki və siyasi hüquqlarının tam bərpasının təmin etməyə çağırır.

Avropa Məhkəməsi onları cəzalandırmaq və susmağa məcbur etmək üçün cinayət hüququndan istifadəni qanunsuz sayıb. Məhkəmə belə nəticəyə gəlib ki, onların haqqında verilən qərarlar hökumətin cinayət hüququndan qanunsuz istifadə edərək, tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını və hüquq müdafiəçilərini cəzalandırmasını əks etdirib.” Nazirlər Komitəsinin 2020-ci il, martın 5-də qəbul etdiyi sənəddə qeyd olunur.

Konvensiyanın 46-cı maddəsi AŞ-a üzv ölkə üçün AİHM-nin qərarlarının icrasının məcburiliyini ehtiva edir. Üzv dövlət qərarı icra etmirsə, AŞ qarşısında götürdüyü öhdəliyi pozmuş olur. Bu maddəyə əsasən, AİHM üzv dövlətin Konvensiya üzrə öhdəlikləri pozması nəticəsinə gəlsə, iş yenidən Nazirlər Komitəsinə göndərilməli, lazımi tədbirlər görülməlidir.

Martın 5-də qəbul edilən sənəddən sonra Azərbaycan hökumətinə 2020-ci il, aprelin 30-na qədər vaxt verildi. Bu müddət ərzində hökumət 8 nəfərlə bağlı görülən tədbirlər haqda Nazirlər Komitəsinə hesabat göndərməli idi. Müddət başa çatıb, Azərbaycan isə öhdəliyə qismən əməl edib – aprelin 23-də Ali Məhkəmənin Plenumu AİHM-nin çıxardığı qərarlar əsasında İ.Məmmədov və R.Cəfərovun işinə yenidən baxıb. Onların barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qanunsuz həbsdə saxlandıqlarına görə ReAL sədrinə 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya təyin edilib.

Ancaq qalan 6 nəfərin işlərində dəyişiklik yoxdur. Onların məsələsinə yaxın vaxtlarda baxılacaqmı? Bilinmir. Hər halda, heç birinə bildiriş gəlməyib. (Barələrində artıq Ali Məhkəmənin qərarı olduğuna görə işə ancaq Ali Məhkəmənin Plenumu baxa və bildiriş göndərə bilər).

Azərbaycanın AŞ-dan çıxarılması məsələsi qaldırıla bilər

Azərbaycanda Konvensiyanın 18-ci maddəsinin pozulması ilk dəfə 2014-cü ildə, ReAL sədri İ.Məmmədov haqda qərarda təsdiqlənib. O zaman Azərbaycan hökuməti AİHM-nin qərarına məhəl qoymadığına, İ.Məmmədovu həbsdən buraxmadığına görə AŞ tarixində ilk dəfə Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq, üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlandı: Nazirlər Komitəsinin müraciəti baxılmaqdan ötrü 2017-ci il dekabrın 11-də AİHM-nin katibliyinə verildi, ardınca da Böyük Palataya daxil oldu. 2019-cu il mayın 29-da isə Böyük Palatanın qərarı elan edildi. Həmin vaxt İ.Məmmədov həbsdən buraxılmışdı (ReAL sədri 2018-ci ilin avqustunda azadlığa çıxıb), ancaq Palata Azərbaycan hökumətinin öz öhdəliklərinə əməl etmədiyini bildirdi.

2020-ci ilin iyun ayında Nazirlər Komitəsinin toplantısı gözlənilir. Siyahıdakı 8 nəfərdən biri A.Məmmədli hesab edir ki, o toplantıda Azərbaycanla bağlı məsələ də müzakirə olunacaq. Onun fikrincə, Azərbaycan hökuməti vəziyyətin ciddiliyinin fərqindədir: “İ.Məmmədov və R.Cəfərovla bağlı məsələ həllini tapsa belə, qalan işlərə baxılmayıbsa, bu cür nəticə Nazirlər Komitəsini qane etməyəcək. Nazirlər Komitəsi Azərbaycan hökumətiylə 8 nəfərin işiylə bağlı kommunikasiya aparır. Mən tərəflərdən biri olduğuma görə kommunikasiya prosesində hökumətin cavablarından da xəbərdaram. Hökumət onun da fərqindədir ki, qərarlar icra olunmasa, Konvensiyanın 46-cı maddəsilə bağlı müzakirələr yenidən gündəmə gələ bilər. Dövlət öhdəliyə əməl etmirsə, həm də AŞ-a üzvlükdən xaric olunma məsələsi ortaya çıxa bilər”.

8 nəfərdən Ü.Məmmədli və R.Həsənovun hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev deyir ki, İ.Məmmədov və R.Cəfərovun işinə baxılanda o, qalan 6 nəfərin də haqqında oxşar qərar veriləcəyini gösləyirmiş. “Amma sonra məlum oldu ki, xronoloji ardıcıllıq deyil, bu biri işlərin heç birinə baxmırlar. Hərçənd, mən hesab edirdim ki, o 8 işin hamısına eyni vaxtda baxılmalıydı. O qərarları oxuyub müqayisə etsəniz, görərsiniz ki, əsaslandırmalar arasında fərq çox azdır”.

Hüquqşünas ekspert Xalid Bağırov da hesab edir ki, hökumət eyni vaxtda 8 nəfərin hamısının məsələsinə baxa bilərdi: “Bu işlərin hamısına baxılmaması üçün maneə yoxdur. İ.Məmmədovun işi bir qədər fərqli olsa da, o birilər oxşardır. R. Cəfərov, A.Məmmədli və İ.Əliyevin işi demək olar ki, eynidirsə, o zaman birinə baxıb, o birilərə baxmamaq anormaldır”.

X.Bağırovun fikrincə Azərbaycan hökuməti o biri işləri yubatsa da, sonda onlara da baxmağa məcbur olacaq, çünki dövlətin AİHM-nin qərarlarını icra etmək öhdəliyi var: “Qərar varsa, icra edilməlidir. Əslində, heç kiminsə tələb etməsinə, Nazirlər Komitəsində əlavə qərarın qəbuluna ehtiyac olmamalıdır”.

18-ci maddə üzrə liderlik

X.Bağırovun sözlərinə görə, AİHM-nin Azərbaycanla bağlı işlərdə 18-ci maddənin pozuntusunu tanıması bu ölkədə siyasi motivli həbslərin həyata keçirilməsinin hüquqi baxımdan sübutudur. Amma X.Bağırov bu qərarların siyasi həbslərlə bağlı arzuolunmaz təcrübəyə təsir göstərəcəyini düşünmür: “Avropa Məhkəməsinin qərarları həm fərdi, həm də ümumi xarakterli tədbirləri nəzərdə tutur. Ümumi xarakterli tədbirlər o deməkdir ki, dövlət o işdə yol verilən pozuntunun başqalarına münasibətdə də təkrarlanmaması üçün addımlar atmalıdır. Təəssüf ki, cəmiyyət olaraq, ümumi xarakterli tədbirlərlə, demək olar, maraqlanmırıq. Halbuki, bu, çox önəmlidir. Bu yaxınlarda parlament seçkiləriylə bağlı şikayət üzrə “Abdalov Azərbaycana qarşı” qərarda Avropa Məhkəməsi seçki kampaniyası dövrünün 120 gündən 60 günə endirilməsinə diqqət yetirib. O qərarda seçki ilə bağlı ciddi məsələlər, çatışmazlıqlar əksini tapmışdı. Amma bizdə bu qərarlara diqqət yetirilmir. Bu baxımdan, 18-ci maddə üzrə “liderliyin” ölkədə siyasi motivli həbslər məsələsinə yanaşmanı dəyişəcəyinə inanmıram”.

Ümumiyyətlə, Avropa Konvensiyasının 18-ci maddəsi üzrə təxminən 50 il heç bir qərar çıxarılmayıb. Yalnız postsovet ölkələrin vətəndaşları AİHM-ə şikayət etmək hüququ qazanandan sonra bu maddə “işlək” olub. Türkiyə istisna olmaqla, haqqında bu maddəylə bağlı qərar çıxarılmış digər dövlətlərin hamısı keçmiş sovet ölkələridir. Türkiyəyə qarşı iki qərar isə son dövrlərdə verilib.