Togrul Mashalli

Economist

DÖVLƏT ƏMƏK BAZARINDA DA INHISAR YARADIR

15.04.2019 / Dövlətin əmək bazarında əsas oyunçuya çevrilməsi hansı fəsadlarla nəticələnər?

2019-cu ilin birinci kvartalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə yeni əmək müqaviləsi haqda 66 min bildiriş daxil edilib[1]. Bunun 47,5 mini özəl sektora aiddir. Ümumiyyətlə, son zamanlar hökumət nümayəndələri yeni iş yerləri ilə bağlı tez-tez çıxışlar edirlər. Yenilənmiş elektron sistemsə bu barədə dəqiq rəqəmlərlə çıxış etməyə imkan verir. KİV-lər də həmin rəqəmlərdən iqtisadi inkişafın təbliğində istifadə edirlər. Maraqlıdır ki, 2016-ci il, yanvarın 1-i ilə 2019-ci il, yanvarın 1-i arasında muzdlu işçilərin (yəni əmək müqavilələri qeydiyyatdan keçmiş işçilərin) sayı, rəsmi məlumatlara görə, 1495,8[2] mindən 1548,9[3] minə qədər, ya da belə deyək, 53,1 min nəfər artmışdır. Ancaq Dövlət Statistika Komitəsi bu dövrdə 716 min 932 yeni iş yerinin açıldığını bildirir. Həm də rəsmi məlumata görə, bu iş yerlərinin 461 min 589-u daimidir. Bəs bu necə olur? 461,5 min yeni iş yeri açılır, muzdlu işçilərin sayı cəmi 53,1 min nəfər artır? Hər iki məlumatı Dövlət Statistika Komitəsi verir.

Müvəqqəti işlərə götürülənərin sayı 2 dəfə artıb

Yeni iş yerləri ilə bağlı məlumatlarda da maraqlı məqamlar var. Belə ki, 2016-ci ildə 196,5 min yeni iş yerindən 154,8 mininin daimi olduğunu deyirdilər. Bu o deməkdir ki, həmin il müvəqqəti işlərə cəmi 41,7 min adam cəlb edilibmiş. Halbuki elə həmin il Bakıda ilk dəfə Formula-1 yarışı, U-17 arasında Avropa futbol çempionatı keçirilib. Həmin 41,7 minə abadlıq işləri ilə məşğul olanlar da daxil idi. (Müvəqqəti və mövsumi işlər adətən bəzi sahələrlə və abadlıq işləri ilə bağlıdır.)

2017 və 2018-ci illərdə durum tamamilə dəyişdi. 2017-ci ildə müxtəlif müvəqqəti işlərə 102 min insan cəlb olundu. Keçən il isə bu göstərici 111,5 min təşkil etdi. Beləcə, ümumi yeni iş yerləri arasında müvəqqəti iş yerlərin payı 2016-ci ildən 2018-ci ilə kimi artdı--21,2%-dən 46%-ə qalxdı. Demək, indi Azərbaycanda müvəqqəti və mövsumi işlərə 2 dəfə çox adam cəlb olunur. Bu göstərici bölgələrə görə də fərqlənir. Məsələn, Aran iqtisadi rayonunda 2018-ci ildə açılmış 92,9 min iş yerinin cəmi 16,4 mini daimi olub. Lənkəran iqtisadi rayonunda isə 21,2 min yeni iş yerinin 1/3-i, yəni 7,2 mini daimi imiş. Maraqlıdır ki, 2017-ci ildə eyni bölgələrdə vəziyyət başqa olub. Aran iqtisadi rayonunda 32 min daimi iş yeri açılıb (2018-ci il ilə müqayisədə 2 dəfə çox), nəticədə daimi və müvəqqəti iş yerləri arasında nisbət ½-ə çatıb. İndi isə bu göstərici ¼-dir. Lənkəran iqtisadi rayonunda isə 2017-ci ildə açılmış 28 min iş yerindən 20 mini daimi olub. Yəni indi durum kəskin dəyişib.

Daimi iş yerlərinin əsas mərkəzi Bakı və Abşerondur. 2016-ci ildə Bakı və Abşeronda daimi iş yerlərinin payı 38% təşkil edirdisə, 2017-ci ildə bu göstərici 45%-ə, 2018-ci ildə isə 58%-ə çatıb.

Yeni iş yerlərini kim açır?

2018-ci ilin məlumatına görə, daimi iş yerlərinin 75,5 mini fərdi sahibkarlıq subyektlərinin payına düşür. 2017 ildə bu göstərici 133 min, 2016-ci ildə 110 min təşkil edib. Belə çıxır ki, fərdi sahibkarlıq subyektləri tədricən daha az iş yeri açmağa başlayılar. Digər məlumata görə, yeni yaradılmış müəssisə və təşkilatlarda 2018-ci ildə 10,3 min iş yeri açılıb. 2017-ci ildə bu göstərici 18,5 min olub.

DSK-nın cədvəllərindən məlum olur ki, əmək bazarında əsas rol tədricən dövlətə keçir. Əgər 2016-ci ildə dövlət mülkiyyətində olan müəssisələr 60,3 min iş yeri açmışdısa və bu, ümumi hesabın 30%-ni təşkil edirdisə, 2017-ci və 2018-ci illərdə uyğun göstəricilər 109,7 və 127,2 min olub. Faizlə desək, 2017-ci ildə yeni iş yerlərinin 39%-i, 2018-ci ildə isə 53%-i dövlətin payına düşüb. Yəni dövlət mülkiyyətində olan müəssisələrin bu sahədə payı tədricən artıb.

Dövlət əmək bazarında inhisar yaradır, həm də fəsadlardan xəbərsizcəsinə...

2019-cu ildə hökumətin sosial siyasətdən imtina etmək niyyətində olmadığı görünür. Sosial siyasətin əsas istiqaməti isə adətən əmək bazarında aktiv iştirakla təcəssüm olunur. Bu il DOST layihəsi də işə salınır. Elə tək bu mərkəzlər 30 min yeni iş yeri açmalıdır. Bundan başqa həm abadlıq işləri, həm də digər infrastruktur işləri davam etdirilir. Tikinti layihələrinin böyük hissəsi də bu və ya digər halda hökumətin qərarları ilə (Bayıl, Nərimanov, Yasamal bölgələrində söküntülər və s.) və ya birbaşa dövlət büdcəsi ilə (yeni ASAN mərkəzlərin, xəstəxanaların tikintisi, yolların bərpası və s.) bağlıdır. Bütün bunlar o deməkdir ki, dövlət əmək bazarında əsas oyunçuya çevrilməkdədir. Özəl sektor dövlətlə rəqabətə girə bilmir. Yəni dövlət burada da müəyyən mənada inhisar yaradır. Amma bu inhisarın bəzi mənfi cəhətləri də var. Əmək bazarında dövlətin üstünlüyü iqtisadi inkişafın dövlət büdcəsi xərcləri ilə sıx bağlı olmasına gətirib çıxarır.Yəni əmək bazarını dövlət büdcəsinin gəlirlərindən asılı vəziyyətə salır. Dövlət büdcəsi isə neft gəlirlərindən asılıdır. Deməli, neft bazarında hər hansı təlatüm baş versə, əmək bazarı bunu dərhal hiss edəsidir.

Bəs hökumət belə arzuolunmaz durumun yaranmasının fərqindədirmi? Durumu dəyişməyə çalışırmı? Sonuncu addımlarından elə çıxır ki, bu vəziyyət hökuməti qane edir və dəyişikliyə ehtiyac görən yoxdur. Əksinə, dövlətin əmək bazarında payı artmaqda, yeni-yeni qurumlar və dövlət şirkətləri yaradırlmaqdadır.