Toğrul Maşallı

İqtisadçı

AZƏRBAYCANIN LİFT TƏSƏRRÜFATINA “XƏRCLƏNƏN” MİLYONLAR

23.04.2019 / Bakı Lift Təmir İstehsalat Birliyinin maxinasiyaları

Fevralın əvvəlində prezident “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama görə, 2019-cu ilin dövlət büdcəsində digər layihələr üçün nəzərdə tutulmüş vəsaitin bir hissəsi-- 40 milyon manatı liftlərin təmirinə ayrılıb. Bu məbləğin Azərbaycanın bir neçə şəhərində 6-14 mərtəbəli binalardakı liftlərə xərclənməsi nəzərdə tutulub.

Prezidentin sərəncamından xeyli vaxt keçsə də, liftlərin dəyişdirilməsinə dair hər hansı müqavilənin olub-olmadığına dair məlumat ala bilmirik. Ancaq bəzi müqavilələrin əvvəlcədən imzalandığını demək olar. Çünki sərəncama edilən əlavədə liftlər və şəhərlər üzrə dəqiq rəqəmlər göstərilir. Aşağıdakı cədvəl həmin əlavəyə əsasən hazırlanıb.

Cədvəldən görünür ki, liftlərin təmirinin ən baha başa gələcəyi şəhər Gəncə olacaq. Gəncədə liftlərin yenilənməsinə orta hesabla 73 min manat xərclənməlidir. İkinci yeri Lənkəranla Salyan bölüşür. Bu şəhərlərdə liftlərə 60 min manat nəzərdə tutulub. Bakı 56,7 min manatla 3-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, 6-9 mərtəbəli binalarda liftlərin dəyişdirilməsinə ortalama 50,6 min manat xərclənəcək. 10-16 mərtəbəli binaların liftlərinə yalnız Bakı və Mingəçevirdə əl gəzdirəcəklər. Bu da, cədvələ görə, 66 min manata başa gəlməlidir. Beləliklə, cəmi 751 lift dəyişdiriləcək (237 binada).

Martın 12-də isə Naxçıvan Muxtar Respublikasında liftlərin dəyişdirilməsiylə bağlı sərəncam imzalanıb, 449 min manat ayrılıb. Ancaq Naxçıvanla bağlı sərəncamda detallı məlumat yoxdur[i].

Azərbaycanda ictimaiyyət, adətən, qərarvermə prosesindən kənarda qalır. Amma lift məsələsində bir qədər şəffaflıq nəzərə çarpıb. Belə ki, 2019-cu il, yanvarın 15-də Azərtac Gəncə şəhərində 70 yeni lift quraşdırıldığını və daha 72 liftin dəyişdirilməsinə ehtiyac yarandığını yazmışdı. Bu xəbərdən çox keçmədən verilən sərəncamda biz 75 liftin dəyişdirilməsinə dair qərarı görürük. Sumqayıtda da belə oldu. 2018-ci ilin sonunda prezidentin sərəncamı ilə Sumqayıt İcra Hakimiyyətinə 62 liftin dəyişdirilməsindən ötrü 2,5 milyon manat (hər liftdən ötrü təxminən 40 min 322 manat) verildi[ii].

Ümumiyyətlə, lift idxalında son illər artım müşahidə olunur. 2016, 2017 və 2018-ci illərdə Azərbaycana müvafiq olaraq 1348, 1037 və 1850 lift idxal edilib. Azərbaycanın lift tələbatı ildə orta hesabla 1-1,5 mindir. Bunun bir hissəsi dövlət qurumlarına, bir hissəsi kommunal tələbata görə alınır. Dövlət qurumlarına lazım olan liftləri qurumlar özləri birbaşa əldə edir. Yaşayış binalarının liftlərinə isə yerli İcra Hakimiyyətləri nəzdində olan lift-təmir idarələri cavabdehdir. (Liftlərin köhnəlməsi də çox vaxt məhz bu qurumların qeyri-effektiv fəaliyyəti ilə bağlıdır.)

Bütün bunlar Azərbaycanın lift təsərrüfatı bazarında da əsas oyunçulardan birinin dövlət olduğunu göstərir. Bəs liftlərin sifarişləriylə bağlı tenderlərin qalibləri kimlərdir?

Bütün tenderlər “Otis” şirkətinə verilir. Niyə?

2018-ci ildə Sumqayıtda liftlərin dəyişdirilməsinə dair tenderi “Baki Otis Lift” MMC” (“Otis”) udmuşdu. Adı bir neçə il davam etmiş korrupsiya qalmaqalında hallanan “Otis” Azərbaycanın ən iri lift şirkətlərindəndir, idarəçisi qismində ABŞ-da qeydiyyatdan keçmiş UTC şirkəti çıxış edir.

Azərbaycan hökuməti 2012-ci ildə də Bakıda köhnə liftlərin dəyişdirilməsinə qərar vermişdi. Bununla bağlı 2013-cü ilin aprelində sərəncam imzalanmışdı və icra hakimiyyətlərinə 7 milyon manat ayrılmışdı[iii]. Lift təsərrüfatının yenilənməsinə ayrılan vəsait, əlbəttə, bununla bitməmiş, dövlət büdcəsindən ayrı-ayrı maddələr üzrə də xərclər olmuşdu. Və mətbuata sızan məlumata görə, o zaman--2012 və 2014-cü illərdə “Otis” yerli tenderlərdə qalib gəlməkdən ötrü məmurlara qeyri-qanuni ödənişlər edirmiş. “Otis” eyni praktikanı Çində də davam etdirib, bəzi ölkələrdə (Küveyt, Pakistan və s.) istəyinə ödənilmiş istirahət turları və ya əyləncələrlə nail olurmuş[iv].

ABŞ-nin qiymətli kağızlar və birjalar üzrə komissiyasının (SEC) məlumatına görə[v], Azərbaycanda “Otis” ödənişləri “Liftremont” qurumunun rəsmi şəxslərinə göndərib. Birinci dəfə müvafiq sxemdən 2012-ci ilin martında istifadə olunub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin 44%-nin “Liftremont”un vəzifəli şəxslərinə ötürülməsi üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə edilib. Məlumatda deyilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb.

İstehsalat Birliyi rəhbərliyinin hesabına köçürülən 12 milyon dollar

2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər “Otis” Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. Nəticədə “Otis Rusiya” (“Otis Russia”) şirkəti “Liftremont”la 9 müqavilə imzalayıb. Məlumata görə, müqavilələr İstehsalat Birliyinin “yüksək vəzifəli şəxsinin” göstərişi ilə dörd ayrı vasitəçi şirkət üzərindən bağlanıb. Və “Otis Rusiya” liftləri həmin vasitəçilərə hər dəfə eyni qiymətə satıb. Vasitəçilər də, sövdələşməyə əsasən, liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift Təmir İstehsalat Birliyinə satıblar. Arada olan fərq birliyin rəhbərliyinin hesablarına keçirilib. Qiymətlər arasında fərq 11,8 milyon dollar olub. Bu pulların müəyyən hissəsi rəsmi şəxslər üçün nəzərdə tutulub.

SEC “Otis Rusiya” şirkətinin menecerləri ilə Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyi arasında elektron yazışmaları da əldə edib. Yazışmalardan məlum olur ki, rüşvət pulları ya üçüncü ölkəyə, ya birbaşa Azərbaycana transfer edilib. Məsələn, faktların birində şirkət menecerləri Türkiyədə əmlakla bağlı müzakirələr aparırlar.

“Otis Rusiya” Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərlərinə qanunsuz ödəmələr etmək üçün başqa sxemlərdən də istifadə edib. Sxemlərdən birinə əsasən, Bakı Lift Təmir İstehsalat Birliyi “Otis Rusiya” şirkətinin Azərbaycan distribütoru seçilib. Halbuki, birlik dövlət orqanıdır və bu səbəbdən onun şirkət distribütoru qismində çıxış etməsi mümkün deyil. Üstəlik, bu razılaşmanın reallıqda istifadə olunmasına dair faktlar müəyyən edilməyib. Nəticədə bu sxem də korrupsiya sxemi hesab olunub.

Maraqlıdır ki, bu məsələ 2017-ci ildə araşdırılmağa başlanıb. O zaman, KİV “Otis Rusiya” rəhbərliyinin Lift Təmir İstehsalat Birliyinə 1,7 milyon dollar rüşvət verdiyini yazırdı. Xəbərlərdə bu məbləğə İstanbulda 4 mənzil alındığını deyirdilər. Həmin vəsait o zaman “Otis Rusiya”ya ən azı 14,6 milyon dollarlıq kontraktlarda qalib gəlməyə imkan vermişdi. Azərbaycanda bununla bağlı hər hansı işin aparılmasına dair məlumat yoxdur.

İndi də sərəncam var, ancaq müqavilələrə dair məlumat yoxdur. Doğrudur, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Lift-Təmir İdarəsinin rəhbərliyi dəyişib. Bəs sxemlər necə, görəsən, dəyişiblərmi?



Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. URL: https://azertag.az/xeber/1242271
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.. ƏLAVƏ. URL: https://azertag.az/store/files/2019/FEVRAL/05.02.19/Liftl%C9%99rCedvel.pdf
Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. URL: https://azertag.az/xeber/1257419

Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında. URL: http://e-qanun.az/framework/40701

Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında. URL: http://e-qanun.gov.az/framework/25518
Case Information. In the Matter of United Technologies Corporation. URL: http://fcpa.stanford.edu/enforcement-action.html?id=712
United States of America before the Securities and Exchange Comission. Administrative proceeding. URL: http://fcpa.stanford.edu/fcpac/documents/5000/003733.pdf