Açıq Azərbaycan

Analitik Portal

“YOXLAMA APARIB RÜŞVƏT ALIRDIQ, AYDA 5 MİN MÜDİRƏ VERİRDİK“

06.11.2022 / Səlim Müslümovun məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rüşvət mexanizmləri haqda etiraflar


Foto “Azərtac”dan götürülüb



27 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvət almaqda təqsirləndirilən və hazırda ev dustaqlığında olan Səlim Müslümov 4 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Hər dəfə də məhkəmə iclaslarında şahidlər dindiriləndə Qarabağ əlilləri və şəhid ailələri üçün evlərin tikintisi zamanı yeyintilər, rəqəmlərin şişirdilməsi, bu tikintini həyata keçirən şirkət rəhbərlərindən rüşvət alınması, nazirlikdə keçirilən tenderlərin əksəriyyətinin saxta olması və başqa korrupsiya hallarından danışırlar. Bu mənada, noyabrın 5-də keçirilən məhkəmə iclası da istisna olmayıb.

Şahidlər bildiriblər ki, Qarabağ müharibəsi iştirakçıları üçün tikilən hər evə görə nazirliyə 6 min manat pul verilməliydi. Bundan əvvəlki məhkəmə iclaslarında dindirilən şahidlər də bənzər ifadə vermişdi.

Qazilərə tikilən 11 evə görə nazirliyə 66 min manat rüşvət

“Təmir-Tikinti” MMC-nin rəhbəri Elman Səfərov deyir ki, nazirliyin Tikilməkdə Olan Obyektlər İdarəsinin rəisi olmuş Natiq Əzizovla həmkəndlidilər. Bu üzdən Natiq Əzizov ona Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev tikmək işini həvalə edib. Amma ondan da hər evə görə 6 min manat alıb: “Mənim şirkətin vasitəsilə 2 fərdi ev tikilib. Buna görə Natiq Əzizova 12 min manat vermişəm”.

O, əlavə edib ki, sonradan başqa həmyerliləri ilə birlikdə 6 şirkət təsis ediblər. Bu şirkətlər də tenderdə qalib gəlib, Zaqatala rayonunda 11 ev tikib. Həmin 11 evin tikintisinə görə nazirliyə ümumilikdə 66 min manat veriblər.

Bu iş üzrə məhkəmə iclaslarında dindirilən bir sıra şahidlər vardı ki, sənəd üzərində şirkət rəhbərləridir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tenderlərində qalib gəliblər, rəhbərlik etdikləri şirkətlərin hesabına yüzminlərlə vəsait köçürülüb. Amma özlərinin nə tenderdən xəbəri var, nə də köçürülən pulları görüblər. Onların bir qismi deyirdi ki, aylıq müəyyən vəsaitin (200-500 manat) müqabilində adlarına şirkət açılıb, amma onun nə iş gördüyündən xəbərləri olmayıb.

Belə şirkət rəhbərlərindən biri də Lənkəran sakini Balaverdi Ağayevdir. O, noyabrın 5-də məhkəmədə hakim Faiq Qəniyevin suallarını cavablandıranda məlum olub ki, ümumiyyətlə, tenderin nə olduğunu bilmir. Onun sözlərinə görə, xalası oğlunun vasitəsilə adına şirkət açılıb, başqa heç nədən xəbəri yoxdur.

Bu məhkəmə prosesində məlum olmuşdu ki, Qarabağ əlilləri və şəhid ailələrinə verilən evlərin bir hissəsi tikilsə də, bir hissəsi alınıb. Həmin evlərin əvvəlki sahibləri məhkəmədə dindiriləndə demişdilər ki, mənzil satışına görə onlara ödənilən vəsaitlə alqı-satqı müqaviləsində yazılan rəqəm eyni olmurdu. Amma onlar istədikləri qiymətə satdıqlarına görə sənəddəki rəqəmin artıq olmasına əhəmiyyət vermirdilər.

Nazirliyin Tikilməkdə Olan Obyektlər İdarəsində texniki nəzarətçi işləmiş Telman Səfərov isə evlərin təmiri zamanı yol verilən yeyintilərdən danışıb. O, etiraf edib ki, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar olurdu: “Mən evlərin təmirində iştirak edirdim. Natiq Əzizova hər evə görə müxtəlif məbləğlər verirdim – 5 min, 9 min, 15 min... Elə olub ki, evin təmiri sənəddə 50 min göstərilib, amma mən 30 minə təhvil vermişəm. İstifadə edilən materiallarda da yeyintilər olurdu...”

Nazirlik daxili rüşvət piramidası

Noyabrın 5-də məhkəmədə dindirilən daha bir şahid – Elxan Səlimov isə nazirliyin tabeliyində olan Dövlət Əmək Müfəttişliyindəki rüşvət mexanizmi haqda danışıb. Səlimov özü də bu qurumun tərkibində Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin audit sektorunun baş məsləhətçi işləyib. O, etiraf edib ki, paytaxt ərazisindəki müəssisələrdə əmək məsələlərilə bağlı qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlamaqla rüşvət toplayırdılar. Onun sözlərinə görə, hər gün yoxlamaya 2 nəfər birlikdə gedirdilər. Müəssisələrdə əsasən, işçilərlə əmək müqaviləsinin olub-olmaması, maaşın rəsmiləşdirilməsi kimi məsələləri yoxlayır, nöqsanlar tapırdılar. Ortaya çıxan qanun pozuntularını ört-basdır eləməkdən ötrü müəssisələrin rəhbərlərindən pul alırdılar:

“Yığılan pulları Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə verirdik. Hər ay 5 min manat verirdik. O da bizə həmin puldan müəyyən qədər qaytarırdı...”

Fuad Əlizadə 2005-2014-ci illərdə audit şöbəsinin rəhbəri, 2014-2018-ci illərdə isə Dövlət Əmək Müfəttişliyinin rəisi işləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan böyük strukturlardan biri də Dövlət Sosial Müdafiə Fondudur. Səlim Müslümovun məhkəməsində Fondun müxtəlif rayon şöbələrinin rəhbərləri də dindirilir. Onlar ifadələrində bildiriblər ki, Bakıdan yoxlama gəlirdi, rəhbərlik etdikləri şöbədə nöqsan aşkarlanırdı. Bundan sonra həmin vəzifədə qalmaları üçün onlardan pul tələb olunurdu. Tələb olunan pulu verəndən sonra sadəcə, onlar haqqında töhmət əmri verilirdi, bununla da məsələ qapanırdı.

2014-2021-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin müdiri olmuş Xalis Həsənov da noyabrın 5-də məhkəmədə oxşar məzmunda ifadə verib. O bildirib ki, yoxlama zamanı şöbədə ortaya çıxan nöqsanların ört-basdır edilməsi üçün nazirliyin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşüb, ona 12 min manat pul verib.

Bundan əvvəlki məhkəmə iclaslarında dindirilən keçmiş şöbə müdirləri də Xanlarovun adını çəkiblər. O, növbəti məhkəmə iclasında dindiriləcək.

Nizami Xanlarovun Xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu olduğu bildirilir.

Səlim Müslümov məhkəmə iclaslarında səslənən bu ittihamların heç birinə cavab vermir. O, deyilənləri nə təsdiq, nə də təkzib edir.

Ümumiyyətlə isə sabiq nazir məhkəmənin əvvəlində ittiham elan olunanda özünü qismən təqsirli bildiyini deyib. O, ifadə verməkdən də imtina edib.

Tarixçə

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb. İl yarıma yaxın DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini (təxminən 20 milyon manat) ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Əjdər Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.