Açıq Azərbaycan

Analitik Portal

SƏLİM MÜSLÜMOV MƏHKƏMƏSİNİN QAPALI KEÇİRİLMƏSİNİ İSTƏYİRDİ

08.08.2022 / Məhkəmə 27 milyon manat rüşvət və mənimsədə ittiham olunan keçmiş nazirin istəyini qəbul etmədi

13 milyon manat rüşvət alma və 14 milyon manat büdcə vəsaitinin yeyintisində ittiham olunan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi başlayıb. Ancaq o, məhkəməsinin qapalı keçirilməsini istəyir.

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nazirin işi üzrə məhkəmə prosesi başlayıb. Onun işini Faiq Qəniyevin sədrliyilə, Məhəmməd Əkbərov və İlham Mahmudovdan ibarət hakimlər kollegiyası araşdırır.

Avqustun 8-də məhkəmənin hazırlıq iclasında Səlim Müslümovun anket məlumatları – təvəllüdlü, harada yaşaması, fəaliyyətilə bağlı məsələlər dəqiqləşdirilib. Ardınca bu iş üzrə məhkəmə istintaqının başlanması məsələsi müzakirə olunanda Səlim Müslümovun vəkili buna etiraz etməsə də, məhkəmənin qapalı keçirilməsi haqda istəklərini çatdırıb.

Vəkil Ayxan Rüstəmzadə bu haqda vəsatətini əsaslandırarkən bildirib ki, Səlim Müslümov uzun illər yüksək vəzifələrdə çalışıb, onun işində peşə fəaliyyətinə aid, kommersiya sirri təşkil edən məlumatlar var. Həmin məlumatların geniş ictimaiyyətə açıqlanması isə doğru olmaz.

“Hesab edirik ki, peşə, kommersiya sirri təşkil edən məlumatların yayılmamasının qarşısını almaq üçün məhkəmə prosesi qapalı keçirilməlidir”, - vəkil bildirib.

Səlim Müslümov da vəkilinin fikirlərini müdafiə edib.

Lakin hakimlər vəsatəti təmin etməyib. Vəkillərə deyilib ki, hazırkı mərhələdə peşə, kommersiya sirri hesab olunan məlumatların müzakirəsi getmədiyinə görə prosesin qapalı keçirilməsinə də ehtiyac yoxdur.

Növbəti məhkəmə iclası avqustun 15-nə təyin edilib. Həmin iclasda prokuror keçmiş nazir haqqında ittiham aktında yazılanları elan edəcək, ardınca ifadələr başlayacaq.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, 7 milyon ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Səlim Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Səlim Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərindən rüşvət almaqda və s. əməllərdə təqsirləndirilir.