Nurlan Hüseynov

Müstəqil jurnalist

PELOSİNİN ERMƏNİSTANA SƏFƏRİ NƏYİ DƏYİŞİR?

21.09.2022 / ABŞ-da seçkiöncəsi atılmış siyasi addım, yoxsa…

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi son 30 ildə Ermənistana səfər edən ən yüksək rütbəli Amerika rəsmisidir. Xanım Pelosinin özünün dediyi kimi, bu səfər Azərbaycanla Ermənistan arasında toqquşmadan xeyli əvvəl planlanıb. Hələ sentyabrın 16-da Berlində jurnalistlərin suallarını cavablandırarkən N.Pelosi səfəri haqda bunları deyib: İstənilən halda söhbət insan haqlarından, hər bir insanın ləyaqət və dəyərlərinə hörmətdən gedir.

“The New York Times” qəzeti xanım Pelosinin səfərinin ABŞ-da noyabrda keçiriləcək seçkilər ərəfəsi atılmış siyasi addım kimi dəyərləndirildiyini yazır. Bununla belə, amerikalı spikerin İrəvanda səsləndirdiyi ittihamlar Azərbaycan cəmiyyətində narahatlıq doğurub.

N.Pelosi Ermənistanda 3 gün qaldı N. Pelosi İrəvana sentyabrın 17-də--Azərbaycanla Ermənistan arasında silahlı toqquşmalardan (12-13 sentyabr) bir neçə gün sonra gəldi. 3 gün çəkən səfərində spiker əvvəl "Erməni Soyqırımı" qurbanlarının xatirə memorialını ziyarət etdi, sonra Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb, birgə mətbuat konfransı keçirdi. Ardınca N.Pelosi Gafejiyan İncəsənt mərkəzində çıxış edib, baş nazir və müdafiə naziri olmaqla Ermənistan hərbi siyasi rəhbərliyi və müxalif partiyaları ilə görüşlər keçirib. Bu görüşlərdə o, Amerikanın Ermənistana dəstəyini ifadə etməklə yanaşı, Azərbaycan əleyhinə ittihamlar səsləndirib.

A. Simonyanla görüşündə N.Pelosi Azərbaycanı “Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlar təşkil etməkdə” günahlandırıb: “Biz nümayəndə heyətimiz və ABŞ Konqresi adından çox ehtiyac duyulan sülh sazişinin perspektivlərini təhdid edən bu hücumları qətiyyətlə pisləyirik.” N.Pelosi münaqişəyə görə Azərbaycan və Türkiyənin məsuliyyət daşıdığını da vurğulayıb: “Əvvəlki görüşdə qeyd etdim ki, biz uzun müddət, onilliklər ərzində Konqresdə və ikipartiyalı şəkildə Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyə ilə yanaşı, Azərbaycanı da cavabdeh tutmağa çalışmışıq.”

“Daşnaksütyun” partiyasının ali şurasının rəhbəri İşxan Sağatelyan amerikalı rəsmi ilə görüşdə Amerikanın Azərbaycana hərbi və siyasi dəstəyinin qəbuledilməz olduğunu, “Azadlığa dəstək” aktının 907-ci düzəlişi və gələn il Azərbaycana dəstəyin dayandırılmasının vacibliyini müzakirə etdiklərini bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı N.Pelosi Ermənistanın yanında olduqlarını bildirib: “Ermənistanda demokratiyaya, erməni soyqırımının tanınması qətnaməsinə dəstək, Dağlıq Qarabağ məsələsində Türkiyəyə qarşı mübarizə və bütün digər məsələlərdə biz Ermənistanın dostuyuq. Biz hökumətinizə hörmətlə buradayıq.”

Ermənistanın Müdafiə Naziri Suren Papikyanla görüşdə iki ölkənin müdafiə sahəsində əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Bu məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb. Bəs bu əməkdaşlıq nə qədər realdır?

Ekspertlərin Pelosinin səfərindən gözləntiləri

ABŞ-ın Ermənistana hərbi yardımı, Azərbaycana hər hansı sanksiya ehtimalı ola bilərmi?

Əslində hərbi yardımla bağlı N.Pelosi özü, ya da ABŞ heyətinin digər üzvləri konkret heç nə deməyiblər. Mətbuat konfransında həm spiker, həm də heyət üzvlərindən Frank Pallone daha çox Ermənistanın ehtiyaclarına qulaq asdıqlarını və bundan sonra nələrin edilməsinin mümkün olduğunu götür-qoy edəcəklərini bildirib.

Regional Araşdırmalar Mərkəzinin direktoru, analitik Riçard Qiraqosyan da ABŞ-ın Ermənistana hər hansı hərbi yardımının mümkünlüyü ilə bağlı skeptikdir: “Məncə bu məsələdə Qərbdən birbaşa hərbi yardım və ya silah ala biləcəyimiz illüziyasından uzaq durmalıyıq. Ukraynada vəziyyət tamamilə fərqlidir və Ermənistanla bağlı baş verənlərlə heç bir əlaqəsi yoxdur.” Bununla belə, R.Qiraqosyanın fikrincə N.Pelosinin bu çətin vaxtda Ermənistana səfər etməsi ABŞ-ın regionla bağlı siyasətində dəyişikliyin başlanmasının sübutudur. “Bu, hələ siyasət dəyişikliyinin yalnız başlanğıcıdır. Bu, Qərbin ABŞ və Aİ-nin regionda daha çox iştirakından xəbər verir”.

Erməni politoloq Edqar Elbakyan deyir ki, N.Pelosinin özünün Ermənistana Azərbaycanla mübahisələrini həll etmək üçün təklif edəcəyi heç nə yoxdur: “Onlar sözdə təhlükəsizlik zəmanəti verə bilərlər, lakin bunlar kasıblar üçün danışıqlardır. Əslində onlar bədbəxt Amerika arzusundan başqa heç nə təklif edə bilməzlər.”

“Pelosinin Azərbaycan əleyhinə açıqlamaları ABŞ-ın maraqlarına ziddir”

N.Pelosinin Ermənistan səfərindən azərbaycanlı politoloqlar da çox şey gözləmirlər, Azərbaycana qarşı sanksiyaların tətbiqini də istisna edirlər. Məsələn, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Amerikanın təhlükəsizlik maraqları Azərbaycanla hərtərəfli əməkdaşlığı diqtə edir: “ABŞ Nümayəndələr Palatasının sədri N.Pelosinin Ermənistana səfəri və İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına ziddir. ABŞ-da erməni lobbisi və onlara bağlı bir qrup konqresmen ölkəmizi hədəf seçsə də, Amerikanın təhlükəsizlik maraqları Azərbaycanla hərtərəfli əməkdaşlığı diqtə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində kiçik də olsa, pay sahibi olması Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynaması da Vaşinqtonun diqqət mərkəzindədir”.

“The New York Times” spikerin Ermənistana səfərinin ABŞ-ın çoxdan nüfuz qazanmağa çalışdığı keçmiş Sovet İttifaqı ölkələrində güc balansını dəyişmək və ABŞ konqresinin siyasi gücünü artırmaq cəhdi olduğunu yazır. Səfər haqda məqalədə qəzet həmçinin uzun müddət Ermənistanın müdafiəçisi rolunu oynamış Rusiyanın Ukraynada zəiflədiyini və Azərbaycanın N.Paşinyanı sülhə çəkmək üçün sıxışdırdığını qeyd edir. Rəsmi məlumata görə, son toqquşmalarda Azərbaycan 80 nəfər, Ermənistan 300-ə qədər itki verib.