Nurlan Hüseynov

Müstəqil jurnalist

İRANA YENİ SANKSİYALAR QOYULUR

15.11.2022 / Rusiyaya dron satışı, üstəlik daxili iğtişaşlar Tehranı sanksiyalarla üzləşdirib

Noyabrın 14-də Avropa Birliyi İranda daha 3 qurum və 29 şəxsi məhdudlaşdırıcı tədbirlərə məruz qalanlar siyahısına daxil edib. Bu, Birliyin İran hökumətinin son nümayişlərə qarşı sərt tədbirlərinə reaksiyasıdır.

İranı beynəlxalq təşkilatların gündəminə gətirən həm də Rusiyanı yeni silahlarla təmin etməsidir. Əvvəl inkar etsə də, noyabrın əvvəli İran Rusiyaya dron verdiyini boynuna aldı. Ölkənin Xarici işlər naziri Huseyn Abdullahian dedi ki, Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl Rusiyaya məhdud sayda dron veriblər. Halbuki nazir bir az əvvəl Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri ilə görüşündə , “Bizim Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız var, ancaq Ukraynaya qarşı istifadə üçün silah və dron göndərmək bizim siyasətimiz deyil”, demişdi.

Dünya mediası bir müddətdir ki, Rusiya ordusunun İran istehsalı olan “Mohajer-6”, “Shahed-136” və “Shahed-131” kamikadze dronları vasitəsilə Ukraynada mülki və ictimai obyektlərə zərbələr endirdiyini yazır. İran dronları başqa dronlarla müqayisədə sadə qurğudur və Ukrayna ordusu ayrı-ayrı şəhərlərə atılan kamikadzələrin 85%-ni zərərsizləşdirməyə nail olub. Ancaq onların müəyyən hissəsi şəhərlərə düşür, mülki və strateji obyektləri sıradan çıxarır, insan itkisinə səbəb olur və ən pisi əhalini daimi psixoloji basqı altında saxlayır. Hərbi ekspert Markus Reisner DW saytına müsahibəsində deyib ki, bu cür dronlar dəstə halında--10-15-i bir vaxtda hücuma keçir, bu isə müdafiə işini çətinləşdirir: “Bu dronlar müqayisədə balacadılar. Ukraynanın hava hücumundan müdafiəsi isə qırıcı və helikopter kimi daha böyük obyektlər üçün proqramlaşdırılıb.”

Oktyabrın 19-da Ukrayna İranı BMT təhlükəsizlik Şurasının 300 km-dən artıq uça bilən dronların satışı qadağasını pozmaqda ittiham edib və BMT-nı- məsələni araşdırmağa çağırıb. Ağ Evdən verilən açıqlamada isə bildirilir ki, iranlı dron təlimatçıları və texniki işçilər Krımda yerləşib, orada rusiyalı pilotlara təlim keçirlər. Oktyabrın 20-də ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi jurnalistlərə deyib ki, Tehranın Ukraynadakı müharibəyə cəlb olunduğu faktdır. “İran və Rusiya dünyaya yalan danışa bilər, ancaq onlar faktları gizləyə bilməzlər. Fakt isə ondan ibarətdir ki, Tehran iştirakçıdır.”

“Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən İrana qarşı təcili tədbirlər görürük”

İran bundan əvvəl də Yaxın Şərq və Afrikada yaxın əlaqələri olan hökümətlərə və proksi qüvvələrə dron və raketlər verib. Ancaq indiki dron satışı İranın Rusiya ilə münasibətlərində yeni səhifə açmaqla yanaşı, Qərblə onsuz da çətin olan münasibətləri bir az da böhranlı vəziyyətə aparır. Oktyabr ayının 20-də AB İran dronlarının Rusiyaya tranzitində iştirak edən 3 şəxs və bir qurumun aktivlərini dondurduğunu açıqlayıb. Sanksiya qoyulanlardan biri İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiridir. Baqiri Rusiya ilə İranın müdafiə əməkdaşlığında aparıcı simadır. Tacikistanda “Əbabil 2” dron zavodunun açılması və Rusiyaya “Mohajer-6” dronlarının verilməsi Baqirinin nəzarətiylə baş tutub. Avropaya vizadan mərhum edilən və aktivləri dondurulan digər iki nəfər isə İran pilotsuz uçuş aparatları proqramının əsas fəalı Seyid Ağacani və İran müdafiə nazirliyində təchizat və hərbi araşdırmalara nəzarət edən Seyid Hocatullah Qureyşidir. AB sanksiyaların daha 4 quruma aid ediləcəyini bildirir. “Biz Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən İrana qarşı təcili tədbir görürük.” Avropa Şurası rəhbəri Şarl Mişel öz tvitter hesabında yeni sanksiyalar barəsində belə yazıb. (Bundan əvvəl də AB İrandakı etirazçılara qarşı zorakılığa görə İran əxlaq polisi və İnformasiya naziri də daxil 11 şəxsə qarşı sanskiya tətbiq edib, onların aktviləri dondurulub, Avropaya səyahət etmələrinə qadağa qoyulub.)

Eyni gündə Böyük Britaniya da İran dronlarının Ukraynada Rusiya tərəfindən istifadə edilməsinə görə 3 iranlı general və bir silah şirkətinə sanksiya qoyduğunu elan edib.

İrana qarşı “Snapback” mexanizmi gündəmdədir

Rusiya Ukrayna müharibəsinin hazırkı dönüş mərhələsi qüvvələrarası münasibətlərin kəskin şəkildə müyyənləşdirilməsini şərtləndirir və yeni siyasi səhnə yaradır. İranın Moskvaya açıq dron dəstəyi və İranla Qərb arasında 2015-ci il nüvə razılaşmasını yeniləməyi hədəfləyən müzakirələrinin dalana dirənməsi İrana qarşı “snapback” mexanizminin tətbiqini gündəmə gətirib. “Snapback” BMT-nın 2231 saylı qətnaməsində İranın Nüvə razılaşması ilə boyun olduğu öhdəlikləri pozacağı halda BMT TŞ-nın həmin razılaşmadan əvvəlki sanksiyalarının sürətli şəkildə yenidən bərpa edilməsini nəzərdə tutan qərardır. Bu sanksiyalar İrana bir çox döyüş texnikasının satılmasını və İranın xarici ölkələrə hər hansı silah satmasını qadağan edir. Bundan əlavə, tətbiq ediləcəyi təqdirdə mexanizm İranın ixracatına nəzarət, iranlılara səyahət qadağası, aktivlərin dondurulması və İran nüvə və raket fəaliyyəti sahələrindəki şəxslərə, qurumlara və bu işlərdə iştirak edən banklara sanksiyaları geri gətirir. Ən əsası, İranın bütün nüvə fəaliyyəti və Nüvə razılaşması çərçivəsində icazə verilən səviyyədəki fəaliyyəti qadağan edilir.

İran Rusiyayla niyə yaxınlaşıb?

Əslində İranın bu müharibədə Rusiyanın yanında yer almağa qərar verməsindən sonra sanksiyaların gələcəyini təxmin etməməsi mümkün deyil. İranın Rusiyaya dron transferi də ehtiyac duyulan yardım deyil, əksinə, İranın strateji hesablaması, Rusiya ilə müttəfiqliyi seçməsinin bariz nümunəsidir. “Financial times” yazır ki, İran Rusiya ilə Qərb arasındakı münaqişədən istifadə edib ağrılı ABŞ sanksiyalarının təsirlərini azaltmaq məqsədilə Rusiya ilə strateji münasibət qurmaq istəyir. İki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması həqiqətən də Rusiyanın Ukraynada işğala başladığı andan görünməyə başlayıb. İyulun 19-da İran Milli Neft şirkəti ilə Rusiyanın Qazprom şirkəti 40 milyard dollar dəyərində anlaşma memorondumu imzalayıb. Razılaşmaya görə Qazprom şirkəti İranın Kirş və Şimal pars qaz yataqlarını istismar etməkdə İrana yardım göstərəcək. İyulun 27-də isə bu iki ölkə Svift sistemini əvəz edəcək daxili sistem yaratmaq barəsində razılığa gəlib. Bundan başqa, İran Rusiyaya verdiyi dronların əvəzinə Rusiyadan yeni nəsil qırıcı təyyarələr - “Suxoy su 35” əldə etmək istəyir.

Ancaq İran dronları Rusiya üçün Ukrayna müharibəsində dönüş yarada bilmədi. Rusiya ordusu İşğal etdiyi Xerson şəhərindən geri çəkildi. İranda isə Rusiyaya dron satışına görə etiraz səsləri artır.