BMT EKSPERTLƏRİ UKRAYNADA HƏRBİ CİNAYƏTLƏRƏ DAİR SÜBUTLARI GÖSTƏRİBLƏR

27.09.2022 / Komissiyanın topladığı dəlillər Ukraynada hərbi cinayətlərin törədilməsi qənaətinə gəlməyə əsas verir


Erik Mose, mərkəzdə, Ukrayna üzrə Təhqiqat Komissiyasının sədri, Jasminka Dzumhur, solda və Pablo de Greiff, sağda, Ukrayna üzrə Təhqiqat Komissarı (AP)



BMT İnsan Haqqları Şurasının Ukrayna üzrə İstintaq Komissiyası Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplandığını bildirib. Komissiya bu ilin əvvəlində yaradılıb və onun üzvləri Ukraynada Rusiyanın müdaxiləsindən sonra törədilmiş hərbi cinayətlərə dair araşdırmalara başlayıblar. Ekspertlər indiyə qədər dörd regiona -- Kiyev, Çerniqov, Xarkov və Sumıya fokuslanıblar.

Komissiya keçmiş məhbusların Rusiya həbsxanalarında döyülməsi, elektrik cərəyanına verilmə və məcburi soyundurulması ilə bağlı ifadələrinə istinad edib. Araşdırma aparılan bölgələrdə edamlara görə narahatlıqlarını bildirən komissiya üzvləri bu faktlartla bağlı sənədləşdirmə apardıqlarını deyiblər.

“Komissiyanın topladığı dəlillər Ukraynada hərbi cinayətlərin törədilməsi qənaətinə gəlməyə əsas verir.” Bunu İnsan Haqqları Şurasının Ukrayna üzrə İstantaq Komissiyasının sədri Erik Mose deyib.

Komissiya üzvlərindən Pablo de Qreyf (Pablo de Greiff) jurnalistlərə həm də ukraynalı əsgərlərin rus əsgərləriylə pis rəftarını təsdiqləyən 2 fakt aşkarladıqlarını söyləyib: “Rusiya Federasiyası tərəfindən törədilən hərbi cinayətlərə dair daha çox, həm də xeyli insident var.”

BMT ekspertləri Ukraynada 27 şəhər və qəsəbəyə, o cümlədən qəbirlərə, saxlanma və işgəncə mərkəzlərinə baş çəkib, 150-dən çox zərərçəkmiş və şahidi dindirib, müdafiə qrupları və hökumət rəsmiləri ilə görüşüblər.

Komissiyanın rəhbəri E.Mosenin sözlərinə görə, cinsi zorakılıq törədən rus əsgərlərinin sayı müəyyən olunmayıb. Qurbanların yaşı 4--82 arasında dəyişir.

BMT komissiyası istintaqın dairəsini genişləndirməyi—insanların saxlanması, deportasiyası üçün nəzərdə tutulmiş filtrasiya düşərgələri, əhalinin zorla köçürülməsi, ukraynalı uşaqların təcili övladlığa götürülməsi haqda ittihamlarla bağlı araşdırmalar aparmağı planlayır.

“Rusiyanın vəhşilikləri gün keçdikcə insanı daha çox dəhşətə gətirir. Məsələn, bu yaxınlarda İzyumda üzərində işgəncə izləri olan cəsədlərin aşkarlandığı kütləvi qəbirlər…” Bu fikirləri ABŞ-ın BMT İnsan Haqqları Şurasındakı səfiri Mişel Teylor (Michele Taylor) səsləndirib.

BMT ekspertlərinin aşkarladıqları faktlar sonda Beynəlxalq Cinayət Məhkəməsinin işinə töhfə verə və məhkəmə Ukraynada hərbi cinayətlərin törədilməsinə dair ittihamlarını irəli sürə bilər. Ancaq Rusiya, yaxud cinayətdə günahlandırılan digər tərəflərin ədalətlə üzləşib-üzləşməyəcəyi bəlli deyil.

https://www.washingtonpost.com/world/un-rights-experts-cite-signs-of-war-crimes-in-ukraine/2022/09/23/57bea84a-3b22-11ed-b8af-0a04e5dc3db6_story.html?fbclid=IwAR0NgrJ4mG0Xep5jHXqgQxjxLINZu5orHEmoVD425ZgkJEfwgnr1blS5Pe4