Açıq Azərbaycan

Analitik Portal

“ARAZI AYIRDILAR” DÜNYA MEDİASINDA

12.12.2020 / “Reuters”, “Aljazeera”, “Agence France Presse” və “Euronews” 50 milyonluq azərbaycanlıların tarixindən yazıb

Dünyanın məşhur “Reuters”, “Aljazeera”, “Agence France Presse”, “Euronews”, eləcə də bir çox başqa media qurumları 50 milyonluq azərbaycanlıların tarixindən yazıb.

Dekabrın 10-da İkinci Qarabağ müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oxuduğu şeir misraları diplomatik gərginlik yaradıb.

Dekabrın 11-də məsələ ilə bağlı öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində açıqlama yayaraq Rəcəb Tayyib Ərdoğanın çıxışına etiraz edib.

"Prezident Ərdoğanın xəbəri yoxdur ki, Bakıda dilə gətirdiyi sitat şimal torpaqların Ana vətəndən zorla ayrıldığını ifadə edir. Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyinin fərqində deyil? Heç kim bizim əziz Azərbaycanımız haqqında danışa bilməz."

Ardınca Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağrılaraq rəsmi etiraz bildirilib.

Ərdoğanın paradda səsləndirdiyi bayatı

Arazı ayırdılar,
Mil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar…

Ərdoğanın səsləndirdiyi misralara görə, Azərbaycanın 200 il əvvəl İran və Rusiya arasında bölünməsindən bəhs edən məqalələr gündəm olub və sosial mediada müzakirə edilib.

Beynəlxalq medianın reaksiyası

“Reuters” Ərdoğanın şeirindən İranın qəzəbləndiyini və bunun İran höküməti tərəfindən “Türkiyənin Tehranın işlərinə müdaxilə cəhdi” olaraq qiymətləndirildiyini yazıb. Nəşr sözügedən şeir misralarının 19-cu əsrdə Azərbaycan ərazisinin Rusiya ilə İran arasında bölünməsinə həsr edildiyini vurğulayıb.

“Aljazeera” isə xəbəri “İran Ərdoğanın oxuduğu ‘müdaxilə’ şerinə görə Türkiyəyə etiraz etdi” başlığı ilə yayımlayıb və yaranan gərginliyi rəsmi Tehranın azəri azlığı arasında separatizmin qızışdırılmasından narahatlığı ilə əsaslandırıb.

“Agence France Presse” və “Euronews” kimi media qurumları isə şeirin “Arazı ayırdılar” misralarına dair tarixi arayış təqdim ediblər.