Open Azerbaijan

Analytic Portal

RASIM MƏMMƏDOVA 14 IL HƏBS VERILDI

28.12.2022 / Onun həbs olunmuş əmlakları sırasında “Baku Oxford School” da var


Foto azertag.az saytından götürülüb



“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun mühakiməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 4 ay davam edən araşdırmaların nəticəsi olaraq, Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. O, “Baku Steel Company”dən 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Dekabrın 28-də ona hökm oxunub.

Hökmə əsasən, Rasim Məmmədovun təxminən 70 milyon manatlıq əmlakı da müsadirə olunub. Onların arasında aşağıdakı daşınmaz əmlaklar var:

Sumqayıtda yerləşən zavod;

Xəzər rayonu, Mərdəkan və Şüvəlan qəsəbələrində yerləşən bağ evləri;

Ziya Bünyadov prospektində 2600 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi;

Sabunçu qəsəbəsində obyekt;

Azadlıq prospekti 54 ünvanında mənzil;

Əhməd Cavad küçəsində mənzil;

Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən “Baku Oxford School”un binası...

Təkcə məktəbin binası istintaq dövründə 22 milyon manat qiymətləndirilib.

Hökmü elan edən hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, Rasim Məmmədov ona kəsilən 14 illik həbs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsindən sonra üzərinə həbs qoyulmuş, prokurorun “Baku Steel Company”ə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə olunmasını təklif etdiyi əmlaklardan üçünün üzərindən məhkəmə həbsi götürüb. Onların müsadirə olunması məqsədəuyğun sayılmayıb. Bunlardan biri torpaq sahəsi, ikisi isə Səməd Vurğun küçəsində yerləşən binadakı iki mənzildir. Rasim Məmmədov məhkəmədə demişdi ki, o mənzillərdən birini Xalq artisti Aygün Kazımovadan alıb.

Rasim Məmmədov hökmlə razılaşmır və apellyasiya şikayəti vermək niyyətindədir. O, son sözündə də heç bir cinayət törətmədiyini, məhkəmədən bəraət hökmü istədiyini bildirib. Deyib ki, bəraət hökmünü Azərbaycan məhkəmələrində almaq arzusundadır.

Rasim Məmmədova qarşı ittihamlar 2012-ci il yanvarın 1-dən 2021-ci ilin yanvarına qədər olan dövrü əhatə edir. O deyir ki, bu müddətdə cinayət törədibsə belə, bəs Müşahidə Şurasının üzvləri hara baxırdı?

“Bizim nəsildə cinayətkar, üzəduran olmayıb. Mənə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Mən kimin malını talamışam? Öz aldığım zavodu? Talama Maşınqayırma zavodunda olub, “Leytenant Şmidt” zavodunda olub, “Azərboru”da olub... Bəzi adamlar gedib yalan məlumat veriblər ki, guya sovet dövründən qalan o zavodlar lazım deyil. Sovetdən qalan zavodlar bütün başqa dövlətlərdə işləyirdi, Azərbaycanda yox”, - Rasim Məmmədov belə deyib.

Onun sözlərinə görə, məmur deyil, iş adamıdır, bəraət almalıdır ki, fəaliyyətini davam etdirə bilsin: “Mən arsız deyiləm ki, həbs olunub, çıxım, sonra yenə həyatıma davam edim. Bu söhbətin heç kimə xeyri yoxdur. Mən çox istərdim ki, Azərbaycanda bəraət alım”.

O vurğulayır ki, həbsinin gerçək səbəbi hələ də ona məlum deyil: “Dəfələrlə cənab prezidentlə, hörmətli Mehriban xanımla görüşmüşəm, heç vaxt mənə deyilməyib ki, bu zavod sənin deyil. Həyat bumeranqdır, kim neynirsə, başına gəlir. Bir adam mənə izah eləmir ki, bütün bunlar niyə baş verir. Belə çıxır ki, mənə dövlətə xəyanət ittihamı versəydilər, onu da araşdırmayacaqdınız. Mən heç bir cinayət eləməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur...”

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.