Open Azerbaijan

Analytic Portal

“RAMIZ MEHDIYEV VƏ BƏYLƏR ƏYYUBOVLA RAZILAŞMAMIZ OLUB”

06.09.2022 / Həbsdə olan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov çox adlar açıqlayacağını deyir

“Baku Steel Company” şirkətinin – poladəritmə zavodunun Müşahidə Şurasının sədri, hazırda həbsdə olan Rasim Məmmədov 2011-ci ildən bu yana hansı vəzifəli şəxslərlə görüşdüyünü, nəyi və necə razılaşdıqlarını, kimə nə qədər pul çatdığını açıqlayacağını bildirib. Sabiq zavod rəhbəri bunu öz məhkəməsində deyib.

2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulan və 20 aydır ki, bu qurumun istintaq təcridxanasında saxlanılan Rasim Məmmədovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Rasim Məmmədov məhkəmənin hazırlıq iclasında bildirib ki, onu həbs eləməklə zavodunu və başqa əmlaklarını əlindən alıblar. Üstəlik, qohumlarının da əmlaklarının üzərinə həbs qoyublar.

Zavodu mən yaratmışam, indi deyirlər sənin deyil”

“O zavodu mən yaratmışam. İndi deyirlər ki, “yox, sənin deyil”. Qohumlarımın əmlaklarına da həbs qoyublar ki, “Rasimindir”. Absurda baxın, mənim olan zavod üçün deyirlər, sənin deyil. Mənim olmayan əmlaklara isə deyirlər ki, sənindir...”, - Rasim Məmmədov bildirib.

Vəkil Bəxtiyar Hacıyev vəsatət qaldırıb ki, üzərində həbs olan əmlakların sahibləri də bu məhkəməyə üçüncü şəxs statusunda cəlb olunsun. Vəkil vəsatətini əsaslandırarkən vurğulayıb ki, Konstitusiya Məhkəməsinin qərarı da buna imkan verir.

Lakin Leyla Məmmədova-Əsgərovanın sədrlik etdiyi hakimlər kollegiyası buna razılıq verməyib: “Əgər sonda biz o əmlakların müsadirə olunmasına qərar versək, o halda, həmin şəxslərin qərardan şikayət vermək hüququ olacaq”.

“Mən 20 aydır DTX-nın təcridxanasında saxlanılıram. Hacı Məmmədovdan (Daxili İşlər Nazirliyinin polkovniki, onlarla qətl, adam oğurluqları törətmiş dəstənin başçısı) sonra ikinci adamam ki, bu qədər uzun müddətə orada saxlanılıram. Mənim əməlimdə heç bir cinayət olmayıb ki, DTX bundan ötrü əməliyyat keçirsin. Metallurgiya zavodunu özüm yaratmışam, özüm də inkişaf etdirmişəm. İndi zavodumu, bütün əmlaklarımı əlimdən alıblar...”- Rasim Məmmədov bildirib.

“Ramiz Mehdiyev və Bəylər Əyyubovla razılaşmamız olub”

Onun sözlərinə görə, 2011-ci ildə şirkət fəaliyyətə başlayanda onun Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla razılaşması olub. Onlar üçü birlikdə görüşüb bu barədə danışıblar. Sonradan fəaliyyəti dövründə də dəfələrlə yüksək vəzifəli şəxslərlə görüşüb. Rasim Məmmədov bildirib ki, bütün bu məsələləri detallarıyla məhkəmə prosesinin gedişində açıqlayacaq: “Mən məhdud çərçivədə olanları açıb-ağartmaq istəməzdim. Buna məcbur edirlər. Anlaya bilmirəm ki, bu biabırçılıq kimə lazım idi. Hər şey razılaşdırıldığı kimi, qaydasında gedirdi. Sakitcə işləyirdik, hər kəs də pulunu qazanırdı. 10 il ərzində audit, vergi yoxlamaları olub, heç bir pozuntu aşkarlanmayıb. Birdən-birə nə dəyişdi? Aranı kimin qatdığını bilirəm və onun adını da çəkəcəm. Çox adlar açıqlayacam...”

Rasim Məmmədov deyir ki, onu qeyri-rəsmi şəkildə prezidentə xəyanətdə ittiham edirlər. O vurğulayıb ki, yalandır, heç vaxt xəyanət etməyib, amma məhkəmə prosesinin gedişində açıqlayacağı faktlar kimin kimə xəyanət etdiyini ortaya qoyacaq.

Təqsirləndirilən iş adamının vəkili Elçin Sadıqov bildirib ki, müvəkkilinin evində və iş otağında axtarış aparılarkən kitabçalar, iki flaşkart götürülüb. Həmin kitabça və flaşkartlarda Rasim Məmmədovun kimlərə, nə vaxt və nə qədər pul verdiyi öz əksini tapıb. Lakin DTX əməkdaşlarının götürdüyü kitabçalar yoxa çıxarılıb, cinayət işinin materialları arasında yoxdur. Vəkil vəsatət verib ki, məhkəmə həmin əşyaları DTX-dan alsın və məhkəmədə araşdırılsın.

Rasim Məmmədov da həmin kitabçaların alınıb məhkəmədə araşdırılmasını istəyib: “Orada çox adlar var...”

Məhkəmə prosesində məlum olub ki, Rasim Məmmədovun həm də isveçrəli vəkilləri var. Ancaq Azərbaycan qanunvericiliyi əcnəbi vəkilin istintaq və ya məhkəmə prosesində iştirakına imkan vermir.

İş adamının azərbaycanlı vəkilləri bildirib ki, isveçrəli həmkarları məhkəmə prosesində izləyici kimi iştirak edib, prosesdə baş verənlərdən xəbərdar olmaq istəyir. Lakin açıq məhkəmə prosesinə onları buraxmırlar: “Məhkəmənin açıqlığı prinsipinə əməl olunsun, istənilən şəxs açıq məhkəmə prosesində iştirak edə bilər”.

Vəkil eyni zamanda məhkəmə prosesinin audio və videolentə alınmasını istəyib.

Vəkilin daha bir vəsatəti isə müvəkkilinin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi haqda olub. Müdafiəçi həmçinin yolverilməz sübutların – bir sıra sənədlərin işdən xaric olunmasını istəyib. Məsələn, hal şahidlərinin ifadələri.

“Eyni adamlar eyni vaxtda müxtəlif yerlərdə necə şahidlik edə bilərdi? Bu, mümkün deyil. Ona görə də həmin şəxslərin ifadələri yolverilməz sübut hesab edilərək, iş materiallarından xaric olunsun”, - müdafiəçi vəsatətini belə əsaslandırıb.

Həmçinin Rasim Məmmədovun Prezident Administrasiyasına giriş-çıxışıyla bağlı məsələnin araşdırılması üçün həm in qurumdan qeydiyyat kitabçasının alınması, Ramiz Mehdiyevin şahid qismində məhkəməyə çağırılıb dindirilməsi barədə də vəsatətlər qaldırılıb.

Bu vəsatətlərin heç biri təmin olunmayıb. İsveçrəli vəkillərin prosesdə iştirakına gəlincə, hakim bildirib ki, məhkəmə prosesi açıq keçirilir, istənilən şəxs iştirak edə bilər.

Rasim Məmmədov Ramiz Mehdiyevin dindirilməsini istəmir

Ramiz Mehdiyevin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatətə təqsirləndirilən iş adamının münasibəti belə olub: “85 yaşı var, qoca kişidir, qoy oturub yerində...”

Müzakirə olunan məsələlərdən biri də Rasim Məmmədovun ev dustaqlığına buraxılması məsələsi idi. Vəkil bu barədə vəsatətini əsaslandırarkən bildirib ki, onun daimiş yaşayış yeri var, məhkəmədən yayınmaq niyyətində deyil, istintaq da başa çatıb. Onun yekun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması üçün heç bir maneə yoxdur.

“20 aydır DTX-da 15 kvadratmetrlik otaqda sakitcə qalıram. Başım-qulağım da dincdir. Orada qeydlər aparıram, kitab yazıram. Mənim orada qalmağıma görə bu gün azadlıqda olanlar narahat olsun. Ötən 10 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını orada detallı şəkildə yazıram. Mən dövlətin malını, pulunu yeməmişəm. Özüm öz pulumu qazanıb, yemişəm. Üstəlik, başqaları da gəlib qazancıma şərik olub. Məhkəmədə hamısının bir-bir deyəcəm. Mən bu dövlətə indi vəzifədə olan məmurlardan daha çox xeyir vermişəm”, - Rasim Məmmədov bildirib.

Hakimlər onu ev dustaqlığına buraxmaqdan da imtina edib.

Rasim Məmmədov deyir ki, onu həm də “Baku Steel Company”nin baş direktoru vəzifəsini mənimsəməkdə ittiham edirlər. Həmin vəzifədə isə onun öz qardaşı Süleyman Məmmədov olub:

“Zavod mənim, baş direktoru da doğma qardaşım... Guya mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm. Çox gülməli ittihamdır...”

Rasim Məmmədovun işi üzrə məhkəmə prosesi sentyabrın 9-da davam edəcək. Həmin gün onun haqqındakı ittiham aktında yazılanlar elan ediləcək, ardınca dindirmələr başlayacaq.

Tarixçə

1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Rasim Məmmədovun adı ötən illərdə dəfələrlə müxtəlif qalmaqallarda hallanıb. Xüsusən o, poladəritmə zavodunu Zülfüqarlı qardaşlarının əlindən almaqda, böyük bir müəssisəni Lerik sakini olan çobanın adına rəsmiləşdirməkdə ittiham olunurdu. Bu məsələ ilə əlaqədar tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri gedib.