Open Azerbaijan

Analytic Portal

NƏCMƏDDIN SADIQOVUN ADAMI MƏHKƏMƏ QARŞISINDA

24.01.2023 / “Şlyapa Zahid” dələdüzluq və rüşvət almada ittiham edilir

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsində tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti olmuş Zahid Niftəliyevin mühakiməsi başlayıb. “Nəcməddin Sadıqovun yaxın adamı” kimi tanınan, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin işinə Tərtər Hərbi Məhkəməsində baxılır.

1955-ci il təvəllüdlü Zahid Niftəliyev N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevlə birliklə məhkəmə qarşısına çıxarılır. Soyadları eyni olsa da, onlar qohum deyil. Lakin hər ikisinə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) ittihamı verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya ya səlahiyyət həddini aşma) maddəsilə ittiham olunur. Bu ittihamın verilməsinin səbəbi isə vaxtilə hərbi hissələrdən birinin əsgər və çavuşlarının Niftəliyevin Qəbələ rayonunun Vəndam kəndində tikdirdiyi bağ evində betonlama işlərində işlədilməsidir.

Zahid Niftəliyevdən fərqli olaraq, Elsevər Niftəliyev həbsdə deyil. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

1987-ci il təvəllüdlü Elsevər Niftəliyev bundan əvvəl də məhkum edilib. Ona 2019-cu ildə dələduzluq və rüşvət verməyə təhrik ittihamlarıyla cərimə cəzası kəsilib.

2022-ci il mayın 27-də Zahid Niftəliyevin həbs xəbəri yayılanda media bunu 27 ildən artıq Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun yaxın adamının cəzalandırılması kimi təqdim etdi. Onunla bağlı cinayət işinin materiallarını vərəqləyəndə məlum olur ki, Nəcməddin Sadıqovla münasibətləri cinayət işindən də yan keçməyib, ifadələrdə də əksini tapıb. Hətta ona qarşı ittihamda da göstərilib ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək, müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb.

Zahid Niftəliyev özünü təqsirli bilmir. O, istintaq dövründə ifadə verməkdən imtina etsə də, ümumilikdə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib. Həmçinin protokolları da imzalamaqdan imtina edib.

Lakin Elsevər Niftəliyev ətraflı ifadə verib. O, özünü tam təqsirli bilməklə yanaşı, həm də ifadəsi Zahid Niftəliyevin əleyhinə olub. Onun sözlərinə görə, Zahid Niftəliyev məhz Nəcməddin Sadıqovun dostu olduğunu deyərək, onun köməyilə müxtəlif işlər görürdü. Müdafiə Nazirliyi sistemində də hər kəs onu “Nəcməddin Sadıqovun adamı” kimi tanıyırdı.

“2014-cü ilin yay aylarında Zahid Niftəliyevlə Bakıda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşdük. O zaman mənə dedi ki, müddətdən artıq xidmətə qəbul, ordudan tərxis olunmaq, yaxud xidmət yerini dəyiş istəyən etibarlı hərbi qulluqçular olsa, bu barədə ona məlumat verim. Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun vasitəsilə bu işləri görə bilər. Bildirdi ki, Nəcməddin Sadıqovla yaxın dostluq münasibətləri var. Onunla 1-ci Qarabağ müharibəsi zamanı bir yerdə xidmət ediblər. Sonradan yaxın dostluq münasibətləri yaranıb. Nəcməddin Sadıqov Baş Qərargah rəisi olandan sonra Zahid Niftəliyevi Müdafiə Nazirliyinin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim edib. Deyib ki, Zahid Niftəliyevin sözü onun sözüdür, belə qəbul olunsun. Mən də Zahid Niftəliyevin təklifi ilə razılaşdım. Yerdəyişmə və s. məsələlərlə bağlı müraciətlər olanda ona söyləyəcəyimi bildirdim”, - Elsevər Niftəliyev ifadəsində bildirib.

Şahid Kamandar İbrahimov da təsdiqləyib ki, Nəcməddin Sadıqov onun işlədiyi hərbi hissəyə gəlib, Zahid Niftəliyevi tapşırmışdı: “Ona görə korpus komandiri Hikmət Həsənov Zahid Niftəliyevi xüsusi qarşılayırdı.

Bir gün mənə dedilər ki, hərbi hissənin bir sıra hərbi qulluqçuları Qəbələnin Vəndam kəndində beton işləri görməyə gedəcək. Ev də Nəcməddin Sadıqovun “sağ əli” Zahid Niftəliyevindi. Mən özüm Zahid Niftəliyevi hərbi hissəyə gəlib-gedəndə tanımışam. Nəcməddin Sadıqov tapşırmışdı ki, “onun sözü mənim sözümdü”.

Kamandar İbrahimov onu da bildirib ki, Zahid Niftəliyevin evində işləyəndən sonra hərbçilərin səhhətində problemlər yaranıb.

İstintaq zamanı həmin əsgər və çavuşlar da dindirilib, Vəndam kəndində yerləşən sözügedən bağ evinə baxış da keçirilib.

Zahid Niftəliyev barəsində cinayət işi 2022-ci ilin aprelində dələduzluq ittihamıyla başlayıb. Onun istintaqdan yayındığı əsas gətirilərək, barəsində həbsli axtarış elan edilib. O, 2022-ci il mayın 27-də həbs olunub. Təxminən 4 ay elə dələduzluq ittihamıyla da həbsdə saxlanılıb. Lakin sonradan ona qarşı dələduzluq ittihamı rüşvət alma ilə əvəzlənib.

Zahid Niftəliyevə qarşı irəli sürülmüş ittihamlarda 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.