Open Azerbaijan

Analytic Portal

MÜSAVAT PARTIYASI BAŞQANININ MÜŞAVIRI HƏBS EDILIB

27.07.2022 / Müsavat Partiyası başqanının müşaviri Əlikram Xurşidov iyulun 26-da inzibati qaydada həbs olunub


Əlikram Xurşidov



Müsavat Partiyası başqanının müşaviri Əlikram Xurşidov iyulun 26-da inzibati qaydada həbs olunub. Bu barədə həmin partiyadan məlumat verilib.

Məlumata görə, Əlikram Xurşidov telefonla polisə çağırılsa da, rəsmi bildiriş olmadan ora getməkdən imtina edib: "Əlikram bəy Bakıda idi. Ona yaşadığı Şirvan rayonun polisindən zəng gəldi, rayonun polis şöbəsinə çağırdılar. O da rəsmi bildiriş göndərilməsini istəyib. Səhərisi gün, yəni iyulun 26-da isə onu küçədən aparıblar, məhkəməyə gətirib 30 sutka həbs veriblər".

Partiyadan onun polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilindiyi vurğulanıb.

Amma Musavat Partiyasında hesab edirlər ki, həbs iyulun 20-də quru sərhədlərin açılması tələbilə Bakıda keçirilən etiraz aksiyasında iştirak edən Xurşidovun sosial şəbəkələrdə yazdığı statusla bağlı ola bilər: "Əlikram bəy həmin aksiyada saxlanılmışdı, o zamanı onunla kobud davranılıb və o bu barədə status yazıb, daha sonra isə prokurorluğa şikayət edib. Həbsin səbəbi budur".

DİN: Siyasi motiv yoxdur

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov isə “Turan” Agentliyinə bildirib ki, sosial şəbəkələrdə Əlikram Xurşidovun aksiyada iştirakı ilə bağlı həbs olunması haqqında yazılanlar həqiqətə uyğun deyil: "Əlikram Xurşidov Bakının Səbail rayonun ərazisində ictimai qaydanı pozduğuna görə, ərazidə xidmət aparan polis əməkdaşları onu intizama dəvət ediblər. Lakin həmin vaxt Əlikram Xurşidov polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə, saxlanılmış və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə o, inzibati qaydada 30 sutka həbs olunub".

DİN rəsmisi qeyd edib ki, Əlikram Xurşidovun həbsində siyasi motiv yoxdur.

Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri Əlikram Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, 5 il həbs cəzası almışdı.Xuliqanlıqda ittiham edilən müxalifətçi ittihamı qəbul etməyib.

Bir qrup fəal bu il iyulun 20-də paytaxtda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib.

Bakı Şəhər İcra Hakimiyyətinin quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya razılıq vermədiyini bildirən polis əməkdaşları toplaşanları dağıdıb.

Aksiyada saxlananların çoxu buraxılıb. Amma onlardan Müsavat Partiyasının üzvü Əziz Məmiyevə həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. İttihama görə, müsavatçı polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin fevralından Azərbaycanın qonşu ölkələrlə quru sərhəddində gediş-gəliş məhdudlaşdırılıb.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan