Open Azerbaijan

Analytic Portal

KEÇMIŞ MTN GENERALI 12 IL IŞ ALDI

21.09.2022 / Onun general-mayor rütbəsi alınıb, özünün və ailə üzvlərinin 7,7 milyon manatlıq əmlak müsadirə olunub

Eldar Mahmudov nazir olduğu dövrdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona, eləcə də vaxtilə MTN-də onun tabeliyində işləmiş 3 polkovnikə - keçmiş şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub.

Hökmə əsasən, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Generaldan fərqli olaraq, bu üç nəfər istintaq və məhkəmə dövründə azadlıqda idi. Onlar hökm elan ediləndə məhkəmə zalında həbs olunublar.

Mövlam Şıxəliyevə həbslə yanaşı, başqa cəzalar da verilib. Onun general-mayor rütbəsi alınıb. Eyni zamanda, özünün və ailə üzvlərinin – həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon 700 min manatlıq əmlak müsadirə olunub.

Bu əmlaklar arasında metronun “Sahil” stansiyasının üstündəki binada ümumi dəyəri 3.5 milyona yaxın olan 5 mənzil, Fəvvarələr meydanının yaxınlığında ev və obyekt, Nizami küçəsində - Opera və Balet Teatrının yaxınlığında mənzillər, 8-ci kilometr qəsəbəsində təxminən 1 milyonluq əmlak, Novxanıda 1.5 milyon manatlıq bağ evi, torpaq sahələri var.

İstintaq zamanı Yasin Məmmədovun da əmlakının üzərinə həbs qoyulmuşdu. Lakin onun əmlakı müsadirə olunmadı.

Cəzalandırılan sabiq MTN-çilərvətəndaşların əmlaklarını, pullarını əllərindən almaq üçün onlar haqqında saxta cinayət işi yaradıb həbsə göndərməkdə, ailələrindən tələb olunan vəsait alınandan sonra guya sağlamlıqlarında problem olması haqda ekspertiza rəyi alıb, ev dustaqlığına buraxdırmaqda ittiham olunur. Bu cinayət işi üzrə ümumilikdə 32 nəfər zərərçəkmiş qismində tanınıb. Onların əksəriyyəti həbs edilərək müəyyən müddət MTN-in istintaq təcridxanasında saxlanılıb, sonradan azadlığa buraxılıblar.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham verilib.

Amma heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına eləyə bilməzdilər. Çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Çünki cinayət işi başlamaq, şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

“Lap bir anlıq fərz edək ki, biz bu işləri görmüşük, bəs prokurorluq hara baxırdı? Axı istintaqa nəzarət orqanıdır. Bütün qərarlarda Zakir Qaralovun, Rüstəm Usubovun imzaları olub. Mən qərar verən şəxs olmamışam. Sadəcə, gələn tapşırıqları tabeliyimdəki müstəntiqlərə çatdırmışam, onların icrasına nəzarət etmişəm”, - Mövlam Şıxəliyev belə deyib.

Digər təqsirləndirilən şəxslər hətta Zakir Qaralov və Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb ediblər. Onlar bildirib ki, əgər ortada kiminsə qanunsuz həbs olunması varsa, buna görə prokurorluq, həbs qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

Cəzalandırılan sabiq MTN-çilərdən Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.