Open Azerbaijan

Analytic Portal

“KƏMALƏDDIN HEYDƏROVLA DƏFƏLƏRLƏ GÖRÜŞÜMÜZ OLDU”

27.12.2022 / Bəxtiyar Hacıyev Kəmaləddin Heydərov və Əli Nağıyevlə münasibətləri haqda açıqlama yayıb

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin “Müdafiə Xətti”nə məktubu daxil olub.

Məktubda deyilir:

“Əvvəllər həm mətbuatda, həm də sosial şəbəkələrdə dəfələrlə açıqladığım kimi, 2019-cu ilin əvvəlində prezident İ.Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub. Mənə bildirilib ki, İ.Əliyev islahatlara başlayacaq, bu prosesdə mənim də yeni komandada hər hansı bir qurumda təmsil olunmağımı istəyir.

Danışıqların aparılması fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə olundu. Onunla dəfələrlə görüşlərimiz olub, bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər. Daha sonra prezidentlə kommunikasiyanı DTX rəisi Ə.Nağıyevə həvalə ediblər.

Hər iki halda da mənim şərtlərim yeni yaranacaq, şəffaf, ictimai faydası olan rəsmi təyinat olub. Danışıqlar prosesində bu istiqamətdə mümkün 5 təklif istənilib. Mən bir neçə sahədə özümü ictimai faydalı, ölkənin gələcəyinə müsbət töhfəsi ola biləcək 4 istiqamətdə təkliflərimi verib, sonuncu hissəni boş buraxmışam ki, prezident, həqiqətən, islahatlara gedəcəksə və məni, həqiqətən də hərhansı bir posta təyin etmək istəyirsə, 5-ci təklifi özü versin.

Bu proses uzandığına, nəticəsiz qaldığına görə öz təşəbbüsümlə danışıqları dayandırdığımı bildirmiş və 2020-ci il parlament seçkilərində iştirak etmişəm. Bu zaman da prezidentin səs verdiyi dairədə namizədliyimi irəli sürərək prezidentin öz səs verdiyi dairədə də saxtalaşdırmaya gediləcəyi halda mənim üçün islahat mərhələsinin arxada qalacağını, bunun növbəti imitasiya olacağını demişəm. Qeyd etdiyim kimi, bu danışıqlarla bağlı əvvəllər dəfələrlə həm mətbuatda, həm də sosial şəbəkə hesablarında məlumat vermişəm.

Mənə verilən məlumat əsasında əminliklə deyə bilərəm ki, paylaşılan yazışmalarda real hissələr olduğu kimi, məni nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konflikt yaratmaq üçün xeyli saxta əlavələr də edilib. Bunu edən hüquq-mühafizə orqanı eyni sadə üsulla 2021-ci il ərzində mənim adımdan iki fərqli belə saxta yazışma yayıb. Sonradan həmin yazışmaların saxta olması sübut olunub.

Mənə yazışmaların steneoqramı təqdim etdilərsə, əlavə açıqlama yayacağam.

Hazırda hüquq-mühafizə orqanının kibercinayət yolu ilə mənim adımdan saxta ifadələrin əlavə edildiyi yazışma yayması, ittiham edilərək həbs olunduğum, görüş və telefon qadağasının tətbiq edildiyi cinayət işinə heç bir haqq qazandırmır.

Görünən odur ki, həbsimin sifarişçisi və icraçıları təkcə məni azadlıqdan məhrum etməklə, görüş və telefon qadağası qoyaraq məni cəmiyyətdən təcrid etməklə, müdafiəsiz qoymaqla kifayətlənmir, eyni zamanda dəfələrlə cəmiyyətə məlumat verdiyim məsələlərə saxta əlavələr etməklə məni, həm nüfuzdan salmaq, həm də ayrı-ayrı ictimai-siyasi şəxslərlə üzə-üzə qoymağa, konflikt yaratmağa çalışırlar."