Open Azerbaijan

Analytic Portal

HƏBS OLUNMUŞ KEÇMIŞ ICRA BAŞÇISININ CƏZASI YÜNGÜLLƏŞDIRILIB

04.08.2022 / Onunla həbs olunanlara da güzəştlər olunub, əmlaklarına həbs götürülüb

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun cəzası yüngülləşdirilib; həbsi 8 il 6 aydan 6 ilə endirilib, əmlaklarının müsadirəsi haqda qərar ləğv olunub, bəzi əmlaklarına qoyulan həbs götürülüb.

Qərarı Şirvan Apellyasiya Məhkəməsi verib. Bu instansiya da Lənkəran Ağır Cinayətlər Məhkəməsi kimi, C.Cəfərovu rüşvət alma, mənimsəmə və s. əməllərdə təqsirli bilib, lakin birinci instansiya məhkəməsinin kəsdiyi cəzanın azaldılmasını “məqsədəuyğun” hesab edib.

Apellyasiya məhkəməsində sabiq icra başçısına münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub. Bu maddə müstəsna hallarda şəxsə ittiham olunduğu müddələrdə nəzərdə tutulmuş minimum həddən də aşağı cəza təyin etməyə imkan verir. Nəticədə sabiq icra başçısının əmlaklarının müsadirə olunması haqda qərar da ləğv olunub.

C.Cəfərov həbs ediləndən sonra onun bəzi əmlaklarının, o cümlədən Bakının Şüvəlan və Türkan qəsəbələrindəki torpaq sahələrinin üzərinə həbs qoyulmuşdu. Lənkəran Ağır Cinayətlər Məhkəməsi də onların müsadirə olunmasına qərar vermişdi. Apellyasiya Məhkəməsi əmlaklar üzərindəki həbsi də götürüb.

Keçmiş icra başçısıyla birlikdə mühakimə olunan şəxslər də eyni münasibəti görüb—onların da cəzası azaldılıb, müsadirə olunmuş əmlaklarıyla bağlı qərar ləğv edilib.

Həmin şəxslərin sırasında Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Tacəddin Novruzov, icra hakimiyyətinin şöbə müdiri Natiq Kərimov, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, baş həkimi Məhəmməd Musayev, rayonun Təhsil Şöbəsinin müdiri olmuş Mətləb Allahverdiyev, şöbənin keçmiş baş mühasibi Rəcəb Hüseynov, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov, Kürdəmir Mənzil İstismar Sahəsinin keçmiş rəisi Sərvər Məmmədov da var.

Tacəddin Novruzov və Natiq Kərimovun cəzası 8 il 6 aydan 5 il 6 aya endirilib. Xəstəxananın baş həkimi və direktoru, eləcə də təhsil şöbəsinin rəhbəri və baş mühasibinin cəzası 7 ildən 5 il 6 aya qədər azaldılıb. Yaşıllaşdırma İdarəsinin rəisi olmuş Emin Sadıqova birinci instansiya məhkəməsinin kəsdiyi 4 illik cəza iki dəfə azaldılaraq, 2 il olub. Mənzil İstismar Sahəsinin keçmiş rəisi isə məhkəmə qərarı elan edilərkən azadlığa buraxılıb. Onun həbsdə qaldığı 2 illik müddət yetərli hesab edilib, əlavə olaraq, üzərinə 500 manat cərimə cəzası qoyulub.

Sabiq icra başçısı müavini və şöbə müdirinin əmlakları üzərində həbs vardı. Həbs götürülüb, bir qeyri-yaşayış sahəsi istisna olmaqla, qalanları haqda əmlak müsadirəsi qərarı ləğv edilib.

Söhbət aşağıdakı əmlaklardan gedir:

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 0,0370 ha torpaq sahəsi;

Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0,12 ha həyətyanı torpaq sahəsi;

Kürdəmir rayonu, Atakişili kəndində fərdi yaşayış evi;

Pirili kəndində 6,94 ha təsərrüfat təyinatlı, 0,48 ha həyətyanı torpaq sahələri;

Karrar kəndində 2,07 ha təsərrüfat təyinatlı torpaq sahəsi;

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi;

Xalid Qənbərov küçəsi 15 və 17 ünvanlarında ümumilikdə 0,25 ha həyətyanı torpaq sahələri;

Bakı şəhəri, Biləcəri qəsəbəsində 0, 3 ha torpaq sahəsi;

Bakı şəhəri, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında mənzil;

Bakı şəhəri, İ.Dadaşov küçəsi 74 ünvanında obyekt.

57 yaşlı C.Cəfərov 2011-2014-cü illərdə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustuna—həbs olunana qədər bu vəzifədə çalışıb.

O, rüşvət almaqda, külli miqdarda vəsaiti mənimsəməkdə və başqa cinayətlərdə günahlandırılır. İddiaya görə C.Cəfərovun dövründə rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumları, o cümlədən xəstəxana, təhsil şöbəsi rəhbərliyi icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərinə mütəmadi rüşvət verib, bücdə təşkilatlarına ayrılan vəsait mənimsənilib və s.

Sabiq icra başçısı özünü təqsirli bilmir.