Open Azerbaijan

Analytic Portal

AKIF ÇOVDAROVUN MÜSADIRƏ OLUNAN ƏMLAKI QAYTARILDI

29.12.2022 / 32 milyon 256 min manatlıq əmlaka mənzillər, villalar, torpaq sahələri və kommersiya obyektləri daxildir


Akif Çovdarov vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovla



Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov 2015-ci ilin sonunda həbs olunanda onun özü və yaxınlarına məxsus xeyli əmlakın üzərinə həbs qoyulmuşdu. Bu əmlakların ümumi dəyəri istintaq dövründə 32 milyon 256 min manat qiymətləndirilmişdi.

Bakı Hərbi Məhkəməsində Çovdarova hökm hökm oxunub, 12 il həbs cəzası veriləndə bu əmlakların əksər hissəsinin müsadirə olunmasına qərar verilsə də, bir hissəsinin alınması məqsədəuyğun sayılmadı. Onların arasında generalın Badamdar qəsəbəsindəki villaları da vardı. Bundan başqa, Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki evlər vardı ki, Çovdarov həmin evlərin çoxdan satıldığını, hazırda o evlərdə yaşayanların bu məsələlərə heç bir aidiyyəti olmadıqlarını bildirirdi.

Çovdarov heç cəzasının yarısını çəkmədən – 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxıldı. Hərçənd, Əfv haqqında Əsasnamədə göstərilib ki. şəxs cəzasının ən azı, yarısını çəkəndən sonra əfv üçün müraciət edə bilər. Digər tərəfdən, kimi əfv edib, kimi əfv etməmək də prezidentin müstəsna səlahiyyətində olan məsələdir.

Akif Çovdarov bir neçə dəfə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan geri götürmüşdü. Sonuncu dəfə - o, həbsdən buraxılandan sonra Ali Məhkəmədə işə baxılanda mülklərin müsadirəsi hissəsində apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, bu hissədə iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdı. 2022-ci ilin iyunundan apellyasiya instansiyasında Habil Məmmədovun sədrliyilə, İlqar Murquzov və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası Çovdarovun mülklərilə bağlı məsələni yenidən araşdırırdı. Adları çəkilən hakimlər dekabrın 28-də bu məsələ ilə bağlı yekun qərar verib və belə nəticəyə gəlib ki, onun yaxınlarının adına olan və müsadirə olunmuş mülklərin hamısı geri qaytarılmalıdır.

Söhbət aşağıdakı mülklərdən gedir:

- Bakı şəhəri, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı - 8.1 milyon manat;
- Biləcəri qəsəbəsində 560 kv.metr torpaq sahəsi – 95 min manat;
- Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi – 300 min manat;
- Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kv.metr qeyri-yaşayış sahəsi – 231 min 500 manat;
- Xətai rayonu, Məhəmməd Hadi küçəsində mənzil – 125 min manat;
- Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;
- Novxanı qəsəbəsində torpaq sahələri – 86 min manat və 71 min manat;
- Novxanı qəsəbəsində bağ evi – 800 min manat;
- Novxanı qəsəbəsində bağ evi – 700 min manat;
- Saray kəndində torpaq sahələri – 60 min manat, 203 min manat, 59 min 500 manat;
- Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;
- Qəbələ rayonu Nohurqışlaq kəndində torpaq sahələri – hər biri 15 min manat;
- Şamaxı rayonu Nağaraxana kəndində torpaq sahələri və tikililər – ümumilikdə 4 milyon 310 min manat;
- Kürdəmir rayonunun müxtəlif kəndlərində torpaq sahələri və təsərrüfatlar – 640 min manat;
- Kürdəmir şəhərində “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu – 208 min manat;
- Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yerləşən qarajlar – 96 min manat;
- Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində 4941 kv.metrlik 6 mərtəbəli bina – 3 milyon 178 min manat;
- Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası – 4 milyon 500 min manat.

Hələ 2017-ci ildə Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi:

“Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətin sərəncamı əsasında verilib...”

Lakin cinayət işinin materiallarında bu əmlakların bir qisminin cinayət yoluyla əldə olunmasına dair konkret ifadələr var. Məsələn, “8-ci kilometr bazarı”. Bununla əlaqədar hətta Akif Çovdarova ittiham da verilib. Cinayət işinin materiallarında göstərilib ki, bu bazar Səfərov qardaşlarından zorla alınıb. Qardaşların payının 50 faizi Akif Çovdarovun qızı Aida Qasımova, qalan yarısı da o dövrdə Milli Təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

Hətta Səfərov qardaşları da buna görə Çovdarovun işi üzrə zərərçəkmiş qismində tanınıb. Buna baxmayaraq, apellyasiya məhkəməsi Aida Qasımovanın adına olan payları ona geri qaytarmaq barədə qərar qəbul edib.

Akif Çovdarov hələ həbsindən illər öncə zaman-zaman medianın diqqətini çəkib. Onun adı tez-tez qalmaqallı hadisələrdə çəkilib. Generalın adı “Azadlıq”qəzetinin əməkdaşı Aqil Xəlilin Zərifə Əliyeva adına parkda döyülməsi, bir neçə gün sonra isə bıçaqlanmasından tutmuş, “Monitor” jurnalının baş redaktoru, 2005-ci il martın 2-də yaşadığı binanın blokunda güllələnərək öldürülən və bu günə qədər qatilləri tapılmayan Elmar Hüseynovun qətlinə qədər müxtəlif olaylarda hallanıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat nəticəsində nazirlikdə 20-dən çox vəzifəli şəxs, o cümlədən 5 general həbs olundu ki, onlardan biri də Akif Çovdarov idi. O, hədə-qorxu ilə tələb etmə, hakimiyyətdən sui-istifadə etmə, mənimsəmə, qanunsuz azadlıqdan məhrum etmə və başqa əməllərdə ittiham olunurdu. Cinayət işinin materiallarında iddia olunurdu ki, o, iş adamlarını, maddi durumu yaxşı olan şəxsləri MTN-ə gətirdərək, onları təhqir edib, zorakılıq edib, döydürüb, onların özlərindən, yazınlarından külli miqdarda pul, əmlak alandan sonra buraxıb. Lakin Akif Çovdarov bu ittihamların heç birini qəbul etmir, zərərçəkmiş qismində tanınan şəxslərin günahlandırırdı. İddia edirdi ki, onların heç biri MTN-ə əsassız çağırılmayıb.