Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCANIN YAŞAYIŞ MİNİMUMU MEYARLARI

15.02.2019 / Minimal ehtiyac meyarı və minimum əmək haqqı arasındakı balans pozulub

Azərbaycanda minimum ehtiyac meyarının həddi 143 manatdır. Bu rəqəm 2018-ci il, noyabrın 30-da qəbul edilmiş qanuna (Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanun) əsasən müəyyən olunub. Bəs bunu--elə ilk baxışdan az görünən məbləği hansı əsaslarla müəyyən edirlər?

Ehtiyac meyarının həddi hər il dövlət büdcəsi ilə birgə təsdiq olunur. “Yaşayış minimumu haqqında” qanuna əsasən ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə təsdiqlənir. Yaşayış minimumu isə, həmin qanunun 1.0.2-ci yarımbəndinə əsasən, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Deməli, həm ehtiyac meyarının, həm də yaşayış minimumunun təsdiqində ən vacib amil istehlak səbətidir.

İstehlak səbəti nədir və necə hesablanmalıdır?

“Yaşayış minimumu haqqında” qanunun 1.0.1-ci yarımbəndində istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunmuş toplusu kimi ifadə edilib. Qanunun 3-cü maddəsində istehlak səbətinin içərisində nələrin olduğu sadalanıb. Bu səbət ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusundan (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) formalaşır. Bu malların və xidmətlərin qiyməti isə orta bazar tarifləri əsasında müəyyən olunur.

Alınan məbləğin aztəminatlı ailənin aylıq dolanışığına kifayət etməyəcəyini anlamaqdan ötrü iqtisadçı olmağa gərək yoxdur. Aydındır ki, ehtiyac meyarının hesablanması obyektiv deyil, subyektiv fikirlərə əsaslanır, zəruri tələbat malları yox, subyektiv mülahizələrə görə hesablamalar aparılır. Qanunvericiliyin düzgün tətbiq edilməməsi bir yana, ehtiyac meyarının və yaşayış minimumunun təyin edilməsi üçün tətbiq olunan göstəricilər də köhnəlib. Məsələn, internet xərcləri keçmiş həyat tərzinə uyğun olaraq hesablanıb—aylıq internet haqqı gündə cəmi 1 saat internetə görə müəyyən olunub. Bu o deməkdir ki, indikatorların təzədən nəzərdən keçirilməsi və bu günün ehtiyaclarına uyğun istehlak səbətinin hazırlanması gərəkdir.

Bundan əlavə, 2019-cu ilin dövlət büdcəsinə baxanda təxminən 24 milyard manatlıq büdcə xərclərinin 3 milyard manatdan çoxunun müdafiəyə ayrıldığını görürük. Bəzi millət vəkilləri də ehtiyac meyarının az tutulmasını müdafiə xərclərinin çoxluğu ilə izah edir, müharibə şəraitində ehtiyac meyarını çoxaltmağın mümkün olmadığını deyirlər. Halbuki minimum istehlak səbətinin həcminin dövlətin ümumi siyasəti ilə əlaqəsi olmamalıdır. Azərbaycan Respublikası, beynəlxalq öhdəliklər də bunu tələb edir, hər kəsin adekvat həyat şəraitini təmin etməlidir, aztəminatlı ailələrə sosial yardım heç bir səbəbdən gözardı edilməməlidir.

Minimum əmək haqqı və ehtiyac meyarı

Milli təcrübəmizdə maraqlı məqamlardan biri də odur ki, ehtiyac meyarının məbləği 2019-cu ilin yaşayış minimumundan 37 manat azdır (yaşayış minimumu 180 manat, ehtiyac meyarı isə 143 manatdır). Həm beynəlxalq təcrübəyə, həm milli qanunvericiliyimizə görə bu hal tamamilə qəbuledilməzdir. “Yaşayış minimumu haqqında” qanunun 5.1-ci bəndinə əsasən, “ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu ... ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir”. Yaşayış minimumu ehtiyac meyarının təyin olunmasında əsas rol oynayırsa, ehtiyac meyarı heç bir halda yaşayış minimumundan az ola bilməz. Yəni yaşayış minimumunun 180 manat, ehtiyac meyarının isə 143 manat hesablanmasının özü qanun pozuntusudur.

Minimum əməkhaqqında da 8 fevral 2019-cu ilə qədər bənzər mənzərəyə şahid idik. Belə ki, 2019-cu il üçün müəyyən edilən minimum əməkhaqqının miqdarı 130 manat təşkil edirdi və bu məbləğ sadəcə yaşayış minimumundan yox, ehtiyac meyarından da düz 13 manat az idi. Fevralın 8-dən--prezidentin “Minimum Əməkhaqqının Artırılması” haqqında sərəncamından sonra, minimum əməkhaqqı 50 manat artırılaraq 180 manat müəyyən olundu. Artım 2019-cu il, mart ayının 1-dən qüvvədədir. Yaşayış minimumuna bərabər olduğuna görə ilk baxışdan bu məbləğ ağlabatan görünə bilər, ancaq unutmaq olmaz ki, Azərbaycanda minimum əməkhaqqından çox, sosial yardıma möhtac ailələr var və belə ailələrə yardımlar 143 manatlıq ehtiyac meyarına görə təsbit olunur. Hökumətin addımı hüquqi aspektdən müsbət olsa da, ehtiyac meyarı ilə minimum əməkhaqqı və yaşayış minimumu arasındakı 37 manatlıq uçurum mütləq nəzərə alınmalıdır. Əlbəttə ki, minimum əməkhaqqının yeni məbləğinin də hazırki bazar qiymətlərinə və gözlənilən inflyasiyalara nə dərəcə hazır olduğu sual doğurur.

Ehtiyac meyarı beynəlxalq standardlarda

Beynəlxalq Əmək Təşkilatının nəşr etdiyi “Minimum Əmək Haqqı Siyasəti üzrə Bələdçi”yə görə, yaşayış minimumunun təyin olunması zamanı dövlətlərə kömək edən etibarlı statistik göstəricilərdən istifadə olunmalıdır. Azərbaycan Respublikasında, əksinə, son illər tərtib olunan ehtiyac meyarı hədləri rəsmi statistikaya əsaslanır, alternativ statistikaların rəyi nəzərə alınmır. Rəsmi statistika isə inflyasiya həddini illərdir ki, 12%-lik sabit həddə müəyyən etməkdədir.

Eyni zamanda 1985-ci il tarixli Beynəlxalq Əmək Statistikası Sazişində və 135 saylı Tövsiyədə obyektiv kriteriyaların hökumət və sosial partnyorlar tərəfindən razılaşdırılmasının vacibliyi vurğulanıb. Beynəlxalq Əmək Təşkilatı ehtiyac meyarının müəyyən olunmasında qida və mənzil ehtiyaclarından əlavə, səhiyyə, uşaqların təhsil məsrəfləri və ictimai həyatda iştirak üçün lazım olan xərclərin nəzərə alınmasını zəruri sayıb. Beynəlxalq praktikada tövsiyə olunan indekslərdən biri “istehlakçı qiymət indeksi” (Consumer Price İndex – CPI) adlanır. Bu indeks istehlakçıların müəyyən müddət ərzində aldıqları mal və xidmətlərin qiymətlərindəki dəyişimi nəzərə alır. Bəzi ölkələr bu indeksi əhalinin ən kasıb üzvlərinin ehtiyaclarına görə hesablayır, beləcə aztəminatlı ailələrin ərzaq kimi çox istifadə etdikləri mallardakı qiymət artımlarına nəzarət edərək, minimum əmək haqqını tənzimləyə bilir.

Beynəlxalq təcrübə həmçinin ehtiyac meyarı həddinin keçmiş inflyasiya dərəcələrinə görə deyil, proqnozlaşdırılan inflyasiya dərəcəsinə görə hesablanmasının daha uğurlu olduğunu göstərir. Sonrakı inflyasiyalar proqnozlaşdırılandan az və ya çox olduğu halda aradakı fərqin müvafiq tənzimləmələr vasitəsilə kompensasiya edilməsi də təklif olunan sistemlərdəndir.

Azərbaycandakı minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarına dair tənzimləmələrə beynəlxalq standartlar çərçivəsindən baxanda indiki praktikanın çox geridə olduğunu görürük. Geriliyi aradan qaldırmaq və sosial yardımı bazardakı qiymətlərlə mütənasib həddə çatdırmaqdan ötrü əvvəlcə bu rəqəmləri əmələ gətirən statistikaların etibarlılığı məsələsi mübahisələndirilməli, alternativ hesabatlara, elmi araşdırmalara istinad olunmalıdır. Əlavə olaraq, istehlak səbətinin tərkibi yenidən oxunmalı, müasir dövrün ehtiyaclarına və gündəlik tələbata adekvat cavab verən mal və xidmətlərə yer verilməlidir. Bazardakı qiymət artımı və ehtiyac meyarı arasındakı fərqi aradan qaldırmaq üçün, “istehlakçı qiymət indeksi” kimi dəyişikliklərə mütəmadi uyğunlaşa bilən hesablama üsuluna müraciət edilməlidir.