Fərid Rüstəmzadə

İqtisadçı

SOSİAL ETİBAR İNDEKSİ VƏ İQTİSADİ İSLAHATLARIN EFFEKTİ

26.11.2019 / Cəmiyyətdə etibar və inam yoxdursa, iqtisadi inkişaf da olmur


Foto Turan İA-dan götürülüb

Sosial şəbəkələrdə də, etiraz aksiyalarında da dilə gətirilən əsas tələblərə nəzər salanda görürük ki, narazılığın kökündə 2 şey dayanır: maddi rihafın aşağı olması, bir də vətəndaşların bir-birinə, həmçinin dövlət qurumlarına etibarının zəifliyi. Sonuncu etirazlarda vətəndaşlarla polis arasında yaranan toqquşmalar camaatın dövlətin mühafizə xidmətinə olan güvəninə bir az da mənfi təsir etdi.

Dövlət mediasında və iqtidar dairəsində isə başqa aktual mövzudan--islahatlardan danışılır. Məmurlar dərin iqtisadi-sosial islahatların başladığını, vətəndaşların həyat şəraitinin yüksəldilməsi üçün ciddi səy göstərildiyini iddia edirlər. Deyilənlərə inananların sayı nə qədərdir? Vətəndaş məmurlara, siyasi sistemə və sosial institutlara etibar edirmi? Sosial etibar indeksi nədir və onunla iqtisadi inkişaf arasında hansı əlaqə var? Maddi rifah, etibar və islahatları bir-birinə nə bağlayır? Etibar və digər sosial indikatorları nəzərə almayan islahat paketi niyə effektiv ola bilməz?

“Necə bilirsiz, insanların əksəriyyətinə etibar etmək olarmı?”

Bu sualdan ilk dəfə 1950-ci illərdə sorğularda istifadə etməyə başlamışdılar. 1980-ci illərdə bu sual “World Values Survey”in (“Dünya Dəyərlər Sorğusu” - 1981-ci ildən keçirilir, müxtəlif ölkələrdə insanların həyatında və düşüncələrindəki dəyişiklikləri öyrənən sosial sorğudur) sualları sırasına əlavə edildi. Zamanla, insanların digərlərinə duyduğu ümumi etibarla yanaşı, siyasi və sosial institutlara, iqtidarlara, fərqli din və irqlərə məxsus qruplara da nə qədər etibar etdikləri haqqında sorğular keçirildi. Nəticələr göstərdi ki, sosial etibar bütün dünyada cəmiyyətlərin gücü və rifahının ən maraqlı, ən əhəmiyyətli indikatorlarından biridir. Sosial etibarın səviyyəsi milli iqtisadi inkişafı proqnozlaşdırmada ən azı maliyyə və fiziki kapıtal qədər dəyərlidir (1). Maraqlıdır ki, cəmiyyətdə xoşbəxtlik kimi bir çox qeyri-iqtisadi göstəricilər də məhz sosial etibarın səviyyəsiylə bağlıdır. Bir sözlə, güvən olmayan yerdə səadət və rifah içində yaşamaq, iqtisadi baxımdan inkişaf etmək, demək olar ki, mümkün deyil.

Bu fakt son illər araşdırmaçıların diqqətini yenidən çəkməyə başlayıb. Sorğularla “Sosial Etibar İndeksi”ni müəyyən etməyə--insanların digərlərinə, eləcə də dövlətə, polisə, institutlara inamının səviyyəsi və bu indeksin dəyişim trendini öyrənməyə çalışırlar.

Etibar inkişafa necə təsir edir?

"Hər kommersiya əməliyyatı özlüyündə bir etibar elementi daşıyır.” Nobel mükafatı laueratı, iqtisadçı alim Kenneth Arrow belə deyirdi.

Etibar və onun təsiri--uzunmüddətli iqtisadi inkişafda və cəmiyyətin rifahında rolu hələ ilkin iqtisadi fikirlərin formalaşdığı dövrdə müzakirə mövzularından biri idi. Sosial etibar və iqtisadi inkişaf arasında bağlılığın ilkin təsəvvürünü əldə etmək üçün istifadə olunan əsas metod adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul) ilə etibar arasındakı əlaqəni hesablamaqdır. Aşağıdakı diaqramda adambaşına düşən ÜDM-un həcmi (X xətti üzərində) ilə sosial etibar hesablamalarının nəticələri (Y xətti üzərində) qarşılaşdırılır. Təsvirdəki hər nöqtə bir ölkəni göstərir. 0 nöqtəsindən başlayaraq çəkilən xəyali diaqonal ÜDM-in həcmi və sosial etibarın tam mütənasibliyini ifadə edir. Bu xəyali xəttə yaxınlaşdıqca sosial etibarla ÜDM arasındakı əlaqə güclənir. Ölkə adlarının diaqramramdakı yeri iki göstərici arasındakı güclü əlaqəni ölkələr üzrə illustirasiya edir.

*Azərbaycanın mövqeyi oxla işarələnib

Digər iqtisadi göstəricilərlə müqayisədə də oxşar nəticələr əldə edə bilirik. Məsələn, Guiso (2) araşdırmasında göstərir ki, etibar ilə sahibkarlıq təşəbbüslərinin sayı arasında əhəmiyyətli korrelasiya (qarşılıqlı asılılıq) mövcuddur. Çoxsaylı araşdırmalar etibarın uzunmüddətli iqtisadi inkişafa hansı mexanizimlər vasitəsi ilə təsir etdiyini aydınlaşdırmağa çalışıb. Məsələn, Fukuyama (3) öz kitabında sosial etibarın vətəndaşları bir-birinə bağlayan “əxlaqi bağları” əks etdirdiyini, şirkətlər və fərdlər arasında tranzaksiya xərclərini (hüquqi xərclər, kommunikasiya ödənişləri, informasiya xərcləri və s.) azaltdığını, bunun da investisiya üçün daha münbit şəraiti formalaşdırdığını yazırdı.

Fukuyamanın qeyd etdiyi başqa bir mexanizm isə budur ki, yüksək sosial etibarın (və buna görə daha az oğurluq, cinayət ehtimalının) olduğu mühitdə şirkətlər və fərdlər təhlükəsizliyi qorumaqdan ötrü daha az resurs xərcləyirlər. Bura təkcə mühafizəçilər və divarlar kimi fiziki qoruma üsulları yox, həmçinin müqavilələr və pozuntuları monitorinq etməyə yönələn xərclər də daxildir. Məhz buna görə, yüksək sosial etibar mühitində təhlükəsizlik xərclərini azaldan şirkətlər və fərdlər məhsuldar investisiyalara və innovasiyaya daha çox resurs cəlb edə bilirlər. Bu isə öz növbəsində ümumi iqtisadi artıma səbəb olur.

Zak və Knackın (4) nəzəri modeli isə izah edir ki, yüksək etibar səviyyəsi iqtisadi mühitdə daha az risk olduğunu göstərir. Riskin azlığı investisiya üçün münbit şərait formalaşdırır, investisiyanın ümumi dərəcəsi yüksəlir, uzunmüddətli iqtisadi artıma zəmin yaranır.

İnstitutional etibar

Burada həmçinin xüsusi vurğulanmalıdır ki, vətəndaşların siyasi sistemə və sosial institutlara olan etibarı sosial etibar ilə oxşar trenddə dəyişir. Bu baxımdan, iqtisadi inkişaf institutional etibarla da statistik əhəmiyyətli müsbət korrelasiyadadır. İqtidara, məhkəməyə, dövlətə, iqtisadi-sosial institutatlara olan etibar da yuxarıda qeyd olunan mexanizmlər səbəbi ilə iqtisadi inkişafda zəruridir. Eurostat statistik nəticələr əsasında polisə etibar və başqalarına etibar arasındakı əlaqəni araşdırıb. Araşdırma göstərir ki, sözügedən iki etibar arasında bariz müsbət korrelasiya var.

Azərbaycan sosial etibar indeksinin ən aşağı olduğu ölkələrdəndir

Statistik məlumatlar göstərir ki, Azərbaycan sosial etibar baxımından ən aşağı göstəricilərə malik ölkələrdəndir. Azərbaycanın sosial rifah və ÜDM, sahibkarlıq təşəbbüsləri, qeyri-bərabərlik kimi iqtisadi göstəriciləri də bu indekslə mütənasibdir.

"World Values Survey" haqda yuxarıda qeyd etmişdik. Təşkilat Azərbaycanda sonuncu dəfə 2011-ci ildə sorğu keçirib, respondentlərə "siyasətə qarışmaq"dan tutmuş, ailənin onlar üçün önəminə qədər müxtəlif məsələlərlə bağlı suallar ünvanlayıb və uyğun statistika hazırlanıb. Suallardan biri də ümumi etibarla bağlı imiş: "Ümumiyyətlə, hesab edirsinizmi ki, insanların əksəriyyətinə etibar etmək olar, yaxud əksinə, insanlarla münasibətdə çoxmu ehtiyatlı olmaq lazımdır?" Azərbaycanda responentlərin cəmi 14.8 %-i "etibar etmək olar" deyə cavab verib. Bu da ölkənin "etibar" indeksinin aşağılarda olduğunu göstərib.

Bu diaqram isə insanlararası etibar statistikasının illər üzrə dəyişmə trendini göstərir. Azərbaycanda sosial etibarın illər keçdikcə azaldığı müşahidə olunur. Sonuncu sorğunun 8 il əvvəl aparıldığını nəzərə alsaq, hazırkı sosial-iqtisadi şəraitdə real etibarın bir az da aşağı düşdüyünü təxmin etmək mümkündür. Dəqiq statistika üçün yeni sosial sorğulara ehtiyac var.

Nə etməli?

Etibar problemi aktualdır və həll yolları var. Zak və Knack ölkədə insanlararası və institutional etibarın yüksəlməsi üçün söz və mətbuat azadlığının, ədalətli hüquq sisteminin və şəffaf hökumətin vacib olduğunu əsaslandırırdılar. Bəzi inkişaf etmiş qərb ölkələrində insanlararası etibarın azalması müşahidə edilsə də, vətəndaşların polisə olanı inamı yüksək olaraq qalır. Bu çox vacib nüansdır, çünki insanlararası etibarın aşağı olduğu mühitdə qanuna--polisə olan inam iqtisadi-sosial əlaqələrdə riski azalda, insanlararası etibarı əvəzləyə bilər. Bu baxımdan, uzunmüddətli iqtisadi inkişafa yönəlmiş siyasətin nəticə verməsi üçün ədalətli məhkəmə və hüquq sistemi qurulmalı, dövlət-vətəndaş komunikasiyası stimullaşdırılmalı, söz və mətbuat azadlığı təmin edilməli və sosial etibar istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilməlidir.
Dayanıqlı iqtisadi və sosial inkişaf istəyəndə, hər şeydən əvvəl vətəndaşların dövlətə, bir-birinə və gələcəyə olan inamını artırmaq gərəkdir. Sosial etibar probleminin həlli yolunda ciddi addımlar atılmasa, aparılan iqtisadi islahatların uğursuzluqla sonuclanması ehtimalı böyük olur.

Mənbələr

1) Bjørnskov, C.(April 2012). How Does Social Trust Affect Economic Growth? Southern Economic Journal Vol. 78, No. 4, pp. 1346-1368
2) Guiso, L., Sapienza, P-, Zingales, L. (2006). Does Culture Affect Economic Outcomes? Journal of Economic Perspectives 20(2): 23-48
3) Fukuyama, F. (1995). Trust: The Social Virtues and the Creation of Prosperity. NewYork: The Free Press.
4) Zak, P. J., Knack, S. (2001). Trust and Growth. The Economic Journal 111 (470), 295-321