Açıq Azərbaycan

Analitik Portal

SƏRDAR BABAYEV HƏBS EDİLİB

21.10.2021 / Ona qarşı Dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb


Sərdar Babayev

Oktyabrın 19-da saxlanan Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, S.Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Vəkilin vurğulamasına görə, istintaq orqanın təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun da saxlandığı açıqlanmışdı. Amma gecə saatlarında o, Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənli (Babayev) ötən ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı. O, 2017-ci ildə 3 il həbs cəzası almışdı. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilmişdi. Müdafiə tərəfi ittihamı qəbul etmirdi.

Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti hələlik açıqlama verməyib.