Açıq Azərbaycan

Analitik Portal

MTN GENERALLARININ HƏBS EDİLMƏSİNİN SƏBƏBLƏRİ AÇIQLANIB

06.04.2021 / Generallara qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb

Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının həbs səbəblərini açıqlayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla Şixəliyev Mövlan MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib:

"Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəlıyev və Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub.

Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıblar. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 5 nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlakını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.