Açıq Azərbaycan

Analitik Portal

MALİYYƏ NAZİRLİYİ: MANATIN DOLLARA NİSBƏTDƏ UCUZLAŞMAYACAĞI GÖZLƏNİR

09.09.2021 / Nazirliyin gələn ilin büdcəsi ilə bağlı açıqlamasında deyilir ki, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb


Manat/dollar

Azərbaycanda gələn il manatın dollara nisbətdə ucuzlaşmayacağı gözlənir. Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir

Ona görə də 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Gələn büdcə layihəsində 1 barel neft 45 dollar civarında nəzərdə tutulub. Bu il isə bu məbləğ 40 dollar götürülüb.Hazırda Azərbaycan neftinin bir bareli 70 dollardan baha satılır.

Gələn il kapital və əmlakın amnistiyası gözlənir. Maliyyə Nazirliyi hesab edir ki, bu addım kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində "mühüm rol oynayacaq".

2022-ci ildə investisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi də planlaşdırılır.

Gələn ilin büdcəsində Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasına vəsait ayrılıb və oradakı yenidənqurma işləri Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.

Maliyyə Nazirliyi onu da açıqlayıb ki, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, güzəştlərə yenidən baxılacaq. Nazirliyin layihə ilə bağlı verdiyi məlumata görə, dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat proqnozlaşdırılır.

Bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. 2022-ci ildə dövlət büdcəsinin xərcləri isə 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat proqnozlaşdırılıb.

Nazirliyin vurğuladığına görə, xərclərin 68,7 faizini cari , 24,7 faizini əsaslı , 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.