Açıq Azərbaycan

Analitik Portal

“İSGƏNDƏR” RAKETİNİ ŞUŞAYA KİM ATIB?

02.04.2021 / Şuşada tapılan raket qalıqları sırf Rusiyanın istifadəsi üçün nəzərdə tutulan “İskəndər-M” raketidir

İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə edib. Bu barədə Azərbaycan tərəfdən ilk açıqlama Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsilçisindən verildi. ANAMA rəsmisi bildirdi ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər: "2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edilib".

Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib-etməməsi İkinci Qarabağ Müharibəsindən sonra ən çox müzakirə mövzularından bir idi. İlk dəfə Qarabağ müharibəsi zamanı "İsgəndər" kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb. O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri "İsgəndər"- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan bu ilin fevarlında isə müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi. Serj Sarkisyan demişdi ki, müharibənin 3-cü-4-cü günü Ermənistanın "İsgəndər" raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır. Sarkisyanın sualına cavab baş nazir Nikol Paşinyandan gəldi. "1in.am" portalın müxbirinin: Sarkisyanın bu eyhamı baş nazirəmi ünvanlanıbmış? - sualını cavablandıran Paşinyan deyib: "Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Searj Sarkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə "İsgəndər"-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?".

Paşinyanın bu açıqlaması Rusiyada ciddi narazılıqla qarşılandı. Rusiya Müdafiə Nazirliyi "İsgəndər"in atıldığı, amma partlamadığı ilə bağlı Paşinyanın açıqlamasına reaksiya verərək bildirmişdi ki, Qarabağ müharibəsində "İsgəndər" ballistik raketlərindən istifadə edilməyib. "Görünür, cənab Baş nazir Paşinyan yanıldılıb və beləliklə səhv məlumatlardan istifadə edib," - nazirliyin məlumatında vurğulanmışdı. Rusiyadan gələn təpkilərdən sonra Nikol Paşinyan geri addım atmış, yalnış məlumatlandırıldığını bildirmişdi.

İlham Əliyev: “İsgəndər” raketlərinin atılmasını görməmişik”

Prezident İlham Əliyev 26 fevralda yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında müharibə vaxtı Azərbaycan Ermənistandan “İsgəndər” raketlərinin atılmasını görməyiblər:

“Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”.

İndi isə gələk, məqalənin başlığında verilən sualın cavabına. Şuşada tapılan raket qalıqları satış üçün nəzərdə tutulan “İskəndər-E” yox, sırf Rusiyanın istifadəsi üçün nəzərdə tutulan “İskəndər-M” raketidir. O zaman sual yaranır, ixracı nəzərdə tutulmayan bu raketləri Ermənistandan necə atılıb? Ya da, ümumiyyətlə, Ermənistandanmı atılıb?

Rusiya beynəlxalq öhdəliklərini pozub?

REAL TV-nin təhlilində qeyd olunur ki, əgər Rusiya ixrac üçün nəzərdə tutulmayan raketləri Ermənistana veribsə, beynəlxalq öhdəliklərini pozur: “Belə çıxır ki, Rusiya operativ taktiki raket komplekslərinin satışı ilə bağlı imzaladığı beynəlxalq sazişləri pozaraq Ermənistana eksport üçün nəzərdə tutulan uzaqlıq məsafəsi 280 km olan “İskəndər-E” yox, öz silahlı qüvvələri üçün istehsal etdiyi uzaqlıq məsafəsi 500 km, kassetli, fuqas, qəlpəli, zirehli texnika, ümumilikdə 10 növ növ və çəkisi 480 kiloqrama qədər standart hətta 50 kilotona qədər partlayış gücü olan nüvə başlığı daşıya bilən “İskəndər-M” raket kompleksi satıb və ya verib? Hətta militari Raşa saytında göstərilir ki, Rusiya üçün nəzərdə tutulan raketlər 9M723 və 9M723-1 indeksi ilə tanınır. Eksport satış üçün nəzərdə tutulan raketlərdə 9M723E yəni eksport satış yazılır. Şuşada tapılan raketlərdə indeks 9M723-dür”.

Təhlildə bildirilir ki, Rusiya ya Ermənistanı bütün qaydaları pozaraq satış üçün nəzərdə tutulmayan raket kompleksini satıb, ya da Rusiya özü Şuşaya raket atıb: “Xəritəyə baxanda uzaqlıq məsafəsi 500 kilometr olan İsgəndəri Gümrüdə yerləşən 102 rus hərbi bazasından hətta Rusiyanın öz ərazisindən buraxmaq olar? Çox müəmmalı və qaranlıq suallar var. Amma ekspertlər bildirir ki, bu raketlər partlamayıb. Ermənilərin atdığı bəzi Smerçlərdə partlamırdı”.

Moskvadan yeni reaksiya

Bu arada Kreml bu gün Azərbaycanın erməni işğalından azad edilmiş Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarının tapılmasına reaksiya verib. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov raketlərin Qarabağda tətbiq olunmasını təkzib edib. ““İsgəndər” raketləri Qarabağda tətbiq olunmayıb və bu təsdiqlənib”- deyə Peskov bildirib.

Bu gün eyni zamanda ANAMA Operativ Qərargah rəisi İdris İsmayılov APA-ya açıqlamasında bildirib ki, Şuşada tapılan raket qalıqları üzərindəki 9M723 indeks kodu yoxlanılıb: "Məlum olub ki, bu, "İsgəndər" Operativ Taktiki Raket Komleksindən atılmış raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafə aşkarlanıb. Son aparılan araşdırmalar nəticəsində aşkarlananların "İsgəndər-M" raketinin qalıqları olduğu qənaətinə gəlinib".