Açıq Azərbaycan

Analitik Portal

“HANSI QƏZETLƏRƏ MALİYYƏ YARDIMI AYRILMASI MƏSƏLƏSİNDƏ DƏ SON SÖZ ƏLİ HƏSƏNOVUN OLURDU”

26.11.2021 / Bu barədə KIVDF-nin aparıcı məsləhətçisi olmuş Samir Mustafayev noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb


Jurnalistlərə mənzillərin açarlarının təqdimatı mərasimi. 2017

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KIVDF) aparıcı məsləhətçisi olmuş Samir Mustafayev deyir ki, jurnalistlər üçün tikilən binalarda kimin mənzil alacağına Fondda yox, Prezident Administrasiyasında qərar verilirdi. AzadlıqRadiosunun xəbərinə görə, bu barədə o, noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Fondun sabiq icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə dindirilərkən danışıb.

"Kimə nə qədər veriləcəyi "yuxarıda" həll olunurdu"

Mustafayevin sözlərinə görə, sənədlər Fondda toplansa da, bu qurumun rəhbərinin mənzil məsələsində faktiki qərar vermək səlahiyyəti yox idi: "Mənzillərin paylanması məsələsində Vüqar müəllimlik bir şey yox idi. Azərbaycan jurnalistikasında olan hər kəs bunu yaxşı bilir ki, bu məsələlər Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində həll olunurdu. Qərarı da onun rəhbəri verirdi. Sənədlər toplanırdı, ora göndərilirdi. Hətta Fonda daxil olmayan sənədlər də orada olurdu və qərar verilirdi".

Mustafayev deyir ki, hansı qəzetlərə maliyyə yardımı ayrılması məsələsində də son söz Prezident Administrasiyasının ovaxtkı şöbə müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənovun olurdu. Bəzən hansısa qəzetlər maliyyə ayrılması üçün müəyyənləşdirilmiş şərtlərə uyğun gəlməyəndə də onlara güzəşt olunmasına o şöbədə qərar verilirdi: "Vüqar müəllim sənədlər məsələsində tələbkar idi. Layihələrin maliyyələşdirilməsi üçün qəzetlərdən daxil olan sənədlər Fondda toplanırdı, kimə nə qədər veriləcəyi isə "yuxarıda" həll olunurdu. Məsələn, hansısa qəzet 30 ilin nəşridir, indi tirajı azalıbsa, onu kənarda saxlamamaq üçün güzəştlər olurdu, tiraj sayı çox göstərilirdi. Əvvəl ictimai-siyasi qəzetlərlə yanaşı, idman qəzetlərinə də verilirdi. Sonra idman qəzetləri çıxarıldı".

"Vüqar müəllimlik bir şey yox idi"

Mustafayev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dindiriləndə deyib ki, jurnalistlər üçün binanın tikintisi də məhz Əli Həsənova yaxın şirkət olduğuna görə "Portos" MMC-yə həvalə olunmuşdu. Məhkəmədə hakim ona bu ifadəsini xatırladıb, bunu təsdiqləyib-təsdiqləmədiyini soruşub.

"İlk iki bina tikiləndə, ümumiyyətlə, tender keçirilmirdi. Tender Komissiyası 2017-ci ildə yaradıldı. Birbaşa məktubla tikinti o şirkətə həvalə olunmuşdu. Dediyim kimi, ev məsələsində, ümumiyyətlə, Vüqar müəllimlik bir şey yox idi...", – Mustafayev belə cavab verib. Onun özü də 2017-ci ildən sonra Tender Komissiyasının üzvlərindən biri olub. Deyir ki, tender yoluyla qərar verilməli olan başqa məsələlərdə də Əli Həsənovun rəyi nəzərə alınırdı: "Düzdür, tender qaydalarına əməl olunub. Amma deyim ki, zərflər açılıb, hər biri ayrı-ayrılıqda araşdırılıb, belə olmayıb axı. Nə deyiblərsə, o da olub".

2009-2020-ci illərdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş Vüqar Səfərli digər on nəfərlə əlbir olub 20 milyondan artıq vəsaitin yeyintisi və israf olunmasında təqsirləndirilir. Digər təqsirləndirilənlər arasında Fondun mühasibi, "Portos" MMC-nin direktoru, tədbirlərin keçirildiyi restoranların inzibatçıları və s. şəxslər var. 11 nəfərdən yalnız ikisi hazırda həbsdədir.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsin-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin (MİA) yaradılması haqda fərman imzalayıb. MİA Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.