Açıq Azərbaycan

Analitik Portal

GENERALIN SÜRÜCÜSÜ: “MTN-DƏ HƏDƏLƏYİB MƏNDƏN 150 MİN ALDILAR”

08.10.2021 / Sabiq MTN əməkdaşlarının məhkəmə prosesi davam etdirilib


Dollar

Azərbaycan ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olmuş Rahib Ağayev deyir ki, onu Milli Təhlükəsizlik Nazirliyində hədələyib 150 min manat alıblar. Onun sözlərinə görə, keçmiş MTN-çilərin təzyiqləri üzündən qızı ağır xəstəliyə tutulub. AzadlıqRadiosunun xəbərinə görə, bu barədə o, uzun illər MTN-in Hərbi Əks-kəşfiyyat Baş İdarəsinə rəhbərlik etmiş, bu ilin aprelindən həbsdə olan general Nizami Şirinovun məhkəməsində danışıb.

Generalla yanaşı, vaxtilə onun tabeliyində işləmiş daha üç nəfər – Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili Nadir Nəzirov da mühakimə olunur. Təqsirləndirilən şəxslərdən yalnız general Şirinov həbsdədir. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İclasın qapalı keçirilməsinə ehtiyac görülməyib

Oktyabrın 7-də sabiq MTN-çilərin vəkilləri bu məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Belə əsaslandırıblar ki, onlar Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları olub, dövlət sirri sayılan məsələlər ortaya çıxa bilər. Təqsirləndirilən şəxslərin vaxtilə hədə-qorxu ilə pul aldığı iddia olunan zərərçəkənlər razılaşmayıb. Onlar prosesin açıq keçirilməsini tələb ediblər. Hakimlər də məhkəmənin qapalı keçirilməsinə ehtiyac görməyib.

Zərərçəkmişlər həmçinin mülki iddialar qaldıraraq vaxtilə MTN-də onlardan alındığı iddia olunan pulların geri qaytarılmasını tələb ediblər. Zərərçəkmişlərdən Rahib Ağayev 150 min, Vüqar Ağayev isə 1 milyon 162 min 400 manatlıq mülki iddianı məhkəməyə təqdim edib.

Təqsirləndirilən şəxslər, o cümlədən general Şirinov indiki mərhələdə ifadə verməkdən imtina edib. Onlar özlərini təqsirli bilmədiklərini, zərərçəkmiş və şahidlər dindiriləndən sonra ifadə verəcəklərini bildiriblər.

"Qırmızı qələmlə 150 min yazılan vərəq gətirdi"

Zərərçəkmiş Rahib Ağayev deyir ki, onun hədələnib 150 min pulunun alınmasını təsdiqləyən səs yazıları var: "Mən general Yaşar Aydəmirovla qonşu olmuşam. Uzun müddət onun sürücüsü işləmişəm. 2012-ci ildə telefonuma zəng gəldi, özünü MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim etdi. Məni idarəyə çağırdı, səbəbini demədi. Yaşar Aydəmirova da məlumat verdim. Dedi ki, get, öyrən gör nə məsələdir....".

Ağayevin sözlərinə görə, idarədə onu törətmədiyi əməldə ittiham edib 150 min pul tələb ediblər. Əks halda, dövlətə xəyanət ittihamı ilə uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq olunub. İddia olunub ki, Ağayev bir tanışının daha az müddətdə hərbi xidmətdə olması üçün ona saxta sənəd verib: "Halbuki, mən dedikləri adamın hansı hərbi hissədə xidmət etdiyini də bilmirdim. Heç bir sənəd də düzəltməmişdim. Ruhlan məni Elcan Abdullayevin kabinetinə apardı. Başladılar mənə hədə-qorxu gəlməyə. Ruhlan qırmızı qələmlə 150 min yazılan vərəq gətirdi. Onu göstərib dedi ki, "bunu gətirməsən, səni vətənə xəyanət ittihamı ilə tutub, həbsə göndərəcəyik". Çox qorxdum. Yaşar Aydəmirova baş verənləri danışdım. General dedi ki, əgər o pulu istəyirlərsə, mütləq alacaqlar...".

Zərərçəkmiş deyir ki, həmin ərəfədə mənzilindən oğurluq olub, qara avtomobillə izlənilib, oğlunun toy günündə şadlıq evində tanımadığı şəxslər peyda olub. Onun sözlərinə görə, toy günü general Aydəmirovun qaynı qızı yoxa çıxıb, təxminən 4-5 saat sonra tapılıb: "Baş verənlərdən qızım qorxuya düşdü, epilepsiya xəstəliyi tutdu. Hamısı bunların ucbatından oldu...".

"Üstümdə diktofon olurdu"

Zərərçəkmiş deyir ki, məcbur qalıb dost-tanışdan borc toplayıb, 10 min manat da Aydəmirov köməklik edib. Beləliklə, 100 min dollar düzəldib Hərbi Əks-Kəşfiyyat İdarəsində Ruhlan adlı mayora verib. Amma yenə əl çəkməyib, qalan 50 min dolları da istəyiblər: "Zəng edib dedilər ki, pulu verməsən, sənə də, Yaşar Aydəmirova da pis olacaq. Oradan-burdan borc pul tapıb "Qələbə" dairəsinin yaxınlığında Ruhlan Cəfərova verdim. Ruhlanla görüşəndə üstümdə diktofon olurdu. Evdəkilərə demişdim ki, başıma bir iş gəlsə, səs yazılarına baxarsınız".

Zərərçəkmiş əlavə edib ki, MTN ətrafında 2015-ci ildə məlum hadisələrdən sonra o, da şikayətçi olub. O zaman Ruhlan Cəfərov ona 58 min manat qaytarıb. İndi isə verdiyi pulun qalan hissəsini tələb edir.

General və digər təqsirləndirilənlər zərərçəkmişin söylədiklərinə heç bir cavab verməyib. Məhkəmə oktyabrın 14-də digər zərərçəkənlərin ifadələri ilə davam edəcək.

Təqsirləndirilən sabiq MTN-çilərə Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 311 (rüşvət alma), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrlə ittihamlar verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.