Açıq Azərbaycan

Analitik Portal

“AZƏRXALÇA”NIN KEÇMİŞ SƏDRİ İLƏ BAĞLI 30 MİLYON MANATLIQ ƏMLAKA HƏBS QOYULUB

21.09.2021 / Bu barədə bu gün, sentyabrın 21-də Baş Prokurorluq məlumat yayıb


İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017

"Azərxalça" ASC İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə bu gün, sentyabrın 21-də Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, V.Muradov "Azər-İlmə" MMC-nin Bakı şəhərindəki inzibati binasının "Azərxalça" ASC-yə bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsində və başqa bu kimi məsələlərdə şübhəli sayılır. O, ümumilikdə 21 milyon 673 min manatı mənimsəmə, israf etmə yolu ilə talamaqda, habelə 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda şübhəli bilinir.

V.Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Baş Prokurorluq habelə bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: "İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, habelə "Azər-İlmə" MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub".

Bu açıqlamaya, hələlik, V.Muradov, onun ailə üzvləri və vəkilindən münasibət almaq mümkün olmayıb.

"Şöhrət" ordeni...

V.Muradov bu ilin əvvəlində həbs edilərək işdən çıxarılıb. O, prezidentin 2016-ci il iyunun 10-da imzaladığı sərəncamı ilə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri təyin olunmuşdu. "Azərbaycan Respublikasının Əməkdar aincəsənət xadimi" (2014) fəxri adı, "Şöhrət" ordeni (2016) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019) ilə təltif edilib.

"Azərxalça" ASC də 2016-cı ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça istehsalı, ixracı, onların ölkə daxilində, xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir.