Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCANDA BENZİNİN QİYMƏTİ 30 QƏPİYƏDƏK BAHALAŞIB

15.09.2021 / "SOCAR Petroleum" rəsmisi deyir ki, qiymət artımı mənbə ölkədəki yanacaq növlərinin qiymətinin artırılması ilə əlaqəlidir


Açıq mənbələrdən foto

Azərbaycanda"Aİ-95 premium" və "Aİ-98 super" markalı benzinin qiyməti bahalaşıb. Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" bildirib ki, bu gündən "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 15 qəpik artaraq 1,60 AZN, "Aİ-98 Super" markalı benzində isə 30 qəpik bahalaşaraq 1,90 AZN təşkil edib.

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli BBC News Azərbaycancaya açıqlamasında qiymət artımının səbəblərini izah edib: "Bu yanacaq növləri ölkəmizə xarici ölkələrdən idxal olunur. Bu dəfəki sifarişimiz Rumıniyadan idxal olundu. Qiymət artımı mənbə ölkədəki yanacaq növlərinin qiymətinin artırılması ilə əlaqəlidir".

O, deyib ki, qiymət artımını əvvəlcədən proqnozlaşdırmaq "mümkün deyil" və qiymət ancaq "sifariş zamanı bilinir".

Həbibbəyli yerli istehsal olan "Aİ-92" markalı benzinin qiymətinin artmayacağını bildirib.

Bu ilin avqust ayında "Aİ-98" markalı benzinin qiyməti, iyul ayında isə "Aİ-95" markalı benzininin qiyməti hər biri 5 qəpik bahalanmışdı.

Daha öncə isə yanvar ayında Tarif Şurasının qərarı ilə "92 markalı" benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.