AXVERDİYEV AZƏRBAYCANA QARŞI MƏHKƏMƏNİ UDUB

28.03.2019 / Dövlət mülkiyyət hüququnu pozduğuna görə 140 min avro cərimə ödəməlidir

Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) ərizəçi Ədalət Axverdiyev haqqında yekun qərarını elan etdi. 2019-cu il, martın 21-də verilən açıqlamada deyilir ki, Azərbaycan dövləti Ə. Axverdiyevə vurduğu maddi zərərə görə 140.000 avro, mənəvi zərərə görə 3000 avro cərimə ödəməlidir.

Ə.Axverdiyev AİHM-nə 2011-ci ilin dekabrında şikayət yollamış, mülkiyyətinin qanunsuz söküldüyünü bildirmişdi. Ərizəçi həyat yoldaşı, iki uşağı və yaşlı anası ilə birgə Xutor adlanan ərazidə, əvvələr valideynlərinə məxsus olmuş evdə yaşayırmış. 2005-ci ildə o, həmin evin kupça sənədini alıb və onu mülkiyyətinə çeviribmiş. Ə.Axverdiyevin iddiasına görə, 2009-cu ildə ona bir nəfər yaxınlaşır, evdən imtina etməsini, əvəzində Bakının Nərimanov rayonundakı köhnə qəbiristanlıq ərazisində tikilən binada beşotaqlı mənzili kompensasiya kimi almasını istəyir. Sonralar Ə.Axverdiyev qonşularının oxşar tələbə tabe olaraq, evlərini tərk etdiklərini, onlara kompensasiya kimi verilən yeni mənzillərə köçdüklərini görür. Qeyd edək ki, həmin ərazidəki tikinti layihəsinin başında Bakı Şəhər İcra Hakimiyyəti dursa da, bəzi yerlər özəl şirkətlərə verilib.

AİHM-nin qərarından əvvəl

Ərizəçi əvvəl evindən çıxmaqdan imtina etsə də, sonralar ətraf evlərin dağıdıldığını və orda yaşamağın mümkünsüz olduğunu görür və mülkünü tərk etmək məcburiyyətində qalır. Son olaraq, evdən Ə.Axverdiyevin anası çıxır və elə həmin il (2009) yerli icra qurumları evi sökürlər.

Ə.Axverdiyev yerli məhkəmədə mülki iddia qaldıraraq, mülkiyyətinin ya əvvəlki halına gətirilməsini, ya da ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Yerli rayon məhkəməsi onun bu iddiasını rədd edir (2010). İşə baxan Appelyasiya məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlasa da, ərizəçinin beşotaqlı mənzil əvəzinə, daha kiçik mənzillə təmin olunması haqqında göstəriş verir. 2011-ci ildə işə Ali Məhkəmə baxır və aşağı məhkəmələrin qərarını qüvvədə saxlayır.

Ekspert ərizəçinin istədiyi məbləği çox görüb

Ə.Axverdiyevin iddiası ölkədaxili məhkəmələrdə uğursuzluqla nəticələndikdən sonra o, AİHM-nə üz tutur. 2015-ci il, yanvarın 29-da AİHM ərizəçinin mülkiyyətində olan evin və evə məxsus torpaq sahəsinin qanunsuz olaraq, əlindən alındığını əsas tutub, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusunu tanıyır. O vaxt ərizəçi ona dəymiş maddi ziyana görə bütünlükdə 550 000 manat, mənəvi ziyana görə 20 000 manat, məhkəmə xərclərinə görə 7 150 manat ödənilməsini tələb etmişdi. Lakin AİHM kompensasiyanın müəyyən edilməsinə hazır olmadığını bildirir və tərəflərdən hadisə ilə bağlı müşahidələrini məhkəməyə göndərməyi (üç ay ərzində) və kompensasiya sarıdan razılığa gəlsələr, bu barədə məhkəməni məlumatlandırmalarını istəyir. AİHM həm də tərəflərin razılaşdıqları eskpertin adının onlara göndərilməsini tələb edir.

Ancaq tərəflər nə kompensasiya məsələsində, nə də ümumi ekspertlə bağlı razılığa gələ bilirlər. Yalnız hər iki tərəf öz eskpertlərinin siyahısını göndərdikdən sonra AİHM onların arasından seçimini edir, müstəqil eskpert kimi “Z. Husseynov of ABAK-Az Crowe MMC”-ni seçir. Ekspert ona yollanan sualları cavablayandan sonra maddi ziyanla bağlı rəyini məhkəməyə göndərir.

AİHM-nin seçdiyi ekspert məhv olmuş əmlakın dəyərini 2009-cu ilə görə 114.915 manat, 2018-ci ilə görə 187.930 manat müəyyən edib. Bu rəydən sonra məhkəmə Ə.Axverdiyevə vurulan maddi zərərə görə 140.000 avro, mənəvi zərərə görə 3000 avro, məhkəmə xərclərinə görə 3000 avro, ekspert rəyinə görə 5900 avro müəyyən edib