AVROPA MƏHKƏMƏSİ DAHA BİR MÜLKİYYƏT HÜQUQU POZUNTUSUNU TANIDI

17.05.2019 / Dövlətə 55 min avro cərimə kəsilib

Bu dəfə məhkəmədə Gəncə sakini, mağazası dağıdılmış İlqar Hilal oğlu Məhərrəmov udub. Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) onun işiylə bağlı qərarını 2019-cu il, mayın 9-da verib. İ.Məhərrəmovun mülkiyyət hüququnun pozuntusu tanınıb, Azərbaycan hökümətinin kompensasiya ödəməli olduğu bildirilib.

İ. Məhərrəmovun mağazası 2004-cü ildə dağıdılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Attarlar və Nizami küçəsinin yenidən qurulması və genişləndirilməsini əsas gətirərək, İ. Məhərrəmovdan mağazadan çıxmağı tələb ediblər. Tələbləri yerinə yetirilməyəndə dükanı dağıdıblar.

12 illik mübarizə

Elə 2004-cü ildə İ. Məhərrəmov “Aysel-M” adlı özəl şirkətə sifariş verərək, mağazasının bazar dəyərinin hesablanmasını istəyib, mağazanın o zamankı dəyərinin 120 min ABŞ dolları olduğunu öyrənəndən sonra Xocavənd Rayon Məhkəməsində İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, mülkiyyət hüququnun pozulduğunu bildirib, ona mağazanın bazar dəyərinə uyğun kompensasiya ödənilməsini tələb edib. İcra Hakimiyyəti isə mağazanın dağıdılmadığını, onun kran vasitəsi ilə şəhərin bir başqa yerinə yerləşdirdiyini bildirib. Birinci instansiya məhkəməsi işə 2005-ci ildə baxıb və iddianı rədd edib. Appelyasiya Məhkəməsi də, Ali Məhkəmə də ərizəçinin iddiasını təmin etməyib.

2007-ci ildə İ.Məhərrəmov AİHM-ə şikayət edərək, qanunsuz və əsassız şəkildə, heç bir kompensasiya almadan mülkiyyət hüququndan məhrum edildiyini, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə görə mülkiyyət hüququnun pozulduğunu bildirib.

AİHM işə 2017-ci ildə baxıb və ərizəçinin mülkiyyət hüququnun olduğunu, mağazanın daşınmaz tikili xarakter daşıdığını və İcra Hakimiyyəti tərədindən qanunsuz dağıdıldığını təsdiqləyib. Ancaq məhkəmə dəymiş zərər barədə qərar verməyə hazır olmadığını elan edib, tərəfləri kompensasiyayla bağlı razılığa gəlməyə çağırıb.

Avropa Məhkəməsi hökumətin yox, ərizəçinin tələbini məqbul sayıb

Ərizəçi İ. Məhərrəmov əvvəl 90, 322 avro kompensasiya tələb etsə də, “xoş niyyət göstərərək”, axırda 50.000 avro istəyib. Lakin hökumət bu məbləğlə razılaşmayıb, ərizəçiyə dəymiş maddi zərərin 13.700-15.200 avro olduğunu bildirib.

2019-cu il, mayın 9-da verilən yekun qərar göstərir ki, Avropa Məhkəməsi ərizəçinin tələbini məqbul sayıb.

Bundan başqa, İ.Məhərrəmov mənəvi zərərin ödənməsi üçün 10 min avro tələb edib. Ancaq AİHM ərizəçiyə mənəvi zərərə görə 3 min avro, məhkəmə xərclərinə görə 1900 avro müəyyən edib.