Açıq Azərbaycan

Analitik Portal

190 MANAT ÜÇÜN MÜRACİƏTİN 3 QAYDASI

17.04.2020 / İşsizlər üçün ayrılan 190 manat müavinat üçün qeydiyyatın 3 yolunu təqdim edirik

Bu günlər ehtiyaclı vətəndaşların çoxu 190 manatlıq müavinəti ala bilmədiyindən şikayətlənir. Daha doğrusu, sosial müavinətin alınması, müraciət prosesinin çətinliyindən gileylənirlər. Ona görə də müraciət qaydalarının daha anlaşılan formada təqdim olunmasına ehtiyac var.

Birdəfəlik müavinətin alınmasının 3 qaydası var. Burda qaydalar asandan çətinə doğru bir-bir izah olunur ki, qeydiyyatdan rahat keçə biləsiz. Yenə hər hansı problem yaransa, bizimlə əlaqə saxlayın.

Birinci qayda - online müraciət

e-sosial.az saytına daxil olaraq, yuxarı sağ küncdə “Online müraciət” bölməsini seçirik. Həmin bölmə üzrə pəncərə açıldıqdan sonra şəxsiyyət vəsiqəmizin fin kodu və seriya kodunu daxil edirik. Əgər şəxsiyyət vəsiqəniz yeni nəsil şəxsiyyət vəsiqəsidirsə, onun seriya kodunu AA11111111 olaraq yazırsız. Köhnə şəxsiyyət vəsiqələrinin seriya kodunu yazarkən ancaq rəqəmləri qeyd etmək kifayətdir. Bundan əlavə, yaşadığınız rayonu seçmək və faktiki yaşadığınız ünvanı boş xanaya yazmaq lazımdır. Əlaqə nömrəsi hissəsinə daimi işlətdiyiniz telefon nömrənizi qeyd etmək gərəkdir. Nömrə sizin adınıza olmasa da, olar. Həyat yoldaşınız varsa, onun da şəxsiyyət vəsiqəsinin fin kodunu daxil etməlisiz. Bununla məlumatınızı təsdiq edərək, müraciətinizi bitirə bilərsiz.

İkinci qayda - online qeydiyyat

e-sosial.az saytında “e-xidmətlər” bölməsinə daxil oluruq. Daxil olduqdan sonra “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçirik. Daha sonra yeni pəncərə açılacaq ki, həmin pəncərədə qarşınıza “İstifadəçi FİN-i ilə”, “Asan imza” və “Elektron imza” bölmələri çıxacaq. Asan imzaya və elektron imzaya sahib deyilsəniz, “İstifadəçi FİN-i ilə” (FİN-Fərdi İdentifikasiya Nömrəsi) bölməsini seçin. FİN əldə etmək üçün “Qeydiyyat” bölməsinə daxil olun və burda sizdən 2 məlumatı daxil etməniz tələb olunacaq. Şəxsiyyət vəsiqəsinin kodunu və adınıza olan nömrəni qeyd edin. Daha sonra mobil telefonunuza gələn kodu qeyd olunan yerdə yazaraq, öz şifrənizi qeyd edin. Bununla qeydiyyatınızı bitirirsiniz. Qeydiyyatınızı bitirdikdən sonra istifadəçi FİN-i ilə daxil olun və “Məşğulluq” bölməsini seçin. “Məşğulluq” bölməsini seçdikdən sonra bir sıra məlumatları daxil edərək, müraciətinizi bitirə bilərsiniz.

Üçüncü qayda - zənglə müraciət

Əgər yuxarıdakı qaydaların ikisindən də yararlanırsız, ancaq müraciətiniz qeydə alınmırsa, sosial.gov.az saytına daxil olun. Səhifənin yuxarısında göstərilənlərdən “Müraciət” bölməsini seçin. Açılan pəncərədəki xanalardan sonuncusuna - “Əlaqə nömrələri” xanasına daxil olun. Yeni səhifə açılacaq və bu səhifədə “Məşğulluq Mərkəzləri” keçidinə tıklamaqla ölkə üzrə bütün mərkəzlərin nömrələri qeyd olunmuş siyahını görəcəksiz. Sizə uyğun rayon və ya şəhərin məşğulluq mərkəzinin nömrəsinə zəng edərək, 190 manatlıq müavinət üçün qeydiyyatdan keçə bilərsiz. Hər hansı problemlə qarşılaşdıqda 142 çağrı mərkəzinə zəng edə və ya Facebookdan bizə yaza bilərsiz.