Hafiz Babali

Investigative Journalist

DÖVLƏT QƏZETLƏRI: TIRAJ AZALIR, SUBSIDYA ARTIR

22.07.2020 / 3 qəzetə 2 milyon manat subsidiya ayrılıb

Sonuncu dəfə nə vaxt 40 qəpik ödəyib, məsələn, “Бакинский Рабочий” qəzeti almısız?

İndi köşkdən qəzet alıb oxuyanu gündüz çıraqla axtarsaz, tapmazsız. Oxuyan xəbəri, maraqlı məlumatı ya qəzetlərin internet səhifələrindən, ya da xəbər portallarından alır. Bəzi qəzetlər bu mühitə tab gətirməyib, müflisləşir və bağlanır, bəzilərinin isə tirajı aşağı düşür. Reklam gəlirlərindən danışmağa dəyməz: şirkətlər 10-15 ildir ki, qəzetlərə reklam yerləşdirmirlər. Bununla belə, dövlət qəzetlərə maddi yardım paketi ayırır. Və üç qəzet var ki, onlara verilən yardımlar milyonlarladır.

“Xalq Qəzeti”, “Respublika” və “Бакинский Рабочий” qəzetlərinə 2020-ci ilin büdcəsindən təqribən 2 milyon manat yardım ediləcək.

Dövlət qəzetlərə niyə yardım edir?

“Xalq Qəzeti”, “Respublika” və “Бакинский Рабочий” qəzetlərinin təsisçisi Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsidir. Hər üç qəzet “Azərbaycan” Nəşriyyatında çap olunur. Nəşriyyat hər il dövlət büdcəsindən “Dövlət sifarişlərinin yerinə yetirilməsi” xərc maddəsi üzrə böyük məbləğdə vəsait alır. Nəşriyyatın iqtisadiyyat şöbəsinin müdiri Afik Vəlimətov “Açıq Azərbaycan”a deyir ki, vəsaitlər hüquqi şəxs olaraq “Azərbaycan” Nəşriyyatına (VÖEN: 1300407191) ayrılsa da, təyinatı konkretdir: AR Prezidentinin İşlər İdarəsinin qəzetlərindən ötrü qəzet kağızının alınması, qəzetlərin çapı və redaksiyaların yerləşməsi xərclərinin maliyyələşdirilməsi. Bu pullardan digər məqsədlər, məsələn, əmək haqqını ödəmək üçün istifadə edilə bilməz. A.Vəlimətovun sözlərinə görə, büdcədən ayrılan vəsaitin məbləği redaksiyaların müraciəti əsasında, qəzetlərin həcminin (qəzet səhifələrinin sayının) böyüdüldüyünü bildirdiklərinə görə artırılır.

Dövlət qəzetlərinin tirajı

“Respublika” qəzeti 2014-cü ilin iyununda gündəlik 6206 nüsxə çap olunurdusa, 2018-ci ilin yanvar ayından bu günədək 4292 (azalma – 30,9%) tirajla çıxır. Yaxud, “Бакинский Рабочий” qəzeti 2014-cü ilin iyununda 4353 nüsxədə çap olunurdusa, bu gün tiraj 2581-ə (azalma – 41,8%) düşüb. “Xalq Qəzeti”nin də tirajı azalıb. Elə qəzetlərin səhifələrinin artdığını iddia etmək də şübhə yaradır. Müşahidə etsək, görərik, dövlət qəzetləri həftənin əksər günlərində 4 və ya 8, bəzən 12, nadir hallarda 16 səhifədə çap olunur.

Qəzetlərin həcm göstəricilərinin artdığını inkar edən dəlillərdən biri də Azərbaycana idxal olunan qəzet kağızının həcminin aşağı düşməsidir.

Qəzet kağızı həm ucuzlaşıb, həm də idxalı düşüb

Qəzet kağızının idxal göstəricilərindən göründüyü kimi, 2012-2015-ci illərdə Azərbaycana stabil olaraq, təxminən 3800 ton qəzet kağızı gətirilib. Sonrakı illərdə qəzet kağızı idxalı müxtəlif səbəblərdən (elektron və onlayn medainın inkişafı nəticəsində çap mediasına tələbin aşağı düşməsi, devalvasiya ilə əlaqədar vətəndaşların qənaət rejiminə keçməsi, KİV-lərdə alternativ fikrin getdikcə daha çox daraldılması və informasiya mənbəyi kimi çap mediasının əhəmiyyətinin azalması və s.) kəskin şəkildə azalıb. Düzdür, 2016-cı ilki minimumdan (2217,79 ton) bu yana qəzet kağızı idxalı ilbəil artıb. Lakin 2019-cu ilin göstəricisi (3010 ton) 2015-ci ildəkindən 22% azdır.

Ancaq nəşriyyata göstərilən maliyyə dəstəyi bu rəqəmlərlə mütənasib deyil. Məsələn, 2014-cü ildə dövlət büdcəsindən “Azərbaycan” nəşriyyatına 902 880 manat ayrılmışdısa, 2019-cu ildə bu göstərici 1 milyon 705 min 440 manata çatıb. 2018-ci illə müqayisədə maliyyələşdirmə 13,7% artıb. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, dövlət dəstəyi ilə dərc olunan qəzetlərin tirajı azalmaqdadır.

Digər tərəfdən, aşağıdakı cədvəldən də göründüyü kimi, bu illər ərzində qəzet kağızının qiyməti düşüb. Qeyd edək ki, qəzet kağızı idxal gömrük rüsumundan azaddır.

Diqqət çəkən məqamlardan biri isə “Azərbaycan” Nəşriyyatının maliyyə və əmlak vəziyyətinə dövlət nəzarətinin olmamasıdır. Sadə bir dəlil: Hesablama Palatası indiyədək nəşriyyatda bir dəfə də olsun, yoxlama aparmayıb. Dövlət əmlakının istifadə vəziyyəti, yaxud ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin auditi məqsədi ilə yoxlama olmayıb.

Xərci gəlirindən çox olan qəzetlər

Nəşriyyatın rəhbərliyindən “Açıq Azərbaycan”a 2018-ci ilin maliyyə nəticələrini açıqlayıblar. İl ərzində gəlirlər 2 milyon 325 min manat, xərclər isə 2,8 milyon manat təşkil edib. 2019-cu ilin əvvəlində dövlət nəşriyyatının ümumi zərəri 6,1 milyon manata çatıb. Ötən ilin əvvəlində “Azərbaycan” Nəşriyyatının aktivləri 24 milyon 855 min manat (azalma – 3,6%) olub. Bunun 223,3 min manatı debitor borcların payına düşüb http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/reklam-v-elanlar/item/23723-azaerbaydzan-naeshriyyati-muhasibat-balans.

Borclardan söz düşmüşkən... “Azərbaycan” nəşriyyatının binasının doqquzmərtəbəli inzibati hissəsinin faydalı sahəsinin təxminən 80 %-dən istifadə olunur. Rəsmi açıqlamaya görə, icarədar qəzet və jurnal redaksiyalarının bir hissəsi icarə haqlarını, eləcə də kommunal xidmətlər üzrə borclarını ya ödəmir, ya da ödəməkdə çətinlik çəkirlər. Kommunal xidmətlər üzrə öhdəlikləri borclu redaksiyaların əvəzinə “Azərbaycan” Nəşriyyatı ödəyir.