Open Azerbaijan

Analytic Portal

MƏHKƏMƏ RÖVŞƏN ƏKBƏROVUN EV DUSTAQLIĞINA KEÇIRILMƏSINDƏN IMTINA EDIB

16.07.2021 / Əkbərova qarşı 1 milyon 220 min manat məbləğində mülki iddia irəli sürülüb


Azərbaycan prezidenti İlham Əliyev və Rövşən Əkbərov

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun işi üzrə hazırlıq iclası keçirilib.

“Turan”ın məlumatına görə, o, 2001-ci ildə Kiyevdə biznesmen Elçin Əliyevin qəsdən qətlə yetirilməsində ittiham olunur.

Hazırlıq iclasında vəkillər bəzi şahidlərin, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun ifadələrinin iş materiallarından çıxarılması barədə vəsatət qaldırıblar. Əkbərovun müdafiəsinin iddiasına görə, onlar istintaqın əvvəlində bildiriblər ki, qətli kimin törətdiyini görməyiblər, ötən il isə Əkbərovu göstəriblər.

Müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb. Öz növbəsində zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Elçin Əsədov Əkbərova qarşı 1 milyon 220 min manat məbləğində mülki iddia irəli sürüb.

Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib, zərərçəkmişin nümayəndəsinin iddiası isə icraata qəbul edilib.

Məhkəmə dinləmələri iyulun 30-na təyin edilib. 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə biznesmen Elçin Əliyev bıçaqla qətlə yetirilib. Şahidlərdən biri və mərhumun anası birbaşa qatilin Rövşən Əkbərov olduğunu deyib.

O zaman bu hadisə ört-basdır edilib. Ola bilsin ki, 1994-cü və 1995-ci illərdə Bakıda və Gəncədə hökumət əleyhinə çıxışların qarşısının alınmasında Əkbərovun xidmətlərini nəzərə alıblar. Buna görə ona Milli Qəhrəman adı verilmişdi. 55 yaşlı Rövşən Əkbərov ordu korpusunun komandiri olub, Birinci Qarabağ Müharibəsində iştirak edib. O, ötən il 44 günlük müharibədən kənarlaşdırılıb. Şayiələrə görə, general bundan çox narazı qalıb və hakimiyyətdən izahat tələb edib.