Open Azerbaijan

Analytic Portal

HAKIM IŞDƏN ÖZÜ GEDIB, YOXSA GÖNDƏRIBLƏR?

07.05.2020 / Samir Talıbov hakim kimi çalışmaqdan yorulduğunu deyir, amma...

Son günlər sosial medianın əsas müzakirə mövzularından biri Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir. İctimai diqqətə səbəb, hakimin vəzifədən getməsindən təxminən on gün əvvəl çıxardığı qərardır. Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, sosial şəbəkələrdə əhalinin sosial-iqtisadi durumunun ağırlığına görə hökuməti, şəxsən prezident İlham Əliyevi tənqid edən Aqil Hümbətov haqqında qərardan gedir.

Küçələrdən plastik, karton tullantılar toplayıb çeşidləməklə ailəsini dolandırdığını deyən A.Hümbətov bu dəfə martın 29-da “Facebook” hesabından canlı yayımda hökumətin ünvanına ittihamlar səsləndirib. Ölkədə işsizlikdən, korrupsiyadan gileylənən A.Hümbətov xəstə uşağını müalicə etdirməyə pul tapmadığını bildirib. O, hökumətdən təkcə öz övladlarına yox, bütün uşaqlara müavinət verilməsini tələb edib.

Bir gün sonra -- martın 30-da A.Hümbətova mülki geyimli şəxslər hücum edib. Dediyinə görə onu Zirə qəsəbəsində, başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu, 1-ci polis bölməsinə aparıblar. Bir müddət sonra bölməyə gələn Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Aprelin 1-də xəstəxanadan buraxılan A.Hümbətov yenidən sosial şəbəkələrdə canlı yayıma çıxıb, başına gələnləri danışıb. Deyib ki, xəstəxanada onu iki gecə saxlayıblar, aprelin 1-də başqa korpusa aparıblar. Burda onun olduğu otağa bir nəfər gəlib, deyib ki, Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbovdur. A.Hümbətov, dediyinə görə, hakimə ailəsinin durumundan danışıb, uşaqlarının, xəstə övladının dərman ehtiyaclarından tutmuş, yaşadığı evdəki bərbad şəraitə qədər—bütün problemləri haqda məlumat verib. Bütün bunlara görə hökuməti, şəxsən prezident İ.Əliyevi tənqid etdiyini vurğulayıb: “Hakim də öz aləmində tövsiyələr verirdi ki, “Xalq Cəbhəsi Partiyasında olmaqla nə qazanırsan, çəkil bu yoldan…” Dedim ki, bəlkə sizlər üçün hər şey puldur, vəzifədir, amma mənim üçün insanlıqdır, ədalətdir…”

A.Hümbətovun dediyinə görə, hakim gedib, bir qədər sonra qayıdaraq, ona xəstəxanadan çıxacağını bildirib: “Sağ olsun, taksinin pulunu də özü verdi, dedi ki, məni aparıb evimə qoysun…”

Məhkəmə qərarı

Sonradan ortaya çıxan məhkəmə qərarından görünür ki, adıçəkilən hakim xəstəxanaya oranın baş həkimi Ağahəsən Rəsulovun ərizəsi əsasında gəlib. Baş həkim ərizəsində yazıb ki, A.Hümbətov martın 30-da xəstəxanaya 1-ci polis bölməsinin məktubu əsasında yerləşdirilib. Polisin məktubunda iddia olunub ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakılara qarşı əxlaqsız hərəkətlər edir (məsələn, küçədə şalvarını soyunur və s.), bununla əlaqədar yaşadığı Zirə qəsəbəsinin sakinlərinin ondan şikayəti var.

AXCP fəalı Aqil Hümbətov

Xəstəxanaya gətiriləndən sonra Həkim-Məsləhət Komissiyası onu müayinə edib, “şəxsiyyətin paranoyal tip pozuntusu” diaqnozu qoyub, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Və baş həkim məhkəməyə ərizə yazaraq, xahiş edib ki, A.Hümbətovun psixiatriya xəstəxanasında iradəsinə zidd olaraq, məcburi müalicəsi barədə qərar çıxarılsın. Amma hakim S.Talıbov baş həkimin ərizəsini təmin etməyib. Qərarda yazıb ki, A.Hümbətovun məcburi psixiatriya xəstəxanasında saxlanılması üçün kifayət qədər əsas göstərilməyib. Elə bu qərar əsasında da A.Hümbətov xəstəxanadan buraxılıb...

Aprelin 2-də onu yenidən tutub Maştağaya aparıblar. Məlum olub ki, baş həkim S.Talıbovun qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədov onun şikayətini təmin edib. Başqa sözlə, S.Talıbovun qərarı bir gün sonra ləğv edilib. Və A. Hümbətov hazırda psixiatriya xəstəxanasındadır.

Onu xəstəxanadan buraxan hakim S.Talıbovun səlahiyyətlərinə təxminən on gün sonra xitam verilib. Hakimə yaxın mənbələr bildirib ki, onun vaxtından əvvəl vəzifədən uzaqlaşdırılması AXCP üzvü haqqında verdiyi qərarla əlaqədardır. Məhkəmə-Hüquq Şurası S.Talıbovun səlahiyyətlərinə öz ərizəsi əsasında xitam verib, ancaq mənbə hakimin belə ərizə yazmağa məcbur edildiyini iddia eləyir.

Hakim S.Talıbov kimdir?

1980-ci il təvəllüdlü S.Talıbov 2009-cu ildən məhkəmə sistemində çalışır. O, öncə iki il Ali Məhkəmədə iclas katibi olub. Ardınca hakim köməkçisi işləyib. 2018-ci ilin dekabrında isə Sabunçu rayon Məhkəməsinə hakim təyin edilib.

Öncə Odlar Yurdu Universitetində “Yol hərəkətinin təşkili” fakültəsinin məzunu olan S.Talıbov beş il sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsində yazılıb ki, hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Bu müddətin sonunda onların fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə zamanı çatışmazlıq aşkar edilməsə, müddət uzadılır. S.Talıbovun 3 illik səlahiyyət müddəti 2021-ci ilin dekabrında başa çatmalıydı. Amma onun fəaliyyətinə 1 il 4 aydan sonra xitam verildi.

“Uşaqlıq arzusundan öz istəyi ilə imtina edib”

S.Talıbov hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin onun A.Hümbətov haqqında verdiyi qərarla əlaqələndirilməsinin əleyhinədir. O, bu məsələnin siyasiləşdirilməsinə də etiraz edir. Deyir ki, iş yükünün ağırlığına görə hakimlikdən getmək qərarına gəlib. Bu barədə fikirlərini o, “Facebook” hesabından paylaşıb:

“Sosial şəbəkələrdə, xüsusilə müxalifyönlü düşərgədə barəmdə həqiqətə uyğun olmayan, ucuz sensasiya yaratmaq xətirinə uydurma məlumatlar yayılır. Çirkin siyasi məqsədlər üçün adım hallandırılaraq, dövlətimizə, məhkəmə hakimiyyətinə və şəxsiyyətimə kölgə salmağa çalışırlar.

Hüquqşünas olmaq uşaqlıq arzum olub. Uzun illər məhkəmə orqanlarında fəaliyyət göstərəndən sonra özümü hakimlikdə sınamaq istəmişəm. Şəffaf təşkil olunmuş hakim seçkisində iştirak edərək, uğur qazanmışam.

Hakim kimi fəaliyyət göstərdiyim ilyarıma yaxın dövrdə bu vəzifənin şərəfli olması ilə yanaşı, həddindən artıq çətin və məsuliyyətli olduğunu da dərk etdim. Təkcə onu deyim ki, ötən il 1500-dən çox işə baxmışdım. Bu böyük iş yükü nəinki həvəs göstərdiyim elmi fəaliyyətlə, heç digər qayğılarımla da məşğul olmağıma imkan vermirdi. Ona görə götür-qoy edib, vəkillik fəaliyyətinə keçib daha sərbəst olmaq və elmi işimi davam etdirmək qərarına gəldim. Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan müraciətimə anlayışla və hörmətlə yanaşıldı, hakimlik səlahiyyətlərimə öz arzumla xitam verildi.

Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm. Onu da bildirim ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq, ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu hüquqi islahatlara bir hüquqşünas kimi hər zaman töhfə verməyə hazıram”.

Mayın 5-də günorta saat 15.00 radələrində sosial media hesabından bu fikirləri paylaşan sabiq hakim heç bir sutka keçməmiş onu yığışdırıb. Hətta fotosunu da çıxarıb.

Başqa suallar da var

S.Talıbov işin ağırlığına görə hələ ötən ilin sonundan öz arzusuyla getmək istədiyini deyir. Onun bu istəyinin məhz A.Hümbətov haqqında qərardan dərhal sonra gerçəkləşməsi suallar yaradır.

S.Talıbov təkcə 2019-cu il ərzində 1500-dən çox işə baxdığını iddia edir. Bu, bayram, istirahət günləri demədən, hər gün azı 4 işə baxıb, qərar çıxarmaq deməkdir. Bu nə dərəcədə reallığa uyğundur, söyləmək çətindir.

Sabunçu rayon Məhkəməsində S.Talıbovla birlikdə çalışmış mənbə bildirir ki, onun hakimliklə bağlı gözləntiləri özünü doğrultmamışdı, bu iş ürəyincə deyildi: “Ali Məhkəmədə hakim köməkçisi olmuşdu, o iş daha rahat idi. Gəlmişdi, həm işin ağırlığı vardı, həm də mühit, asılılıq və başqa səbəblər. Bir çoxlarının yanında gileylənmişdi. Şəxsən mən düşünürəm ki, getmək istəyib. Xəstəxana işi də gəlib düşüb ona, fikirləşib ki, onsuz da gedəcəm, ədalətli qərar verim. Amma bu birmənalıdır ki, onun səlahiyyətlərinə indiki məqamda xitam verilməsində bu işin də rolu olub”.

Mənbə yada salır ki, məhkəmə sistemində öz istəyilə hakimlikdən getmək istəyib, bu barədə ərizə yazan başqa hakimlər də olub. Amma onların ərizəsi qəbul edilməyib. Həmin hakimlərin səlahiyyət müddətinin başa çatmasını gözləyiblər. Misal olaraq, Nəsimi rayon Məhkəməsinin keçmiş hakimi Elmar Kərimovu, Yasamal rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadəni göstərmək olar.