Open Azerbaijan

Analytic Portal

MƏHKƏMƏ JURNALISTIN AZƏRTAC AGENTLIYINƏ QARŞI ŞIKAYƏTINI TƏMIN ETMƏYIB

16.07.2021 / Vəkil bildirib ki, o, bələdiyyə haqda tənqidi statusa görə işdən çıxarılıb


Aygün Əliyeva

Bu gün Bakı Apellyasiya Məhkəməsində AzərTAC Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyevanın işdən əsassız çıxarılması ilə bağlı şikayətinə baxılıb.

"Turan" agentliyinin məlumatına görə, o, apellyasiya şikayətində işə bərpa olunmasını və agentlikdə əmək fəaliyyətinə məcburi xitam verildiyi dövr üçün kompensasiya ödənilməsini xahiş edib. Onun vəkili Bəhruz Bayramov məhkəmədə bildirib ki, Əliyevanın işdən azad edilməsi onunla əsaslandırılıb ki, o, xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirməyib, mətnlərdə səhvlər edib.

Əslində isə o, Facebookda və bələdiyyə haqda tənqidi statusa görə işdən çıxarılıb, vəkil bildirib. Məsələn, Aygün Əliyeva bələdiyyə seçkiləri ilə əlaqədar öz profilində belə yazmışdı: "Mən niyə səsverməyə getməliyəm? Onlar heç bir zibil vedrəsi də quraşdırmayıblar". Bundan sonra ondan izahat yazmağı tələb edbilər. Özünün dediyi kimi, onun postunu az qala "dövlətə xəyanət" kimi qiymətləndiriblər.

Həmçinin Əliyevanı "iki uşaq dünyaya gətirməsi” barədə statusuna görə "təqsirli” biliblər. Bu, AzərTAC-ın korporativ etikasının pozulması kimi qiymətləndirilib.

Vəkil qeyd edib ki, jurnalist agentliyin rəsmi səhifəsində yox, öz şəxsi profilində yazıb və ona qarı iddialar əsassızdır. Müdafiə tərəfi bildirib ki, Əliyeva AzərTAC-da 20 ildən artıq işləyib və peşə fəaliyyətilə bağlı heç bir irad olmayıb.

AzərTAC-ın nümayəndəsi Mais Əliyev bildirib ki, 2019-cu ildə Əliyeva özü izahat yazıb ki, əgər işdə yol verdiyi səhvləri bir daha təkrar etsə, özü işdən çıxmaq barədə ərizə yazacaq.

Lakin Əliyeva bildirib ki, o, ərizəni təzyiq və təhdid altında yazıb. "Mən üç il buraxılış redaktoru işləmişəm, ondan öncə isə şöbə müdiri olmuşam. Yarım il redaktoru əvəz etmişəm. İspaniyada xüsusi müxbir kimi çalışmışam. İndi də deyirlər ki, mən işin öhdəsindən gələ bilmirəm? Mən üç il prezident müxbiri olmuşam, Mehriban xanımla, Heydər Əliyev Fondu, Nazirlər Kabineti ilə çalışmışam. Əgər savadsız müxbirəmsə, o zaman orada nə edirdim?", - bundan öncə Əliyeva Turan agentliyinə bildirib.

Nəticədə, məhkəmə şikayəti təmin etməyib. Vəkil Bayramov bildirib ki, bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. O, qeyd edib ki, Əliyevanın barəsində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (Ffkri ifadə etmək azadlığı) maddələri pozulub.

Vəkilin sözlərinə görə, jurnalist ifadə azadlığına, Facebookda yazılarına görə təqib olunur. Bundan öncə AzərTAC-ın direktor müavini Dağbəyi İsmayılov Turan-a bildirib ki, Aygün Əliyeva Facebookdakı yazılarına görə kənarlaşdırılmayıb.

Onun sözlərinə görə, Aygün Əliyeva texniki əməkdaş, daha sonra şöbə rəisi və xüsusi müxbir işləyib. "Məlumatı həmişə gecikdirməklə, düzgün, peşəkarcasına hazırlanmamış halda göndərib. Buna görə çox mübahisələr olub, çox toplantılar keçirmişik, hətta bir dəfə onu cərimə etdik. Məhkəmə məsələni obyektiv araşdırıb və qərar qəbul edib", - o, birinci məhkəmə instansiyasının qərarını şərh edərkən deyib.