Open Azerbaijan

Analytic Portal

ABŞ-DA AZƏRBAYCAN RƏSMILƏRINƏ QARŞI QANUN LAYIHƏSI

27.09.2017 / Konqresdə Azərbaycanda insan haqqları ilə bağlı qətnamə təqdim olundu

ABŞ konqresmenləri, respublikaçı Chris Smith və demokrat Jim McGovern sentyabrın 26-da Konqresə Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qanun layihəsi təqdim ediblər.

Bu barədə ABŞ Konqresinin saytında qətnamə dərc edilib: “Azərbaycan rejimi insan haqları fəallarını, müstəqil jurnalistləri və dini liderləri susdurmaq üçün işgəncə, siyasi motivli cinayət ittihamları, beynəlxalq adam oğurluğu və təhdidin başqa formalarından istifadəni davam etdirir”.

Konqresin Qlobal İnsan Haqları Palatasına sədrlik edən Chris Smith daha sonra bildirib ki, ölkələr arasında təhlükəsizlik və iqtisadi bağların mövcud olsa da, bu pozuntular diqqətdən kənarda qala bilməz.

Qətnaməmənin başqa müddəaları Birləşmiş Ştatlar hökumətini Azərbaycan hökuməti ilə əlaqələrdə Azərbaycanda insan haqları və təməl azadlıqların vəziyyətini rəhbər tutmağa çağırır. Həmçinin beynəlxalq aləmdə tanınan insan haqlarını pozan Azərbaycan rəsmilərini cəzalandırmaq məqsədilə Qlobal Magnitsky İnsan Haqları Hesabatlılığı qanununun (Global Magnitsky Human Rights Accountability Act) tətbiq edilməsi istənilir.

Bundan əlavə qətnamə Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyə, hesabatlılıq, demokratik dəyərlərə söykənən hakimiyyət üsul-idarəsi istəyənlərin hədəflənməsinə son qoymağa çağırır.

Qlobal Magnitsky Qanununun Azərbaycana aid versiyasına müəlliflik etmiş Chris Smith deyib ki, bu sənəd ABŞ-ın dünyada insan haqlarının müdafiəsində liderliyi üçün yeni era açıb və ABŞ rəsmi Bakıya münasibətdə bu alətdən istifadə etməlidir.

Viza qadağasından və aktivlərin dondurulmasından istifadə edən bu qanun insan haqlarını pozanların cəzalandırılmasını nəzərdə tutur.

Konqresmenlərin fikrinə görə, bu tədbirlər Azərbaycan hökumətindəki insan haqları pozucularının cəzasızlığına son qoymaq məqsədi güdür. Smith indiyədək Azərbaycanda insan haqları pozuntularına dair iki dinləmə keçirib.

Qətnamənin Azərbaycan dilində tam mətnini burada tanış ola və endirə bilərsiz.